İmişli rayonunun Yalavac kəndi ərazisində piyada vurma hadisəsinin baş verməsi səbəbilə xəsarət alanlardan 1 nəfər kritik ağır vəziyyətdə Yeni Klinikaya təxliyə olunub.
Bu barədə KONKRET.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2015-ci il təvəllüdlü uşağın sağ bazu və sağ mil sümüyündə, eləcə də sağ təpə sümüyündə sınıq, ağciyərdə təktərəfli pnevmotoraks aşkarlanıb. Döş qəfəsi balonu yerləşdirilib.
“Sağ təpə sümüyündəki tək tərəfli sınıq və beyindəki ağır ödəm səbəbi ilə həkim-neyrocərrahlar tərəfindən dekompresyon kraniotomiya əməliyyatı icra edilib.
Zəruri bütün tibbi müdaxilələr edilib və Uşaq Reanimasiyası şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir”, – TƏBİB-dən bildirilib.
Qeyd edək ki, yanvarın 18-də İmişli rayonu ərazisində xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb. Faktla bağlı cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.
KONKRET.az