Azərbaycanda dövlət idarəçiliyində “məmur imtiyazı” məsələsi yenidən gündəmə gəlib. Bəs, həqiqətən icra hakimiyyətləri “kiçik feodallıqlar”a çevrilibmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, bu problem təkcə icra başçıları ilə məhdudlaşmır.

“Mən deməzdim ki, təkcə icra hakimiyyətləri kiçik feodallara çevriliblər. Nazirliklər, komitə rəhbərləri, regional şöbələr – hamısı eyni vəziyyətdədir. Ümumiyyətlə, Azərbaycanda “məmur” anlayışı itib. Vəzifəyə bir xidmət, öhdəlik kimi yox, imtiyaz, status, titul kimi baxılır,” – deyə Abbaslı vurğulayıb.
Partiya sədrinin sözlərinə görə, icra hakimiyyətləri daha çox gözə dəyir, çünki konkret bir rayonun idarəçiliyinə cavabdehdirlər. Lakin digər dövlət strukturlarında da eyni münasibət hökm sürür:
“Guya bələdiyyə sədrləri, baş həkimlər və digər idarə rəhbərləri fərqli davranır? Vəzifəlilər özlərini imtiyazlı, toxunulmaz təbəqə kimi görürlər, sanki Hindistandakı kimi “ali kasta”dırlar. Bu da idarəetmədə məsuliyyətsizliyə gətirib çıxarır.”
Tural Abbaslı hesab edir ki, problemin kökündə psixoloji və sistemli dəyişikliklər dayanır. Onun fikrincə, təkcə icra hakimiyyətlərinin ləğvi vəziyyəti düzəltməyəcək:
“Bəziləri düşünür ki, icra hakimiyyətlərini ləğv edib prezidentin səlahiyyətli nümayəndələrini təyin etmək çıxış yoludur. Ancaq belə deyil. Psixologiya dəyişməlidir. Hakimiyyət strukturlarında müxalifətin nəzarət və tənqid funksiyası təmin olunmalıdır. Məsələn, icra başçısının müavinlərindən biri müxalifətdən ola, yaxud digər idarələrdə müxalifətin namizədləri nəzarət funksiyasını yerinə yetirə bilər. Belə olsa, heç bir icra başçısı özünü toxunulmaz hesab etməz.”
Ağ Partiya sədrinə görə, bu mexanizm həm şəffaflığı, həm də məsuliyyət hissini artırar, çünki məmurlar bilərlər ki, onların fəaliyyəti ictimai nəzarətdən kənarda qalmayacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
