Dünyanın çox mürəkkəb, ziddiyyətli dövründə Azərbaycan yenidən diqqəti paytaxt Bakıya cəlb etməyi bacardı.
Koronovirus pandemiyasının səbəb olduğu ikiillik fasilədən sonra özündə 3 mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsində 30-dan çox ölkədən 300-dək şirkətin iştirak etməsi ölkəmizin dünyanın enerji birliyində mühüm yerini göstərən amildir.
Tədbir çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılış mərasimində dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərin bir araya gətirılməsi ölkəmizin xarici siyasətdə güclü mövqeyini, nüfuzlu dövlətlərlə möhkəm tərəfdaşlıq əlaqələrini, Qərbin Azərbaycanla münasibətlərə necə böyük əhəmiyyət verdiyini bir daha nümayiş etdirdi. Bu addım həm də “Əsrin müqaviləsi”nin 30 illik yubileyinə də mühüm töhfədir.
Yeri gəlmişkən, Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Rassel Teylorun “Azərbaycan koronavirusa qarşı mübarizədə çox ayıq-sayıq olmuşdur və nəticə etibarilə hazırda əhalinin peyvəndlənməsi baxımından aparıcı ölkələrdən biri kimi çıxış edir və məhz buna görə biz bu gün bu tədbiri keçirə bilirik” fikri ölkəmizin bütün həssas məsələlərə necə böyük məsuliyyətlə yanaşdığından xəbər verdi.
Hər zaman olduğu kimi, dünyanın ən parlaq siyasətçilərindən və dövlət xadimlərindən biri hesab olunan Prezident İlham Əliyevin açılış mərasimində çıxışı mühüm siyasi mesajlarla zəngin oldu.
Dövlət başçımız ilk növbədə nəzərə çatdırdı ki, Xəzər Neft və Qaz Sərgi və Konfransı 33 il əvvəl müstəqilliyini yenicə qazanmış, bir çox çətinliklərlə üzləşmiş, ərazisinin əhəmiyyətli hissəsi işğal olunmuş və bir çox çağırışlarla üzləşmiş Azərbaycanın siyasi-iqtisadi həyatında çox əhəmiyyətli rol oynayıb. O, Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışını, “Şahdəniz” yatağının kəşfiyyatına başlanılmasını, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verilməsini, Azərbaycan qazının ilk dəfə olaraq Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başlamasını, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinə müvəffəq olunmasını mühüm tarixi və əlamətdar hadisə adlandırdı. “Bu, neftin beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə idi. Həmin vaxtdan etibarən, Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə ki, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında bacarığımızın təzahürüdür. Həmçinin bu layihələr çox mürəkkəb siyasi mühitdə həyata keçirilmişdir”.
O, xatırladıb ki, yeni marşrut ölkəmizin Türkiyə və Gürcüstanla regional əməkdaşlığını gücləndirsə də, dövlətimizin planı qlobal enerji layihəsini həyata keçirmək idi: “Təbii ki, biz Azərbaycanın nəhəng qaz ehtiyatlarını istifadə etmək istəyirdik və əlbəttə, bu məqsədlə bizə yeni boru kəməri lazım idi. Mən deyərdim, XXI əsrin boru kəməri – Cənub Qaz Dəhlizinə ehtiyac duyulurdu. Cənub Qaz Dəhlizin 2020-ci ilin sonuncu günündə uğurla tamamlanması ümumi iradəmizi, komanda daxilində işləmək və böyük uğurları qazanmaq bacarığımızı nümayiş etdirir. Bir çox ölkələri keçən, dənizin dibindən tutmuş uca dağ zirvələrinə qədər gedən 3500 kilometrlik vahid boru kəmərləri sistemi qüdrətimizin və dostluğumuzun təzahürüdür. Buna görə, Azərbaycanın ilkin mərhələdə başlatdığı enerji layihələri regional əməkdaşlıq üçün çərçivə yaratdı və onlar hazırda qlobal enerji layihələrinə çevrilib”.
Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin – Türkiyənin, Gürcüstanın, Bolqarıstanın, Yunanıstanın, Albaniyanın, İtaliyanın hökumətlərinə fəal əməkdaşlıq etdiklərinə görə təşəkkürünü bildirən və onlarla fəal dialoqun davam etdirildiyini vurğulayan İham Əliyev hazırda yeni çağırışların və tələbatların olduğunu nəzərə alan Azərbaycanın artıq digər potensial istehlakçı ilə danışıqlar prosesində olduğu xəbərini də tədbir iştirakşıları ilə bölüşüb.
Bu məqamda o, mühüm bir məsələyə diqqəti cəlb edib: “Lakin bunun üçün yalnız bizim səylər kifayət olmayacaq. Avropada infrastruktura, yeni interkonnektorların tikintisinə yatırımlar olmalıdır və yeni şərtlər üzərində razılıq əldə edilməlidir. Çünki hamımız bilirik ki, qaz biznesində siz birincisi qazı satırsınız, müqaviləni imzalayırsınız, sonra isə, sərmayə yatıraraq hasilata başlayırsınız”.
