Ermənilərin Basarkeçər istiqamətindən Kəlbəcərdəki Azərbaycan mövqelərini atəşə tutması vaxtaşırı xarakter almaqdadır. Sadə vətəndaşlar bunu Kəlbəcərdəki qızıl yataqları ilə əlaqələndirir. Politoloqlar isə növbəti erməni təxribatı, Zəngəzur dəhlizinə əngəl olmaq cəhdi, status-kvonu saxlamaq, sülhün imzalanmasını yubatmaq kimi dəyərləndirirlər.
KONKRET.az xəbər verir ki, Ermənistanla sərhəddəki gərginlik azərbaycanlıların Laçın yolunda keçirdiyi etiraz aksiyası ilə də bağlıdır. Çünki mitinqə görə onların Xankəndiyə silah daşımaq qanunsuzluqlarında fasilə yaranmış olur. Hər halda belə mənzərə yaranıb.
Amma sən demə ermənilərin BMT və Avropada saçyoldu ilə fəğan etdikləri təcili yardım maşınları da silah daşıyırmış. Bundan başqa, qondarma rejim rus sülhməramlılarının qarşısında belə bir tələb qoyub:
“Bizim icazəmiz olmadan azərbaycanlıları Qarabağın dağlıq hissəsinə buraxmayın”.
Burada deyiblər də – “yersiz gəldi, yerli qaç”. Gəmiyə minib gəmiçilə dalaşmaq kimi deyimlər elə ermənifason siyapırlara görə yaranıb. Bunlar özlərini hazırda qondarma şəkildə yaşadıqları zonanın köklü əhalisi sayır və uydurmanı dünyaya sırımaqla məşğuldurlar. Ona görə də bəzən rəsmi Bakının xatırlatmaları yerinə düşür. Elə Xarici İşlər Nazirliyinin bu məlumatı kimi:
“Dağlıq Qarabağ əhalisi” anlayışı mövcud deyil. Keçmiş “Dağlıq Qarabağ”ın azərbaycanlı əhalisi məhz Ermənistanın bədnam etnik təmizləmə siyasəti nəticəsində bu ərazilərdən qovulub və hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan erməni sakinlər əhalinin bütün seqmentlərini təmsil etmir”.
Politoloq Yeganə Hacıyeva da bugünlərdə Qarabağın ermənilər yaşayan hissəsinin əhali sayı ilə bağlı maraqlı memuar bölüşüb. Xankəndi barədə yazan ekspert şəhərin azərbaycanlı əhalisinin sayının olduğundan az göstərilməsindən narahatlıq ifadə edib:
“Xankəndində Azərbaycanlı əhalisinin sayı ilə bağlı müxtəlif məlumatlar gedir mediada: 12 min və s. Mən 2010-cu ildə 122 saylı Xankəndi dairəsindən millət vəkilliyinə namizəd olmuşdum. MSK-nın saytında bu dairənin seçici siyahısında say 5 min 3 yüz nəfər idi. Mən isə digər dairələrdəki seçicilərdən sırf “Xankəndində anadan olan Azərbaycanlıların sayı“ hesabına Xankəndinin 23 mindən çox azərbaycanlı əhalisinin siyahısını əldə etdim. İşğalda olduqları illər ərzində Xankəndinin azərbaycanlı əhalisinin sayı başqa rayonlara qeydiyyata alınmaqla məqsədli şəkildə, süni azaldılmışdır”.
Politoloqun fikirlərinə əlavə olaraq deyə bilərik ki, I Qarabağ savaşından sonra, bu illər ərzində Xankəndi əhalisi artmalı idi, azalmalı yox. Yəqin onların rəsmi sayını azaltmaq kimlərəsə sərf edir.
– Rusiyanın Azərbaycandakı 5-ci kolonu ilə erməni qarışığı olan məmurlar?
Azərbaycanda erməni çoxdur və onlar arasında yüksək post tutmuşlar da olub, hazırda vəzifədə qalanlar da az deyil. Amma Ermənistan monoetnikdir. Yəni orada 1 nəfər də azərbaycanlı yoxdur ki, Bakı üçün çalışsın. Balans bizim xeyrimizə pozulmayıb. Heç atəşkəsi də biz pozmuruq.
– Ermənilərin Xankəndiyə silah daşınmasının qarşısı alınmayıb;
– Rusiyanın Ermənistandakı ikinci hərbi bazasının təmiri yekunlaşmaq üzrədir.
Bu hərbi hissə Azərbaycanın Tovuz rayonuna yaxın ərazidə yerləşir. Deyəsən, ermənilər ikinci Tovuz hadisələrinə hazırlaşır və iki il öncəki itkilərinin əvəzini çıxmaq üçün Rusiyanın hərbi hissəsinə sığınacaqlar. Ola bilsin ki, III Qarabağ müharibəsi planı II Tovuz hadisələri ilə əvəzlənsin. Belə olan halda Rusiya bütün dünyaya isbatlamış olacaq ki, Qarabağdakı sülhməramlı missiyanın müddətini uzatmaq lazımdır. Çünki Ermənistan-Azərbaycan gərginliyi azalmayıb və Qarabağdakı dinc sakinlərin həyat təhlükəsizliyi təmin olunmalıdır.
II Tovuz hadisələri ilə bağlı daha bədbin proqnozlar da mövcuddur:
– Ermənilər rusların köməyilə Mingəçevir SES-i vurub Azərbaycanı qaranlığa qərq etməyə çalışacaq;
– Rusiyanın Ermənistandakı raketləri Gürcüstandan keçən neft-qaz kəmərlərimizə tuşlanacaq.
Bununla da Kreml həm Azərbaycanın Rusiyadan iqtisadi asılılığını artıracaq, həm də Avropadan “Şimal Axını”, sanksiyaların intiqamını alacaq. Hər halda Bakı bütün təhlükələri önləmək üçün Türkiyə və Gürcüstanla hərbdən tutmuş, siyasətəcən əməkdaşlığı möhkəmləndirir.
Natiq Səlim,
KONKRET.az