Həmin plastik cərrahla bağlı hökmdən şikayət verildibackend

Həmin plastik cərrahla bağlı hökmdən şikayət verildi

Bakıda burun əməliyyatından sonra vəfat edən Nəzrin Mansurlunun ölümünə görə həbs edilən cərrah Sənan Mehdiyevin barəsində hökmdən apellyasiya şikayəti verilib.

KONKRET.az bildirir ki, teleqraf-ın əldə etdiyi xəbərə görə, zərərçəkmiş N. Mansurlunun hüquqi varisi tərəfindən verilən şikayətdə S. Mehdiyevin cəzasının ağırlaşdırılması tələb olunub.

Yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılacaq.

Qeyd edək ki, Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Sənan Mehdiyev 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəməsi qərara alınıb.

Dövlət ittihamçısı Sahilə Mirişova Sənan Mehdiyevin 4 il 9 ay azadlıqdan məhrum edilməsini və 3 il həkimlik ixtisasından məhrum edilməsini istəmişdi.

İttihama görə, Sənan Mehdiyev 2025-ci ilin yanvar ayında Nəzrin Mansurlunu cərrahi əməliyyat edən zaman onun alın, xəlbir və ön çənə sümüklərinə əlavə sınıq xəsarətləri yetirməsinə səbəb olub.

İttihamda göstərilib ki, həkim apardığı vizual müayinənin nəticələrini yetərli hesab edərək əməliyyatın nəticələri haqqında tibbi tədbirlərin təyinatını dəqiqləşdirməyib və onun nəzarət altında qalmasını təmin etməyib.

Nəzrin Mansurlu 2025-ci ilin yanvarın 12-də vəziyyəti ağırlaşdığı üçün yerləşdirildiyi xəstəxanada aldığı xəsarətlərdən ölüb.

Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü Mansurlu Nəzrin Aydın qızının yanvarın 12-də ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən “Mərcan Medicare” adlı klinikada plastik cərrah işləyən Sənan Mehdiyev tərəfindən icra olunmuş rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması və yerləşdirildiyi klinikada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*