“Hələ son sözümü deməmişəm” – İbad Hüseynovbackend

"Hələ son sözümü deməmişəm" - İbad Hüseynov

İbad Hüseynli: ”50 yaş az  yaş deyil. Çalışıram ki, sağlamlığımı qoruyum. Mənim üçün 50 illiyimlə bağlı ən böyük hədiyyə Qarabağın işgaldan azad  olunması olacaq” 

Yaradanın şah əsəri, yeganə şüurlu varlıq İnsandır. Ağıl sahibi, düşünən, iradə sahibi və məsul bir varlıq. Həyat hər bir insana özünün razılığı olmadan, xəbərsiz bir şəkildə Allah tərəfindən verilən lütfdür. Hər kəs dünyaya öz istəyi olmadan gələrək həyat adlı bir məfhumun necə də şirin nemət olmasının dərkinə varır. Hər bir insan istəyindən asılı olmadan yaşamının uşaqlıq, gənclik və qocalıq mərhələlərinin iştirakçısı olur. Eyni zamanda həmin mərhələlərə aid olan prinsip və qaydalara da tabe olmaq məcburiyyətində qalır. Uşaqlıq və yeniyetməlik dönəminin yalnız bir görüntüsü olan məktəb həyatı, gəncliyin tərkib hissəsi olan tələbəlik, daha sonra irəlidə insanı gözləyən iş həyatı, evlilik, qocalıq çağının təzahürləri və s.

Bu dünyada hərəmiz Tanrı tərəfindən qismətimizə düşən bir ömür payı yaşayırıq. Kimi az yaşayır, kimi çox yaşayır, kimi ona verilən ömür payına az baxır, kimi çox. İnsan ömrünün uzunluğunu isə yaşanmış illərin sayı ilə deyil, onun mənası ilə, əməlləri ilə ölçmək lazımdır. İnsanın hamı tərəfindən eyni məhəbbətlə sevilməsi, bu dünyanı tərk etdikdən sonra da hər zaman minnətdarlıq hissi ilə xatırlanması hər kəsə qismət olan xoşbəxtlik deyil. İnsan müəyyən zamanda və məkanda dünyaya gəlir. Bu, onun qismətidir.

Bu insanlardan biri də ömrünün ən gözəl, gənclik çaglarını vətənin müdafiəsinə həsr edərək fiziki sağlamlığını itirən,  qənimət ömür yaşayan, taleyinə minlərin, milyonların sevgisi yazılan, Azərbaycanda vətənpərvər, igidlik simvolu kimi  tanınan türk dünyasının qəhrəmanı İbad  Hüseynovdur. Bu yaxınlarda Tanrının ona bəxş etdiyi keşməkeşli, ağrılı, acılı ömrünün demək olar ki, 50 illini tam edir.

KONKRET.az yubiley yaşı ərəfəsində qəhrəmanımızla müsahibəni təqdim edir.

“BİZ O ZAMAN RAHAT NƏFƏS ALA BİLƏRİK, ŞƏHİDLƏRİMİZİN  RUHU, ANA-BACILARIMIZIN TƏHQIR EDİLMİŞ NAMUSU   BİZDƏN  RAZI OLSUN”

– İbad müəllim, 50 illik yubileyi ərəfəsində özünüzü necə hiss edirsiniz?

– Özümü qocalmış hiss eləmirəm  hələ (gülür). Mənim Qarabağ arzum, döyüşmək istəyim, Qarabağın işgaldan  azad olunmasını, qələbə sevincini görmək arzum, istəyim var.

– Bu gün Qarabağ məsələsi bildiyiniz kimi beynəlxalq aləmdə əsas məsələlərdən biridir. Bu konfliktin ədalətli həllində qardaş Türkiyənin iştirakını necə görürsünüz?

– Mən Qarabağda qanımı tökmüş bir adamam. Qarabağı hər an, hər dəqiqə düşünürəm.  Bunu sözlə ifadə etmək mümkün deyil. Türkiyənin fəal şəkildə Qarabağ məsələsinin həllinə girişməsi çoxdan arzulanan bir şeydir. Çünki bu məsələ elə bir səviyyəyə gəlib çıxıb ki, bu, artıq Azərbaycan çərçivəsində həll ediləcək məsələ deyil. Cənab Prezidentimiz bir müddət əvvəl bildirdi ki, Ermənistan özünə güvənirsə,  təkbətək danışaq. Qarabağ bir çox iri dövlətlərin maraqlarının toqquşduğu yerdir.

