“Efirlərdə baş verən hadisələrə baxıram, düzdür, hazırda müharibələr gündəmdədir. Ancaq televiziya insanların oradan tərbiyə götürdüyü bir yerdir və bu bizim yaralı yerimizdir”.
Bu sözləri KONKRET.az-a müsahibə verən Əməkdar artist Elman Rəfiyev deyib.

Elman Rəfiyev
— Bugünkü televiziya kanalları sizi qane edirmi?
— Televiziya kanallarında mədəniyyət təbliğ olunmalıdır. Etikaya, düzgün danışığa qulluq etməlidir. Televizoru açanda biz bunu görmürük. Bayağı verilişlər insanları bezdirir. Mənim tanıdığım insanların 90 faizi belə proqramları izləmirlər. Onlar hətta deyirlər ki, “Biz Azərbaycan televiziyasına məhz belə verilişlərə görə baxmırıq”. Bizim və uşaqlarımızın zövqünü korlayır. Eyni zamanda, verilişə dəvət olunan qonaqların danışıq tərzinə baxanda adam utanır. Televiziya rəhbərləri bunları görmür? Reytinq xətrinə bunları niyə efirə buraxırlar? Gələcək nəsillərimizə örnək olacaq verilişlər çox azdır.
— Əvvəlki dönəmlərdə vəziyyət necə idi?
— Mən uşaq vaxtı Azərbaycan televiziyasını izləyirdim. “Yeni il – Mavi işıq” adlı proqram vardı. Xatırladığım qədər müğənnilərin efirdə indiki qədər danışdığını görməmişdim. Müğənninin işi mahnı oxumaq, aktyorun işi isi tamaşa və kinoda rolunu oynamaq idi. Bayramlarda hərəsinə bir kəlmə söz verilərdi. İndi, müğənnilərin və aktyorların əksəriyyəti psixoloq, siyasətçi-ekspert olublar. Bununla, biz, həm aktyor və müğənniləri, həmçinin aparıcıları ucuzlaşdırırıq. Əvvəlki aparıcıların danışığından bal tökülürdü. Və hər birimiz o cür danışmağa cəhd edirdik. Bu gün efirdən bayağı və küçə sözləri eşidilir. Bir-birilərini təhqir edirlər. Çünki reytinq gətirir. Müğənni də aktyor da nə qədər sirli olsa, bir o qədər yaxşıdır.
— Belə məsələlərdə reaksiya və təkliflər irəli sürürsünüzmü?
— Mən biganə yanaşmıram. Xalq artisti Səidə Quliyevanın çıxışını oxudum. O, televiziyaların bərbad gündə olduğunu vurğulayıb. Bayağı proqram və müğənnilərə senzura olmalıdır. Mən də bu fikirlərə qoşuluram. Verilən yeni qərardan da razıyam. Toy müğənnilərinin efirdə işi olmamalıdır. “Qəfəs” adlı veriliş vardı. Onu bir gecə ilə bağladılar. Çünki o dönəmlərdə bu qədər biabırçı vəziyyət yox idi. Bax, bu cür nəzarət olmalıdır. Məni televiziyada çox az-az görürlər. Çünki dəvət olunanda ilk sualım bu olur: “aparıcı və qonaqlar kimdir. Mövzu nədir?” Yoxsa, hər kanala getmirəm.
— Qadağalar efir mədəniyyətinə necə təsir edəcək?
— İnsanların zövqü düzələcək. Onsuz da toyda maraqsız mahnıları eşidirik. Bunları efirə çıxarmaq düzgün deyil. Klassik və yazılan yeni müasir, samballı mahnıları efirə çıxarmalıyıq. Bu, zəruri addımdır. Bayağı müğənnilər efirə ona görə çıxır ki, onları daha çox toya dəvət etsinlər. Mütləq sürətdə bunun qarşısı alınmalıdır. Çünki gənclərə “aç, televizora bax” deyə bilmirik. Gəlin, reytinq xətrinə millətin zövqünü korlamayaq.
Söhbətləşdi: Dəniz Pənahova
KONKRET.az
