Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə səfər edən Hindistanın baş naziri Narendra Modi ilə danışıqların məzmunu ilə bağlı ilk açıqlamasında jurnalistlərə bildirib ki, Hindistan və Ukrayna dörd fərqli sahədə əməkdaşlıq sənədləri üzərində razılaşıblar.
KONKRET.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bu sənədlər tibb, kənd təsərrüfatı, eləcə də humanitar və mədəni sahələrdə əməkdaşlığa aiddir.
“Reuters” xəbər verir ki, Zelenski Modinin səfərini tarixi səfər adlandırıb və Hindistanın baş naziri ilə ikinci Sülh Sammitini, Hindistanla ticarət və hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə etmək niyyətində olduğunu bildirib. Modi Ukrayna və Rusiyanı sülh danışıqlarına başlamağa çağırıb.
“Münaqişənin həlli yolunu yalnız dialoq və diplomatiya yolu ilə tapmaq mümkündür. Biz isə vaxt itirmədən bu istiqamətdə hərəkət etməliyik. Hər iki tərəf danışıqlar masası arxasına əyləşməli və bu böhrandan çıxış yolu axtarmalıdır”, – Reuters Modinin prezident Zelenski ilə birgə mətbuata qısa çıxışından sitat gətirib.
“Mən əmin etmək istəyirəm ki, Hindistan sülhə doğru irəliləmək üçün istənilən cəhddə fəal rol oynamağa hazırdır. Əgər şəxsən mən hər hansı bir rol oynaya bilsəm, bunu edəcəm, sizi bir dost kimi əmin edirəm”, – Modi deyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az