“İnnoMEDİA” layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu ilə “Mediada saxta kontent və növləri: Məlumat qaynaqlarının düzgün tapılması” və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvira Rüstəmova ilə “Korporativ kimliyin formalaşması və rəqəmsal məhsulların mediada təqdimatı” mövzularında seminarlar baş tutub.
Medianın İnkişafı Agentliyindən KONKRET.az–a bildirilib ki, Vüqar Zifəroğlu iştirakçılara internetdə dolğun və düzgün məlumatlar axtarmaq, xəbərlərin doğruluğunun bir neçə mənbədən təsdiq edilməsi, media auditoriyası üçün kontentlər yaratmaq haqqında ətraflı məlumat verib. Elvira Rüstəmova iştirakçılara ənənəvi PR və rəqəmsal PR-in fərqlərindən, onun çalışmalarda istifadə olunan alətlərdən, korporativ mədəniyyətdən, marka kimliyindən danışıb. Həmçinin PR və media arasında qarşılıqlı təsirdən bəhs edib.
Seminar interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb və iştirakçıların ünvanladığı suallar qonaqlar tərəfindən cavablandırılıb.