Bəzi insanlar HƏMAS-ı uzun illər dünya sionizminə qarşı və Fələstin xalqının azadlığı uğrunda çətin mübarizə aparan nəcib döyüşçülər hesab edirlər. Digərləri də eyni dərəcədə emosionallıqla onları cəlladlar və mülki insanlara hücum edən qorxaqlar adlandırırlar.
Oxucularımız arasında bu hərəkatın keçmişindən və bu günündən xəbərdar olanlar etiraf edək ki, azdır.
HƏMAS nədir və İsraildən nə istəyir?
HƏMAS (Hərəkat əl-Muqavama əl-İslamiyyə – İslami Müqavimət Hərəkatı) 1987-ci ildə yaradılıb. Onun tərəfdarları o dövrdə sülhə meylli olan Yasir Ərəfata barışmaz olan fələstinlilərdir. Məhz Ərəfatın dövründə Fələstin Azadlıq Təşkilatı (FAT) İsraillə sülh içində yaşamaq istəyirdi.
Hərəkatın yaradıcısı və mənəvi atası uğursuz idman karyerasından sonra həyatının çox hissəsini əlil arabasında keçirən İslam din xadimi Şeyx Əhməd Yasin olub. Bununla belə, o, əla təşkilatçı olub və Fələstin radikallarını birləşdirib, onların səylərini bildiyi istiqamətə yönəldə bilib. İsrail həbsxanasından sonra o, hətta ancaq kənar yardımla yaşayırdı, lakin möhkəm əli ilə döyüşçüləri idarə edirdi. Ancaq bu adamın təbii şəkildə ölməsinə icazə verilmədi. İsrailin baş naziri Şaronun şəxsən təşkil etdiyi raket hücumu nəticəsində Əhməd Yasin məsciddən çıxarkən öldürüldü.
Yəhudi dövlətini məhv etməyi qarşısına məqsəd qoyan HƏMAS təkcə İDF döyüşçüləri ilə deyil, mülki əhali ilə də döyüşür. Onun liderləri öz mövqelərini belə izah edirlər: onlar hesab edirlər ki, İsrailin hərbiləşdirilmiş cəmiyyəti var, burada hər kəs bu və ya digər şəkildə müharibə üçün çalışır. Və hər kəs öz fikrincə, cinayətkar olan hakimiyyətin seçkilərində iştirak edir. Ona görə də nə kişi, nə qadın, qoca, ahıl, cavan və körpəyə aman verilmir.
2006-cı ildə Fələstin Muxtariyyətində keçirilən seçkilərdə HƏMAS qalib gəldi, lakin hakim partiyanın rolu bununla kifayətlənmədi. Həmas hərbi diktatura qurmaq cəhdi etdi. Bu isə Fələstin Azadlıq Təşkilatından çıxan rəqib Fəth hərəkatı ilə silahlı qarşıdurmaya səbəb oldu.
O vaxtdan bəri Fələstin dövləti HƏMAS-ın dominantlıq etdiyi Qəzza zolağına və Fəthin hakim olduğu İordan çayının qərb sahilinə bölünüb. Onlar bir-biri ilə düşmənçilik edirlər.
HƏMAS-ın sərəncamında İsrail şəhərlərini vaxtaşırı vuran minlərlə qısa mənzilli raket var. Hərəkat iddia edir ki, mövcud olduğu illər ərzində onlar 1365 “Sion əsgəri”ni və eyni dərəcədə əhəmiyyətli sayda mülki vətəndaşı öldürüblər. Qrupun yaraqlıları pulemyotlarla təchiz olunub, onların zirehli və tank əleyhinə silahları var. Maliyyə imkan verir ki, onların fəal iştirakçılarına maaş versinlər, şəhid yaxınlarını mükafatlandırsınlar. Ona görə də cihadda iştirak etmək istəyənlərin axını azalmır.
HƏMAS rüşvətxorluğun kökünü kəsmək vədləri ilə seçkidə qalib gəldi. Onun populyarlığına ehtiyacı olan fələstinlilərə kömək edən xeyriyyə təşkilatları şəbəkəsi səbəb olur. Lakin onun əsas fəaliyyət sahəsi İsrailə qarşı müharibədir.
HƏMAS Fələstin diasporunun ianələri, bəzi Körfəz şeyxlərinin töhfələri hesabına maliyyələşir, eləcə də Yəmənlə İrandan pul və silah alır. Bundan əlavə, o, Misiri Qəzza zolağı ilə birləşdirən mürəkkəb tunellər şəbəkəsi vasitəsilə daşınan mülki mallara vergi tətbiq edib. Təşkilatın büdcəsi ən azı 70 milyon dollar qiymətləndirilir.
Təşkilat liderlərinin fikrincə, HƏMAS-ın son hücumuna səbəb İsrailin iqtisadi blokadası nəticəsində yaranan yoxsulluq, yəhudilər və fələstinlilər arasında son qarşıdurmalar və zəvvarların Əl-Əqsa məscidinə girişinə qoyulan məhdudiyyətlərdir.
KONKRET.az-ın ANALİTİK QRUPU