
Azərbaycan XXI əsrin 20-ci ilində Qarabağ problemin birdəfəlik və köklü şəkildə həll etdi və tarixi torpaqlarımızı işğaldan azad etdi. Tarix yaxın, qələbə bizim olduğundan, biz hələ bu möhtəşəm hadisənin mahiyyətini dəyərləndirə bilmirik. Zaman keçəcək, tarix hər hadisəyə, hər şəxsiyyətə öz qiymətini verəcək. Düşünürəm ki, Azərbaycanın Ermənistan üzərində QƏLƏBƏsi Sovet İttifaqının Hitler Almaniyası üzərində qələbəsi qədər möhtəşəm hadisədir.
Mən əsgərlərimizin şücaətinə və şəhidlərimizin xatirəsinə kölgə salmaq niyyətində deyiləm. Amma altından qırmızı xətt çəkərək yazıram ki, Qarabağ probleminin yalnız hərbi-əsgəri yolla həlli yox idi, çünki bu, qlobal miqyas almış, faktiki olaraq beynəlxalq problem idi. Bu problemin yalnız siyasi-hərbi həlli var idi, Azərbaycan lideri də problemi öz müdrik siyasəti ilə həll etdi. Bəli, siyasət ancaq mümkün olanı həyata keçirmək sənəti deyil, həm də siyasi liderin şəxsiyyətindən, fəhmindən və uzaqgörənliyindən asılı olan bir sənətdir. Düşünürəm ki, Azərbaycan lideri İlham Əliyev faktiki olaraq, mümkün olmayanı etdi, Qarabağ problemini hərbi-siyasi yolla həll etdi. O, yalnız geosiyasi məqamın yetişməsindən yox, Azərbaycanın hərbi-siyasi üstünlüklərindən, düşmən tərəfin səhvlərindən böyük məharətlə istifadə etdi.
Bəli, Qarabağ problemini yalnız Rusiyanın başının Ukraynada, Qərbin başının Rusiyada qarışdığı bir geosiyasi məqamda həll etmək olardı. Bunun üçün Azərbaycan xalqı, Ordusu, iqtidarı hazır olmalı idi, onların arasında böyük vəhdət, etimad, güvən olmalı idi. İlham Əliyev müdrik və uzaqgörən bir siyasətçi kimi bu vəhdəti, bu güvəni təmin etdi və geosiyasi məqamı düzgün dəyərləndirdi – Rusiya ilə siyasi qarşıdurmaya getmədi və Türkiyənin siyasi dəstəyindən məharətlə istifadə etdi. Azərbaycan lideri həm də siyasi uzaqgörənlik nümayiş etdirərək, Aİ-nin Türkiyəni dəvət etmədiyi görüşlərinə getmədi. Görüş iştirakçılarının Azərbaycansız, Türkiyəsiz bəyanatları da göstərdi ki, Azərbaycan lideri nə qədər haqlı idi. Yeri gəlmişkən, avropalılar Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etməsini və Zəngəzur dəhlizinin fəaliyyət göstərməsini istəmirdilər. Bu gün də istəmirlər.
Ermənistan lideri Nikol Paşinyana gəlincə, adam geosiyasi vəziyyəti düzgün qiymətləndirə bilmədi, güman etdi ki, Rusiya Ukrayna müharibəsindən məğlub çıxacaq və siyasi səhnəni birdəfəlik tərk edəcək. Odur ki, Rusiya ilə siyasi münasibətləri gərginləşdirmək, hətta kəskinləşdirmək yolu seçdi, Rusiyanın forpostu statusundan Qərbin forpostu statusuna keçid etmək istədi. Hətta Qərbin dəstəyini qazanmaq üçün Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya lideri Vladimir Putini həbs etmək qərarını (Roma statutu) ölkə parlamentində ratifikasiya etdirdi. Bu isə məlum olduğu kimi, Rusiya və onun lideri üçün qırmızı xəttin keçilməsi idi.
Niyə bunları, bu geosiyasi məqamda Rusiyadan birmənalı uzaqlaşmanı, Qərbə kəskin yaxınlaşmanı Paşinyanın səhvləri hesab edirəm? Hazırda Ermənistan iqtisadiyyatının üçdə ikisi Rusiyadan asılıdır. Rusiya Ermənistana ucuz neft və qaz satır, milyondan yuxarı erməni Rusiyada işləyir və ailəsinə çörək qazanır. Rusiyanın 10 minlik hərbi bazası Ermənistanda, 5 minlik sülhməramlıları Qarabağdadır. Nəhayət, zəif Ermənistan güclü Azərbaycanla qarşı-qarşıyadır. Yaxın tarix də göstərir ki, Ermənistana yalnız Rusiya real dəstək verə, kömək edə bilərdi. Paşinyan Ermənistanı isə belə bir kritik vəziyyətdə Rusiyaya arxasını, Qərbə üzünü çevirdi. Qərb də məlum olduğu kimi, hətta Ukraynaya real kömək etmir, yalnız yeni vədlər və köhnə silahlar verir. Bir də Rusiyanı zəiflətmək üçün iqtisadi sanksiyalar tətbiq edir. Amma Rusiya nəhəng ölkədir və onu zəiflətmək asan deyil.
Bəli, yüz illərlə həllini tapmayan, hər dəfə yenidən alovlanan Qarabağ problemini MÜDRİK SİYASƏTÇİ – AZƏRBAYCAN LİDERİ birdəfəlik həll etdi. Düşünürəm ki, Azərbaycanın bütün problemlərini də həll edəcək. Əsrin problemini həll edən lider üçün gündəmin problemləri adi iş prosesidir. Sadəcə olaraq, zaman, xalqın dəstəyi və inam gərəkdir. Hesab edirəm ki, gündəmdə olan seçkilər də Azərbaycan liderinə bu zamanı verəcək, bu etimadı göstərəcək.
Qalib ARİF
KONKRET.az