Ermənilərin arxasında məlum güclü dövlətlər dayanır. Yəni, bu,  tək iki dövlətə aid məsələ olsaydı, bu qədər mürəkkəbləşməzdi.  Bu gün dünyaya sözünü deyən, çox güclü bir bir orduya sahib   qardaş Türkiyə dövləti axır ki, öz iradəsini açıq şəkildə ortaya qoydu. İnsafən, Türkiyə həmişə bizimlə olub. Bu, 90-cı illərin Türkiyəsi deyil. İnanıram ki, yaxın zamanda hər şey öz ədalətli  həllini tapacaq.

– Bütün həyatınızı Qarabağa həsr etmisiniz: Həm döyüşdə, həm ictimai fəaliyyətinizdə. Ümumiyyətlə, Türkiyədən gözlənilən gözləntilər nə dərəcədədir?

– Mən həmişə deyirəm ki, erməni bizimlə türkük deyə döyüşüb. Biz türklüyümüzü unutsaq da, onlar bizə hər zaman xatırladıb. Ermənistan aydın məsələdir ki, Türkiyəylə bu oyunları oynaya bilməz. Türkiyənin Qarabağ məsələsində lazımi addımların atmasının zamanı yetişib. Bu yaxınlarda Türkiyə dövlət  adamları öz sözünü, fikirlərini, mesajlarını dünya  ictimaiyyətinə çatdırdı. Tovuz döyüşlərindən dərhal sonra böyük bir qoşun kontingentinin iştirakı ilə Azərbaycanda irimiqyaslı hərbi təlimlərin keçirilməsi və Türkiyənin heç zaman Azərbaycanı yalqız buraxmayacağı barədə verilən açıq bəyanatlar Qarabağ məsələsinin artıq həll ediləcəyi anlamına gəlir. Türkiyə hər zaman Azərbaycanın yanında olub, bundan  sonra da olacaq.

– Hal-hazırda sizi ən çox nə narahat edir?

– Təbii  ki, hamı kimi məni də narahat  edən işğal edilmiış torpaqlarımızın tezliklə azad edilməsidir. Mən həmişə bu fikirdə olmuşam ki, biz yalnız torpaqlarımızı azad etmək naminə döyüşməli deyilik. Biz qisasımızı almalıyıq. Cəngavər oğullarımız, igidlərimiz döyüşərək şəhid olublar. Onların qanını almalıyıq.Biz o zaman rahat nəfəs ala bilərik ki, şəhidlərimizin ruhu, ana-bacılarımızın təhqir edilmiş namusu bizdən razı olsun.

– Ümumiyyətlə, xaraktercə narahat və narazı insansınız. Sizi nə sevindirə bilər, nə  xoşbəxt  edər?

– Bilirsiniz, niyə narahatam, narazıyam. Gəncliyim, xoşbəxtliyim, ruhum Qarabağdadır.  Gözümün qarşısında neçə-neçə əsgərlərim, yaxınlarım, dostlarım şəhid oldu. Mən dildə deyil,  ürəkdə Qarabağ  deyənlərdən olduğum üçün rahatçılıqdan,  xoşbəxtçilikdən danışa bilmərəm.

Ruhumda, canımda, qanımda, hər sözümdə Qarabağ var mənim. Sağlamlığımı verdim Vətən yolunda. Mənim və bizim xoşbəxliyimiz ondadır ki, biz müstəqil dövlətdə yaşayırıq. Bu müstəqilliyimizi də, azadlığımızı da qurbansız əldə etmədik. 20  Yanvar hadisələri müstəqillik tariximizin yaddaşıdır. Bizim gənclərimiz Vətən üçün canlarını qoydular. Onlar bunu müstəqilliyimiz üçün etdilər. Biz müstəqil dövlətdə yaşayırıqsa,  bu, özü hər şeydir. Biz Vətəni yaşatdıq ki, Vətəndə yaşayaq.

– İbad Hüseynov özü haqqında nə deyə bilər?

– Mən deyim ki,  hər şey göz  qabağındadır…

– Ən son nə zaman ürəkdən gülmüsünüz?

