Ölkəmizdə fəaliyyət göstərən hərbi kolleclərə qəbul hər kəs üçün mümkün deyil. Bu təhsil müəssisələrinə yalnız müəyyən tələblərə cavab verən yeniyetmələr qəbul olunur. Bəs həmin şərtlər hansılardır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Azərbaycanda Bakıda, Gəncədə və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hərbi kolleclər artıq öz missiyalarını uğurla yerinə yetirir. Onun sözlərinə görə, bu kolleclərdə təhsil almaq istəyən xeyli gənc var və onların əksəriyyəti gələcək həyatlarını ordu ilə bağlamağı hədəfləyir.
Ekspert qeyd edib ki, hərbi kolleclərə qəbul olunan gənclər həm fiziki, həm də bilik baxımından müəyyən tələblərə cavab verməlidirlər:
“Bu kolleclərə hər kəs daxil ola bilməz. Ən birinci şərt fiziki cəhətdən sağlam olmaqdır. Eyni zamanda bilik səviyyəsi yüksək olmalıdır. Burada sırf hərbi yönümlü dərslər keçirilir və gənclər ilkin mərhələdən ciddi hazırlıqdan keçirlər”.
Üzeyir Cəfərov vurğulayıb ki, hərbi kolleclər gələcək hərbçi kadrların formalaşmasında ilk addım hesab olunur:
“Hərbi kolleci bitirən gənclər ali hərbi institutlara və ya Milli Müdafiə Universitetinə daxil olaraq xidmətlərini davam etdirirlər. İmtahanları uğurla verənlər ilkin rütbə alır və müxtəlif hərbi birləşmələrdə xidmətə başlayırlar”.
Onun sözlərinə görə, bu imkanlar təkcə Müdafiə Nazirliyinə aid deyil, eyni zamanda Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər güc strukturlarını da əhatə edir.
Ekspert əlavə edib ki, hərbi kolleclərdə təhsil alan gənclər üçün qanunvericiliklə müəyyən imtiyaz və güzəştlər də nəzərdə tutulub.
Aynurə İsmayıl
KONKRET.az

