Hüquq azadlıqdan daha geniş anlayışdır – Ədalət və bərabərliyin ölçüsübackend

Hüquq azadlıqdan daha geniş anlayışdır – Ədalət və bərabərliyin ölçüsü

Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə millətindən, irqindən, cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqları konstitusiya ilə qorunur. Deməli, insan hüquqları beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericiliklə də tənzimlənir.

İnsan hüquq və azadlıqları ideyasının qədim kökü var və bu terminə yunan filosofları Platon və Aristotel də öz əsərlərində geniş yer verib. Zaman-zaman bu mövzu ətrafında geniş müzakirələr aparılıb. 17-ci əsr fransız filosofu və hüquqşunası Şarl de Monteskyönun “Qanunların ruhu” əsərində isə bu məsələ  geniş əks olunub. Əsərdə Monteskyö hüquqi dövlət və hakimiyyətin bölgü prinsipi konsepsiyasını irəli sürüb və hesab edirdi ki, vətəndaş cəmiyyətində siyasi azadlıq hüquqi dövlətin qurulmasında əsas rol oynayır. O, konkret olaraq siyasi azadlıq haqqında iki növ qanun olduğunu göstərirdi. Bunlardan birincisi dövlət quruluşuna münasibətdə siyasi azadlıq yaradan, ikincisi isə vətəndaşa münasibətdə siyasi azadlıq yaradan qanunlardır.

Deməli, siyasi azadlıqla vətəndaş azadlığı ideyası vəhdət təşkil edir və hər iki ideya ölkə vətəndaşlarının təhlükəsizliyi üçündür.

Nəzərə almalıyıq ki, müasir dünyada  insan hüquq və azadlıqları deyilən anlayışa cəmiyyətlərdə fərqli yanaşılır. Əslində isə hüquq və azadlıq dedikdə insanın ayrılmaz parçaları, tamamlayıcı ünsürlər nəzərdə tutulur.

Azadlıq-insanın kənardan  hər hansı təzyiq, əngəl ya da müdaxilə olmadan bəlli bir davranışını öz iradəsi ilə tənzimləməsi formasıdır. Hüquq isə azadlıqdan daha geniş anlayışdır. Hüquq-ədalət və bərabərlik normativlərinin ölçüsü olmaqla insanın bir davranış ya da hərəkət edə bilmə, bir davranış ya da hərəkətdən qorunma və bir imkan ya da mümkün şərtdən yararlanma səlahiyyətidir.

Bütün bunlarla yanaşı, vətəndaşların hüquqi və siyasi mədəniyyətinin artırılması məsələsi də  geniş rol oynayır. Ön planda maarifləndirmə işi dayanır və əsas yük KİV-in üzərinə düşür. Bu sahədə vətəndaş cəmiyyəti də fəal olamalıdır. Hüquqi və siyasi müstəvidə aparılan maarifləndirmə tədbirlərində vətəndaşların sosial fəallığı ön planda durmalıdır. Bu istiqamətdə görülən işlərin səmərəsi  isə müəyyən vaxtdan sonra öz bəhrəsini verəcək.

Vətəndaşların sosial-siyasi aktivliyinin artırılması ictimai və dövlət maraqlarının qorunması kimi önəmli işdə fəallaşmalarına  səbəb olacaq. Dövlət maraqlarını qorumaq isə məktəblərdən başlayır. İlikn olaraq uşaqlara ictimai və dövlət  maraqları anlayışı izah olunur və onun necə qorunması, müdafiə olunması öyrədilir.

İctimai və dövlət maraqları geniş anlayışdır və bunu hərtərəfli öyrənmək vacibdir.

Azərbaycanda ictimai və dövlət maraqlarının müdafiəsi dövlət siyasətidir və uğurla yerinə yetirilir. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət var və bunlar da tənzimlənir. Vətəndaş bilməlidir ki, dövlət maraqları şəxsi və ictimai maraqlardan öndədir. Vətəndaş qəbul etməlidir ki, dövlətin mənafeyi daim qorunmalıdır. Vətəndaş anlamalıdır ki, dövlət maraqları qorunmadan ictimai maraqlar təmin oluna bilməz.

Deməli,mövqeyindən asılı olmayaraq, hər kəs dövlət maraqlarını üstün tutmalı, onu müdafiə etməlidir.

Vəli Həsənov

KONKRET. Az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” mövzusuna uyğun olaraq dərc edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*