Rusiyanın Ukraynaya təcavüzü davam etdikcə rəsmi Moskva bəzi davranışlarında dəyişiklik etməyə çalışır və hərbi gücünü artırmaq üçün müəyyən üsullar fikirləşir. Son günlər bu baxımdan ən çox müzakirə edilən məsələ isə hərbi xidmətə çağırış yaşının 19 yaşdan 30 yaşa qədər artırılmasıdır. Dövlət Duması qanuna düzəliş edib və qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.
Həmçinin, çağırış yaşının mərhələli şəkildə qaldırılması qanunda nəzərdə tutulub. Belə ki, 2024-cü ildən çağırış yaşı 19 yaşdan 30 yaşa, 2025-ci ildən 20 yaşdan 30 yaşa, 2026-cı il yanvarın 1-dən 21 yaşdan 30 yaşa qədər olacaq.
Duma, eyni zamanda, cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun layihəsini də yekdilliklə qəbul edib.
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran hərbi ekspert Alp Arslan İmamqulu bildirib ki, hazırda Rusiya bataqlığa saplanmış vəziyyətdədir.
“Ukraynada gedən müharibə, həmçinin, NATO-nun bölgədəki nüfuzunun artması, xüsusən də birliyə yeni üzvlərin daxil olması Şimal cəbhəsinin açılması deməkdir. Rusiyada bu gün hərbi xidmətə çağırış yaş həddinin artırılması o deməkdir ki, bir sıra ehtiyatlar heç də nəzərə alınmayıb və risklərin qarşısını almaq üçün xüsusi addımlar atılır. Hələlik Rusiyanın Ukraynada müharibə aparmaq gücü var. Amma gələcəkdə müəyyən risklərin yaranmasından narahatdırlar”.
Ölkədə cinsiyyətin dəyişdirilməsini qadağan edən qanuna gəlincə, ekspert məsələni belə şərh edib:
“Son dövrlər Rusiyada ölkəni tərketmə halları geniş vüsət alıb. Türkiyənin Antalya, Alanya, Bodrum bölgələrinə daha çox rus vətəndaşları, xüsusilə gənc ailələr axın edir. Amma reallıq budur ki, Rusiyanı bu gün tərk edə bilməyən gənclər alternativ yollara əl atır. Nəzərə alsaq ki, müəyyən boşluqlardan istifadə edilir və cinsiyyəti dəyişmək üçün müraciətlərin sayı çoxalır, bu, əlbəttə ki, Rusiya üçün faciələrə gətirib çıxara bilər”.
Mövzu ilə bağlı fikirlərini bölüşən siyasi analitik Elman Vəliyev hərbi xidmətə çağırış yaşının artırılmasına iki cür yanaşır:
“18 yaşlı gənc ilə 20 yaşlı birinin düşüncələri, həyat təcrübəsi eyni deyil. Fərqlər mütləq ki, var. Digər tərəfdən, insanların, xüsusilə valideynlərin xofunu almaq üçün bu, ən yaxşı gedişdir. Məsələn, valideyn düşünür ki, övladımın 18 yaşı var və hələ çox cavandır, təcrübəsizdir. Müharibəyə getsə, geri qayıtmamaq ehtimalı var”.
Ekspertin fikrincə, Kreml hazırda ən optimal variantı tətbiq edir: “Putin digər dövlətlər, etnoslar üçün tiran, diktator damğasına malik ola bilər, amma o, Rusiya üçün önəmli siyasətçidir”.
Elman Vəliyev cinsiyyət dəyişikliyinin qadağan edilməsinə də fərqli aspektdən münasibət bildirib:
”Bu qanunun qəbulunu bir neçə arqumentlə izah edə bilərəm. Putin zatən LGBT əleyhdarıdır. Postsovet məkanının Avropa dəyərlərinin qurbanı olmasını istəmir. Həmçinin dini amillə siyasi durumu ələ ala bilir. Müharibə aparan bir ölkənin belə qanun qəbul etməsi çox məntiqlidir. İnsanlar müharibəyə getməmək üçün daha cinslərini dəyişə bilməyəcək”.
Vəli Həsənov,
KONKRET.az