– Yadıma düşmür. Nə qədər ürəkdən gülsəm də, o gülüşümün sonunda bir kədər olub həmişə. Hələ elə ürəkdən gülmək kimi bir haqqımız yoxdur deyə düşünürəm. Biz yaralıyıq. Bütün millətimiz əlildir. Bizim yaramız var. Bu millətin yarasını Qarabağın işgalı sağaldacaq.

– Xarakter olaraq özünüzü nə zaman güclü, nə zaman zəif sayırsınız?

– Mənim zəif nöqtəm Qarabağdır. Qarabağ hələ də işğal altındadır deyib, məni susdura bilirlər. Qarabağın adı çəkiləndə özümü zəif hiss edirəm. Hamımızı xəcalətli edən işğal edilmiş torpaqlarımızın hələ də azad edilməməsidir.

– Sizi  fikrinizdən daşındıra bilən, düşüncələrinizi dəyişdirə bilən nə  olar?

– Gəncliyimdən bu günə kimi heç kimin düşüncəsiylə addım atmamışam.

– Özünüzü şanslı hesab edirsiniz?

– Mən şanslıyam ki, Vətənə böyük fayda vermişəm. Mənim addımlarımla torpaq saxlamışıq. Düşmənin Kür çayına çıxmaq cəhdinin qarşısını almışam. Bunun mənimlə addımlayan kəşfiyyatçılar da yaxşı bilir. Zaman gələcək bunun nə demək olduğunu hamı başa düşəcək.

– Cəmiyyət tərəfindən sevilməyinizin səbəbi nədir?

– Cəmiyyət hər şeyi yaxşı görür. Mənim nələr etdiyimi xalq yaxşı  bilir, görür. Əsgərlikdə mən nələr etmişəm, bunu ordakılar yaxşı bilir. 1990-cı ildən hərbi xidmətdən hazır döyüşçü olaraq  gəldim. Bütün sahələrdə birinci idim. Avtomatda, idmanda, silahda, qaçışda, hər bir şeydə. Bütün şərəf lövhələrində şəkillərim var  idi. Qarabağa, gələn gündən də döyüşlərdə hər şey göz qabağında idi. Hərbi xidmətimi müharibəyə hazırlıq  kursu sayırdım.

1993-cü ildə yaralanmasaydım,  Qarabağın bir hissəsi yox, çox hissəsi bizdə ola bilərdi bəlkə də.

–  Müharibədən sonra da “müharibə” yaşamısınız, həm də kompüter arxasında.  Özünüzü Vətəndə təhlükədə hesab etmisiniz?

– Mən özümü təhlükədə hesab etməmişəm. Mənə dostlarım deyir ki, özünü qoru. Amma mən bilirəm ki, məni qoruyan qüvvə var. Mənə zərər gəlməyəcək. Heç nəyə baxmadan addımlayıram. Türkiyədə və olduğum bir çox ölkələrdə də. Rusiyada erməni deputatlarının gözünün içinə baxa-baxa Qarabağdan, işğal edilmiş torpaqlardan danışırdım.

– Sizi nə sarsıda  bilər?

– Məni heç bir zərbə qıra bilmədi. Bunu eləyə də bilməzlər. Amma cəhd etdilər, hələ də edirlər. Bunu edənlərə deyirəm ki, daha çox çalışsınlar. Onlar məni gücləndirirlər. Onlar özləri də bilmədən mənə yaxşılıq edirlər. Onlar düşünmürlər ki, dəmiri döyə-döyə poladlaşdırırsan.

– “Kaş ki” dediyiniz zamanlar çox olub?

– Bəli. Kaş ki, mənim o enerjili gənc vaxtımda bugünkü düşüncələrimin heç olmasa yarısı olardı. Belə olsaydı, çox şey qazana bilərdim. Gənc idim, fiziki baxımdan güclü idim, amma siyası baxımdan uzaqgörən deyildim. Mənim gücüm elədiklərimdən daha çox idi. Daha böyük şeylər edə bilərdim.

– İbad Hüseynov o gücü hardan alırdı?

