Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində köhnə binalarla yanaşı, yeni tikilən çoxmərtəbəli binaların dağılması vətəndaşlarımızda narahatlıq yaradıb. Bu hadisədən sonra bina evlərinə marağın azaldığı müşahidə edilir. Bildirilir ki, belə getsə, həyət evlərinin qiymətində kəskin bahalaşma müşahidə olunacaq.
KONKRET.az xəbər verir ki, əmlak ekpserti Elnur Fərzəliyev Pravda.az-a müsahibəsində deyib ki, fərdi həyət evlərinin satışı normalda aprel-may aylarından başlayır, avqusta qədər davam edir, lakin bu il proses tezləşə bilər.
Ekspert bildirib ki, hər il aprel-avqust aralığında həyət evlərində və torpaq sahələrində bahalaşma müşahidə olunur:
“Lakin görünən budur ki, proses bir neçə ay daha tez başlayacaq. Təbii ki, bu da qiymətlərə təsir edəcək. Birmənalı olaraq, onsuz da mərkəzə yaxın ərazilərdə, Abşeronda belə olsa, həyətyanı sahələr gündən-günə azaldığı üçün qiymət artımı qaçılmaz olur. Mərkəzdə fərdi həyət evləri, villalar olan ərazilərdə evlərin qiymətləri kəskin bahadır. Amma kənar ərazilərdə qiymətlər həddindən artıq ucuzdur. Abşeron ərazisində təxminən 35-40 min manata kiçik də olsa, həyət evi almaq olur. Ümumi tendensiyaya baxsaq, demək olar, hər il kreditlə satılan əmlakların faiz dərəcəsi daha çox olur.
Hətta ötən il kreditlə satılan mənzillərin sayı ümumi əmlak bazarının, təqribən, 60%-dən çoxunu özündə cəmlədi. Lakin bu gün Bakı və Abşeronda 500 mindən artıq çıxarışı olmayan fərdi həyət evləri var. Bu, deməyə əsas verir ki, çıxarışı olmayan həyət evlərini vətəndaşlar kreditli yollarla ala bilməyəcəklər. Bizdə əmlakların qiyməti kəskin baha olduğuna görə, hər vətəndaş istədiyi yerdə, istədiyi vaxt ev ala bilmir. Bəzi vətəndaşlar həyatında bir dəfə ev alırlar, yaxud heç ala bilmirlər.
Bu baxımdan, düşünmürəm ki, ciddi qiymət artımları, kütləvi axın baş verəcək. Çünki nağd alıcıların böyük əksəriyyəti təkrar alıcılardır. Təkrar alıcıların – imkanlı şəxslərin onsuz da yetəri qədər həyət, bağ evləri, villaları, müxtəlif daşınmaz əmlakları var. Türkiyədə zəlzələ baş verən gündən – fevralın 6-dan həmin adamların böyük əksəriyyəti ailəsi ilə bərabər öz həyət evlərinə köçüb”.
E.Fərzəliyev deyib ki, Türkiyədə baş verən zəlzələdən sonra nəinki Azərbaycanda, dünyanın əksər ölkələrində, xüsusən Türkiyəyə qonşu olan ölkələrdə çoxmərtəbəli binlarla bağlı insanlarda bir fobiya yaranıb: “Çünki zəlzələ təkcə Türkiyədə deyil, Suriya və digər ölkələrdə baş verdi. Bundan əvvəl İranda baş verən zəlzələ də insanlarda müəyyən qorxu hisləri yaradıb. Lakin qardaş ölkəyə baxsaq, görərik ki, dağıntıların həcminin böyük olmasının səbəbi təkcə zəlzələ deyil, həmçinin tikinti şirkətlərinin tikdikləri keyfiyyətsiz binalardır.
Uçmuş dağıntılara baxanda da hiss olunur ki, binalarda istifadə edilən beton, armatur daha keyfiyyətsiz olub. Hətta axtarışlar zamanı armaturların xırda bir alətlə rahat şəkildə kəsildiyinin şahidi oluruq. Azərbaycanda keyfiyyət baxımından, köhnə beşmərtəbəli, dördmərtəbəli binalardan daha ehtiyyatlı olmaq lazımdır. Çünki bu binaların böyük əksəriyyəti artıq istismar müddətini bitirib.
Qəzalı vəziyyətdə olan binların sayı yetəri qədərdir. Əslində Azərbaycanda beton zavodlarının hamısı lisenziyalıdır. Binalara beton veriləndə, ümumiyyətlə tikinti işləri zamanı aidiyyəti üzrə qurumlar hər mərhələdə binaların armaturunun, betonun keyfiyyətini, markasını yoxlayır. Binanın həcminə uyğundursa, bundan sonra həmin materiallardan istifadə edilməsinə icazə verilir. Bu yoxlama işləri hər mərhələdə, hər mərtəbə üzrə aparılır. Təbii ki, bizdə də bu sahədə ciddi problemlər var. Binaların bəzi ərazilərdə sıx tikilməsi də insanlarda qorxu yaradır. Bu baxımdan düşünürəm, əmlak bazarında bir müddət nisbi sakitlik olacaq”.