İlham Əliyev həm də Amerika Birləşmiş Ştatlarının və Birləşmiş Krallığın hökumətlərinə təşəkkürünü bildirməklə bu iki dövlətlə Azərbaycanın münasibətlərinin yüksək səviyyədə olduğuna diqqəti çəkib. Əlbəttə, dövlət başçımız bunu söyləməklə erməni lobbisini və onları dəstəkləyən çevrələri çox məyus edib: “Onlar (red. – ABŞ və Birləşmiş Krallıq) enerji siyasətimizin və fəaliyyətimizin bütün mərhələlərində bizə hər zaman böyük dəstək veriblər. Biz həmin böyük dəstəklə bu nəticələrə nail ola bildik”.
Cənub Qaz Dəhlizini maliyyələşdirmiş bütün beynəlxalq maliyyə təsissatlarına minnətdarlığını bildirən Prezident İlham Əliyev bu bankların Azərbaycanın yeni planlarının həyata keçirilməsinə, xüsusilə də Trans-Adriatik boru kəmərinin genişləndirilməsinə də maliyyə dəstəyi verəcəklərinə ümid etdiyini gizlətməyib.
Dövlət başçımız qeyd edib ki, Azərbaycan hökuməti “TANAP”ın genişləndirilməsi haqqında da düşünə bilər. “Çünki, mən artıq dediyim kimi, Azərbaycan qazına tələbat artır, bunun uçun potensial var, siyasi iradə var. Beləliklə, biz təbii qazın nəqli ilə bağlı infrastruktur imkanlarımızın potensial tələbatın səviyyəsinə gətirilməsi üçün vaxt itirməməliyik. Burada yalnız TAP deyil, həm də Cənubi Qafqaz boru kəməri və TANAP sürətli qaydada genişləndirilməlidir və biz bunun üzərində çalışırıq”.
Dövlət başçımız Azərbaycanla Avropa Komissiyası arasında məhsuldar əməkdaşlığa və Avropa İttifaqı ilə enerji dialoquna da toxunub. “Bu da, “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında vacib rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasında da mühüm rol oynayacaq. Biz bununla bağlı Avropa Komissiyası ilə daimi təmasdayıq və cari ilin fevral ayının əvvəlində Bakıda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı və bizim energetika naziri arasında aparılmış müzakirələr nəticəsində Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqunu yaratdıq. Gündəlik olduqca genişdir, buraya neft və qaz kimi ənənəvi sahələr daxildir. Bununla yanaşı, elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də gündəmdədir. Hesab edirəm, geniş spektrli mövzular və bu məsələlərdə fəal əməkdaşlıq bizə imkan verəcək ki, ixrac üçün daha çox qaz həcmlərimiz olsun”.
O, yenilənən enerji sahəsində Azərbaycanın çox gözəl nəticələr nümayiş etdirdiyini, ölkəmizin tərəfdaşlarından da öz öhdəliklərinə hörmət etməyi gözlədiyini söyləyib: “Çünki biz artıq özümüzü etibarlı ölkə olaraq təsdiq etmişik, o ölkə ki, öz öhdəliklərinə hörmət edir. Qeyd etmək istəyirəm ki, hasilatın pay bölgüsünə dair 1994-cü ildə xarici şirkətlərlə imzalanmış ilk sazişdən bu günə qədər müqavilələrdə bir söz belə dəyişdirilməyib. Bu isə bizim mövqeyimizin təzahürüdür. Biz öz öhdəliklərimizə hörmət edirik və tərəfdaşlarımızdan öz öhdəliklərinə hörmət etməyi gözləyirik”.
Dövlət başçımızın çıxışında Azərbaycanda olan siyasi və iqtisadi sabitliyə, neft, qaz və elektrik enerjisi ilə bağlı infrastrukturun yaradılmasında gözəl nəticələrə, Xəzər dənizinin, içğaldan azad olunmuş ərazilərdə, xüsusilə Kəlbəcər və Laçının enerji potensialına, Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim etməsinə, SOCAR və BP-nin azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə etdiyinə xüsusi diqqət verilib. Bu amillərin vəhdətinin, o cümlədən enerjinin səmərəliliyinin və bizim şəbəkəmizdə itkilərin aradan qaldırılması nəticəsində qaz ixracının artırılmasını Azərbaycanın hədəfi adlandırıb. “…əminəm ki, biz buna nail olacağıq. Çünki bu günədək planlaşdırdıqlarımızın hamısı reallaşıb. Yalnız neft və qaz sahəsində yox, hökumətimiz bütün planlarına nail olub. Biz bütün bunlara maksimal dərəcədə səmərəliliklə nail olmuşuq”.
