backend

İlham Əliyevin siyasəti ilə tək qalan Ermənistan - ŞƏRH

Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə verdiyi müsahibə Avropanın əksər hissəsində yaşayan insanların münaqişə barəsində məlumatlı olmasına imkan yaratdı, həm də qaranlıq məsələlərə aydınlıq gətirildi. Son günlər dövlət başçısının 30-a yaxın xarici KİV-ə verdiyi müsahibələrdə artıq Ermənistanın məzlum obrazı tamamilə sıradan çıxır, dünya ölkələri anlayır ki, Ermənistan Dağlıq Qarabağı işğal edib, üstəlik beynəlxalq qətnamələri vecinə almır. Bu da onu göstərir ki, Ermənistan hüquqi dövlət deyil. Çünki hüquqi dövlət yalnız hüquqi əsaslarla fəaliyyət göstərir, bütün fəaliyyət istiqaməti beynəlxalq hüquqa hörmətdən keçir.

Avropa sakinləri EFE informasiya kanalına verilən müsahibədən bir daha bildilər ki, əslində Azərbaycan bu illər ərəzində Ermənistanı danışıqlar masasına dəvət edib. Təbii ki, düşmən torpaqlardan çıxandan sonra status məsələsi və ermənilərlə birgəyaşayış öz həllini tapacaqdı. Azərbaycan Prezidenti bütün bunları açıb söylədi ki, Ermənsitan hər güzəşt təklifinə status-kvonu süni şəkildə uzatmaqla cavab verib, Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra isə bütün danışıqların üstündən xətt çəkib. Dövlət başçısı agentliyə müsahibəsində xüsusilə vurğuladı ki, münaqişənin birinci fazası bitəndən sonra danışıqlara başlanacaq. Ermənistan Azərbaycanın öhdəliklərini yerinə yetirməsə, heç bir danışıqdan söhbət gedə bilməz:  “Biz həmişə bunu müzakirə etməyə çox açıq idik. Biz dəfələrlə onlara müxtəlif yolları təklif etmişdik, lakin onlar bunları rədd etmişlər. Biz onlara Azərbaycan daxilində muxtariyyət təklif etdik, biz onlara mədəni muxtariyyət təklif etdik. Biz dedik ki, dünyada, Avropada, Skandinaviya, Alan Adaları timsalında, İtaliyada Cənubi Tirol timsalında və bir çox başqa yerlərdə yaxşı nümunələr var. Lakin onlar hər şeyi rədd etdilər. Onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq”.

Azərbaycan heç vaxt Dağlıq Qarabağ münaqişəsinin həllində hərbi inadkarlıq nümayiş etdirməyib. Əksinə, sentyabrın 27-dən bu günə qədər dəfələrlə bildirilib ki, diplomatik həllə, sülh danışıqlarına hazırdır. Azərbaycan yalnız onun üzərində inadkarlıqla dayanıb ki, Ermənistan tərəfi işğal edilmiş torpaqlardan çıxmaq barədə cədvəl təqdim etməlidir. Prezident İlham Əliyev belə prinsipiallıq nümayiş etdirməkdə ona görə haqlıdır ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupunun ləng addımlarını, eləcə də erməni lobbisinin təsiri ilə fəaliyyət göstərən dünyanın bəzi liderlərinin ikili standartlı çıxışlarını çox dinləyib. Status-kvo pozuldu, münaqişə müharibə fazasına daxil oldu, indi yeni reallılardan danışmaq lazımdır. O reallıqların içində Dağlıq Qarabağdakı ermənilərə status məsələsi plandan çıxdı. Amma çətin də olsa, iki xalqın birgə yaşaması təmin ediləcək. Çünki bölgədəki ermənilər Azərbaycan vətəndaşlarıdır.

Azərbaycan mütləq kapitulyasiya üzərində dayanmır, ancaq münaqişənin diplomatik masada həlli üçün qarşılıqlı konstruktivlik tələb olunur. Rəsmi İrəvanın davranışlarında heç bir danışıqlar masasına əyləşmək sistemi müşahidə edilmir. Oktyabrın 10-da elan edilən ilk atəşkəsi Gəncəyə ballistik raket atmaqla pozan Ermənistanla yalnız Azərbaycan Ordusu qətiyyətlə danışa bilərdi.

Azərbaycan münaqişənin sülh yolu ilə, baza prinsipləri çərçivəsində həllinə həmişə sadiq olub. Ancaq baza prinsipləri çərçivəsində. Daha Ermənistan baş nazirinin diplomatik masada olmayan prinsipləri əsasında yox. Kompromislərə hazır olduğunu deyən, ancaq hansı güzəştləri nəzərdə tutduğunu açıq ifadə etməyən Ermənistan hakimiyyəti öz müqəddəratını təyinetmə nağıllarını davam etdirir. Nikol Paşinyan hələ də xarici jurnalistlərə verdiyi müsahibədə o torpaqların ermənilərə məxsus olması üzərində dayanır. Əgər bu məntiqlə çıxış etsək, onda bütün Avropa ölkələri İtaliyanın tərkibinə qatılmalıdır. Çünki vaxtilə həmin ölkələr Roma imperiyasının tərkibində olub. Əgər Paşinyan məntiqinə qalarsa, onda gərək böyük Çin dövləti Monqolustanın tərkibinə qatılsın. Bütün bunlar onu deməyə əsas verir ki, Nikol Paşinyan beynəlxaql hüquq anlayışından çox-çox uzaqdır.

Prezident İlham Əliyev İspaniya agentliyinə verdiyi müsahibədə bir daha bəyan etdi ki, Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Əgər Ermənistan rəsmi Bakını dinləsəydi, məntiqlə davransaydı, bu gün mövcud durum yaranmazdı. Dövlət başçısı müsahibəsində konktert şəkildə bildirdi ki, hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsi, Kəlbəcər və Laçının boşaldılması üçün vaxt cədvəli təqdim edilməyib.

Rəsmi İrəvan isə hərbi və diplomatik fiaskosunu nəinki qəbul etmək istəmir, əksinə, revanş götürmək və azad olunmuş əraziləri yenidən zəbt etmək xülyasına qapılır. Hər gün, hər saat Ermənistanın zərərinə işləyir. Rusiya Prezidenti hərbi yardım üçün ünvanlanmış növbəti məktuba rədd cavabı verdi, Türkiyə münaqişənin ədalətli həlli ilə bağlı prinsipial mövqeyini ortaya qoydu, İranın Ali dini lideri Azərbaycanın ərazi bötövlüyünə birmənalı dəstək verdi, Gürcüstan isə qarşı tərəfə qarşı təcrid siyasəti yürütdü. NATO və Qərbə yalvarışlar da nəticəsiz qaldı. Bütün bunlar isə bütün dünya erməniliyinə zərbə oldu. Anlaşıldı ki, Azərbaycan bu illər ərzində dünyanı özünün haqq işinə inandırmağı bacarıb.

Azər Məmmədov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*