Son günlər hərbi təlimlərə çağırışla bağlı məsələlər gündəmdədir. Bəzi vətəndaşlar təlim toplanışına dəvət olunduqları halda bu çağırışa laqeyd yanaşır və iştirak etmirlər. Maraqlıdır, belə hallarda vətəndaşın məsuliyyəti necə müəyyən olunur? Təlimə getməmək inzibati, yoxsa cinayət xarakterli pozuntu sayılır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, təlim toplanışından yayınmaya görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulur:
![]()
“Məsuliyyət var. Yəni, təlim toplanışından yayınma halında inzibati cəza verilə, həm də cinayət işi qaldırıla bilər. Bu, sənədin necə tərtib olunmasından asılıdır. Məsələn, əgər Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və ya Daxili Qoşunların döyüş tapşırığının yerinə yetirilməsi üçün təlimlər keçirilirsə, o zaman məsələ bir qədər fərqli qiymətləndirilir.
Əgər şəxs təlimdən üzrlü səbəblə yayınırsa, inzibati tənbeh və ya cərimə tətbiq edilir. Lakin çağırış rəsmi qaydada həyata keçirilirsə, vətəndaşın iş yeri və əməkhaqqı da qanunla qorunur. Yəni, o, təlim müddətində iş yerini itirmir və məvacibi saxlanılır”.
Üzeyir Cəfərov həmçinin bildirib ki, hazırda bu məsələyə dair yeni dəyişikliklərin müzakirəsi də gündəmdədir:
“Yeni dəyişikliklər etmək istəyirlər, yəqin ki, bu da müzakirə olunacaq. Mən bu dəyişikliklərin 50 faiz tərəfdarıyam. Çünki əgər şəxs təlimə çağırılırsa, onun iş yerində müəyyən çətinliklər yaranır. Dövlət və ya özəl müəssisə üçün bu, əlavə yük ola bilər”.
Ekspertin sözlərinə görə, əsgəri təlimlər rəsmi çağırış əsasında keçirilir və bu prosesə etinasız yanaşmaq qanun qarşısında məsuliyyət doğurur.
Aynurə İsmayıl
KONKRET.az