O, Azərbaycanın mühüm tranzit ölkəsi qismində potensialının təchizatçılar tərəfindən düzgün qiymətləndirilmədiyini təəssüflə vurğulayıb. “Hesab edirəm ki, bu gün artıq onlar fikirlərini dəyişiblər. Çünki hər kəs anlayır ki, şaxələndirmə enerji təhlükəsizliyinin başlıca amillərindəndir. Biz isə enerji strategiyamızın həyata keçirilməsinin ilk günündən etibarən şaxələndirmə üzərində çalışmışıq”.
Şaxələndirilmiş ixrac marşrutlarına malik Azərbaycanın Avropaya da elektrik enerjisi ixrac etməyi planlaşdırdığını, Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istədiyini bildirib. “Bu da yalnız yüklər üçün deyil, elektrik enerjisi üçün mühüm ixrac marşrutu ola bilər. Biz işlərə başlamışıq və bu istiqamətdə investisiya ilə bağlı artıq praktiki addımlar atırıq”.
Prezident vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlərə mühüm əməkdaşlıq mesajı ünvanlayıb: “Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub. Dünyada geosiyasi vəziyyətin bir neçə ay bundan öncə ilə müqayisədə kəskin şəkildə fərqli olduğu bir vaxtda istənilən ölkədən olan hər bir şirkətlə əməkdaşlıq etməyə hazırıq”.
Təqdirəlayiqdir ki, ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman və Böyük Britaniyanın biznes, enerji və təmiz inkişaf üzrə dövlət naziri Qreqori Uilyam Hends ölkəmizlə olan münasibətlərə yüksək dəyər verdiklərini bir daha təsdiqləyiblər.
“Ölkələrimiz uzun müddətdir ki, yaxın tərəfdaşdırlar və Cənubi Qafqazda müstəqillik və demokratiyanı Amerika Birləşmiş Ştatlarından çox heç kim dəstəkləmir. Azərbaycan regionda enerji təhlükəsizliyinin irəliləməsində güclü tərəfdaş olmuşdur. Amerika Birləşmiş Ştatları həm də bizim mühüm iqlim məqsədlərinə dəstək olan etibarlı enerji mənbələrinin yaradılması strategiyaları üzərində Azərbaycanla işləməyə davam etmək əzmindədir”, – deyə xanım Loxman söyləyib və ABŞ dövlət başçısı Co Baydenin məktubunu təqdim edib.
Qreqori Uilyam Hends isə bildirib ki, bu tədbir Avropanın enerji təhlükəsizliyi və iqlimimiz üçün mühüm vaxta təsadüf edib: “Biz Ukraynanın Rusiya tərəfindən işğalı səbəbindən qarşılaşdığımız qeyri-adi vəziyyəti dərk edirik. Bu yeni reallıq bizim enerji sahəsində qarşılaşdığımız mühüm seçimlərə diqqət çəkir. Biz təmiz enerji istehsalı və sıfır karbon tullantıları olan iqtisadiyyata keçidi sürətləndirmək üçün indi hər zaman olduğundan daha çox birlikdə çalışmalıyıq. Bu gün Azərbaycan Gürcüstan, Türkiyə və Avropadakı tərəfdaşları üçün etibarlı və sabit təbii qaz təchizatçısıdır. Azərbaycandan başlayan Cənub Qaz Dəhlizi mühüm nailiyyəti əks etdirir. Cənub Qaz Dəhlizinin genişlənməsi Avropaya qaz təchizatının şaxələndirilməsini dəstəkləyəcək. Biz kömürdən imtina edərək təmiz enerjiyə keçərkən təbii qaz həlledici rol oynamaqda davam edəcək. Ötən il Birləşmiş Krallığın sədrliyi ilə keçirilən COP26 İqlim Dəyişikliyi Konfransında biz ciddi öhdəliklərin şahidi olduq. Biz Azərbaycan hökuməti də daxil olmaqla, tərəfdaşlarımızın COP26-da üzərlərinə götürdükləri öhdəlikləri alqışlayırıq və iqlim dəyişikliyi ilə mübarizədə daha çox səylərin göstərilməsini səbirsizliklə gözləyirik.
Birləşmiş Krallıq, həmçinin təmiz enerjiyə keçidlə bağlı Azərbaycanın öhdəliyini alqışlayır”.
Xatırladaq ki, artıq həftə ərzində ABŞ dövlət başçısı Bayden Azərbaycana iki məktub ünvanlayıb. Onun bu addımı Azərbaycan–ABŞ münasibətlərinin pozulduğunu iddia edənlərə əsl cavabdır. Bu, həm də onu göstərir ki, ölkələrimiz arasında əlaqələri pozmağa çalışan erməni lobbisi və onları dəstəkləyən çevrələr heç nəyə nail ola bilmədilər ABŞ bundan sonra da Azərbaycan–Ermənistan münasibətlərində neytrallığını qorusa, Bakı–Vaşinqtion əlaqələrinin daha da inkişaf edəcəyi heç bir şübhə doğurmur.
Xatirə SADİQ,
KONKRET.az