– Bu gücü mənə verən mənə elə gəlir ki, Vətənə daha çox bağlılığım idi. Elə bil ki, hansısa qüvvə qoymurdu ki, mən dincəlim, yatım. Mənə elə bil deyirdilər ki, səndə bu potensial, bu güc var. Ətrafıma baxırdım, qabağa gedən  az idi. Hər kəs öz xeyri üçün qaçırdı. Mənim isə bir düşüncəm var idi. Maksimum dərəcədə Vətənə xeyir vermək.

– O zaman bəziləri vəzifə dalınca gedirdi, bəziləri pul, bəziləri silah. İbad Hüseynov düşünmürdü mən də nəsə edim deyə?

– Bizim hərbi hissədə ilk böyük təqdimat mənim üçün yazıldı. Mən dedim ki, mən vəzifə, ad üçün döyüşmürəm. Deyiləndə ki, sabah müharibə qurtarır, mən onda çıxıb gedərəm. Zaman gəldi, mənim komandamda olan döyüşçülərin hamısına rütbə verildi, mən bunun dalınca düşmədim. Mənim düşüncələrimdə Vətənə xidmətdən başqa heç nə olmayıb olmayıb.

– İbad Hüseynov həmişə güvəndiyi insanların ətrafında olub, yoxsa özünü çox zaman tənha hiss edib?

– Mənim güvəndiyim insanlar, dostlar çoxu şəhid olub. Bu mənim yaralı yerimdir. İndi  güvən, etibar  azalıb. Çox insanlar tanıdım, hər sifətdə    insan gördüm.

– Çətinə düşəndə hər insanın üz tutduğu biri olmalıdır. Sizdə necə?

– Mən  özümə üz  tuturam, gəncliyimə boylanıram, gəncliyim məni ayaqda   tutur. Allaha bağlı bir insanam. Bütün çətinliklərdən Allah məni qoruyur.

Mən müharibədən sonra uzun müddət müalicələr aldıım. 1997-ci ildə Bakıya gəldim. Vəziyyətimiz maddi baxımdam çətin idi. Dönər alıb yeməyə pulum yox idi. Allahım mənə elə fürsət verdi, şərait yaratdı ki, mən iş qurdum. Mən həmişə Allahdan istəmişəm mənə ruzu versin, mən də başqalarına verim. Allahım mənim dualarımı eşidib. Bu günə qədər də o  ruzu ilə yüzlərlə ailə dolanır.

– İbad müəllim, 2020-ci ildəyik. Sizin  50 illik yubileyiniz, beynəlxalq aləmdə qloballaşan korona virusu ilə eyni zamana təsadüf etdi. Bu haqda nə deyə bilərsiniz?

– Atalar məsəli var “elnən gələn dərd toy-bayram olar”. Bu da bir sınaqdı.  Dünya imtahana çəkilir deyək. Bizim də xalq olaraq koronadan daha böyük virusumuz var. Bizim virusumuz ermənilərdir. Qarabağımız işgaldan azad  etsək, dərdimiz, yaramız, ruhumuz, gücümüz, nəfəsimiz, enerjimiz qayıdacaq.

– 50 illik  yubileyiniz ərəfəsində demək istədiyiniz, ürəyinizdən keçən nəsə varmı?

– 50 yaş az  yaş deyil. Çalışıram ki, sağlamlığımı qoruyum. Mənim üçün 50 illiyimlə bağlı ən böyük hədiyyə Qarabağın işgaldan azadlığı olardı.  Qaldı  demək istədiyim sözə, mən son sözümü hələ deməmişəm.

– Dost dediklərimiz düşmən,  dogma dediklərimiz  ögeyləşdilər. İnsanlar nədən dəyişirlər?

– İnsan xislətində paxıllıq hissi güclüdür. O paxıllıq da insanları dəyişdirir. Müharibə vaxtıda, sonra da çox adam dost, qardaş deyirdi.  Amma əksəriyyət üzdə, öz mənafeləri üçün deyirlər. Hansısa  işləri düşəndə, nəsə lazım  olanda yadlarına düşürəm. Mən çox insanları tanıdım. Çox  yanlışların şahidi oldum. Dostluq başqadır.  Dost qardaşdan da irəli olmalıdır.

– Özünüz necə, dəyişmisiniz?

– Dəyişən insan deyiləm. Dəyişən insanlara qarşı da dəyişmirəm. Münasibətim əvvəldən necədirsə, olduğu kimi də qalır. Onlar dəyişə bilər. Mən dəyişmirəm…

Gülşən Behbud,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*