“İlkin Qəmbər Ermənistana, öz qohumlarının yanına getsin” – Partiya sədrindən SƏRT AÇIQLAMAbackend

"İlkin Qəmbər Ermənistana, öz qohumlarının yanına getsin" - Partiya sədrindən SƏRT AÇIQLAMA

“Vətən mənə oğul desə nə dərdim, mamır olub qayasında bitərdim”. Dahi Məmməd Arazın yazdığı misralardan ilhamlanan minlərlə vətən oğlu elə bu torpaq uğrunda gözünü də qırpmadan canını fəda edib. “Vətənin oğul deməsi” üçün neçə-neçə cavan canlar qara torpağın altında yatmağı üstün tutub. Məhz bu cür qəhrəman oğulların sayəsində “odlar yurdu” inkişaf edərək dünyaya səs salmağı bacarıb. Lakin heç də bu vətənin çörəyini yeyib, suyunu içən hər kəsə ən ali məqam sayılan şəhidlik zirvəsi qismət olmur. Kimisi vətən uğrunda canını verir, kimisi də torpağına, dövlətinə xəyanət üçün özünü sözün əsl mənasında satışa çıxarır. Vaxtilə milli azadlıq hərəkatının öncüllərindən olan İsa Qəmbərin oğlu İlkin Qəmbər kimi… Əslində bugünkü tarixə kimi İsa bəyi bəlkə də azadlıq carçısı hesab etmək olardı. Amma onun adının önündə qürurla daşıdığı ən son titulunu oğlu İlkin Qəmbər yazdığı statusu ilə dəfn etdi. Hesab edirəm ki, bundan sonra İsa bəyi azadlıq hərəkatının öncüllərindən biri kimi təqdim etməməliyik. Çünki onun tərbiyəsi ilə böyüyən, öyüd-nəsihətləri ilə həyata baxış bucağı formalaşdıran, ən nəhayət canından və qanından olan övladının “erməni dəyirmanına su tökməsi”ni İsa Qəmbərə heç cür bağışlamaq olmaz. Mən, “övladının fikirlərinə görə valideyn cavabdehlik daşımır” kimi absurd ifadələri də qəbul etmirəm. Söhbət vətəndən gedirsə, burada bütün bəhanələr keçərsizdir.

Görünür İsa Qəmbərin milli azadlıq sevgisi, demokratik dəyərlər, Bütöv Azərbaycan uğrunda mübarizəsi saxta notlar üzərində qurulub və bunun nəticəsidir ki, İlkin Qəmbər qondarma “erməni soyqırımı”nı qəbul edir. Hətta qəbul etməyi bir yana, bu “soyqırım”ın heç vaxt təkrarlanmamasını arzulayır. Bunun bir adı var: XƏYANƏT… İsa Qəmbər də ən azı oğlu qədər bu xəyanətdə günahkardır. Təəssüflər olsun ki, dəfələrlə zəng etməyimə baxmayaraq İsa bəy telefoa cavab vermədi. Hərçənd oğlunun xəyanəti ilə bağlı onun fikirlərini öyrənmək çox maraqlı idi. Bir sözlə, vətən Qəmbərovlar ailəsinə “oğul” demədi. Əvəzində yəqin ki, canfəşanlıqla müdafiə etdikləri, sevgi bəslədikləri Ermənistanın “milli qəhrəman”ı elan olunarlar. 

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Qəmbərovlar haqqında ilginc faktları sadalayıb: “İsa Qəmbər özü elə ermənidir. Görünür oğlu da atasının yolu ilə gedir. Belə çıxır ki, bunlar qondarma “erməni soyqırımı”nı qəbul edirlər. Bu cür insanlar Azərbaycan cəmiyyətinə yararsızdır. Azərbaycanın bu günə qədər bəzi sahələrdə büdrəməsinin səbəbkarı məhz bu şəxslərdir. Qəmbərovlar “agent” olublar. İsa Qəmbər və Əli Kərimli kimi adamlar Azərbaycan xalqına qənim kəsiliblər. Onların bu vətənin havasını udub, suyunu içməyə ixtiyarları yoxdur. İsa Qəmbərin oğlu İlkin Qəmbər “erməni soyqırımı”nı qəbul edirsə, o zaman Ermənistana, öz qohumlarının yanına getsin”.

Hafiz Hacıyev hiddətləndi: “Biz nə etmişik ki, sürücülükdən məhrum olunaq?!”

Hafiz Hacıyev İsa Qəmbərlə eyni vaxtda hakimiyyətdə olduğunu deyib: “Elçibəy özü də deyirdi ki, “bu adamlar mənə zülm edirlər”. Onlar Elçibəyin dövründə ikihakimiyyətlilik yaratdılar, bəyi hakimiyyətdən devirmək üçün dövlət çevrilişinə qədər getdilər. Bunlar mənəviyyatını itirmiş insanlardır. O vaxt  İsa Qəmbərin Zori Balayanın “Ocaq” cəfəngiyyatına cavab yazması da “gözdən pərdə asmaq”dan başqa bir şey deyildi. Bununla məşhurlaşmaq istəyirdi və öz erməni qohumlarından sifariş almışdı. Onların aldığı nəfəs də yalandır. Bu gün İsa Qəmbər və Əli Kərimli sərhədlərimizin bütövləşməsini, Qarabağın azad olunmasını qəbul etmir və ironiya ilə yanaşır. Qarabağı anklav adlandıran, erməni “soyqırımı”nı qəbul edən şəxslərdən başqa heç nə gözləməyə dəyməz. Onlar öz cəzalarını alacaqlar”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*