“Körpənin 40 çıxdı, “40-nı tökmək” kimi adlandırılan mərasiminin islam dini ilə heç bir əlaqəsi yoxdur. Bu adətlər dini rituallara deyil, adətən xalqın təcrübəsinə, böyüklərin tövsiyəsinə əsaslanır və onlara müqəddəslik donu geyindirirlər”.
KONKRET.az bildirir ki, bu fikirləri Lent.az-a açıqlamasında din xadimi Hacı Mircəfər Əyyubov söyləyib.
İnanclara görə, körpə doğumundan 40 gün sonra həyatının ikinci mərhələsinə qədəm qoyur. Bu mərhələdə artıq körpəni görməyə gələnlərin sayı artır, onun “çilləyə düşmək” kimi bir qorxusu olmur. İlk 40 gündən sonra kötpənin çimizdirilməsindən sonra onun yeni həyatı da başlamış olur və necə deyərlər, çöl-bayır üzü görməyə başlayır. Bəs həqiqətən körpə uşağın 40-ı var? Bu adət dində və tibdə əsaslandırılıbmı?
İctimaiyyət üzvləri, həmçinin din xadimləri də islamda körpənin 40-dan çıxması deyilən bir şeyin olmadığını bildirir. Körpə ana bətnindən ayrıldığı andan etibarən həkim və nəzarətçilər də daxil olmaqla onu onlarla insan görür. Ona görə də evə buraxıldıqdan sonra körpənin 40-lı adı altında qohum-əqrəbadan gizlədilməsi absurd fikirdir.
Hacı Mircəfər Əyyubov məsələyə münasibət bildirərək qeyd edib ki, müqəddəs adətlər daha tez qəbul olunduğu üçün insanlar təcrübədən keçirdikləri 40 çıxdı kimi bəzi ənənələri din adı altında təbliğ edirlər:
“Əlbəttə, 40 rəqəminin dində önəmli yeri var. Məsələn, islamda belə bir şey var ki, əgər insan bir vərdişi tərgitmək və ya özündə onu yaratmaq istəyirsə, 40 gün əməl etməlidir. Eyni zamanda, bir çox peyğəmbərə 40 yaşında peyğəmbərlik verilib. Bu kimi nümunələrin olması o demək deyil ki, uşağın 40 gün başqalarına göstərilməməsi dini adətdir. Dinimizdə bu məsələ ilə bağlı heç bir ayə yoxdur”.
Bəs uşağın doğulduğu andan 40 gün qorunma məsələsinin təbabətdə bir rolu varmı?
Əslində, təbabətdə qırx anlayışı yoxdur. Tibdə sadəcə doğuşdan sonrakı ilk 6 həftə (42 gün) zahalıq adlanan bir dövr var. Bu zahalıq dövrü ana orqanizminin 9 ay müddətində baş verən psixoloji və fizioloji dəyişiklərin geri dönüşü ilə xarakterizə edilir. Eyni zamanda yeni doğulmuş körpə bətn daxilindən bətnxarici həyata adaptasiya olur.
40 gün ərzində ana orqanizmində sözügedən dəyişikliklər isə bunlardır:
– Hamiləlikdən öncəki ölçülərinə geri qayıdır.
– Doğumdan sonra uşaqlıq daxilində mövcud olan yara səthi sağalmağa başlayır ki, bu da özünü 6 həftə ərzində fərqli şəkildə məsələn qanayaraq ifadə edir.
– Əgər ana normal doğuş edibsə, uşaqlıq yolunda yumşaq toxumalar yığılıb öz ölçülərinə geri qayıdır.
– Uşaq keysəriyyə yolu ilə dünyaya gəlibsə, bu müddət ərzində ananın əməliyyat yarası sağalır.
– Qarın əzələləri öz tonusunu geri qaytarmağa çalışır.
– Süd vəziləri böyüyür və ana südü ifraz etməyə başlayır.
Belə görünür ki, uşağı qırxdan çıxartmaq məsələsinin konkret olaraq nə tibbi, nə də dini izahı var. Sadəcə, Azərbaycan cəmiyyətinin qeyd etdiyi bu məclis kökü olmayan bir adət-ənənədir.