“İnterkontinental” otelində verilən müsahibənin İZİ İLƏ – Təriqət missiyasının GİZLİNLƏRİbackend

“İnterkontinental” otelində verilən müsahibənin İZİ İLƏ – Təriqət missiyasının GİZLİNLƏRİ

“Fransanın Ermənistana hərbi-siyasi dəstəyi Cənubi Qafqazda sülhə təhdiddir. Fransanın erməni sevgisi, onların ermənilərə olan xüsusi rəğbəti isə bir ilin-beş ilin məsələsi deyil və tarixi kökləri var”.

Bunu politoloq Elçin Mirzəbəyli KONKRET.az-a açıqlamasında bildirib.

Əlavə edib ki, bu, ilk növbədə, birincinin əsrlər boyu özünü müsəlman Şərqində yaşayan xristianların “hamisi” kimi aparması və tarix boyu türk-müsəlman dövlətlərinə qarşı erməni amilindən istifadə etməsi ilə bağlıdır:

“XXI əsrdə yaşasaq da, təəssüf ki, Fransa siyasətçiləri hələ də ilkin orta əsrlərin səlib yürüşləri çərçivəsindən çıxa bilməyiblər. Xristianlıq isə tarix boyu müstəmləkəçilik siyasəti yürüdən Fransanın əlində müsəlman Şərqində yaşayan xristianları, xüsusilə də xristianlığın bətnindən alaq otu kimi cücərən qriqoryanları öz tərəfinə çəkmək, onlardan türk-müsəlman dövlətlərinə qarşı sabotaj, təfriqə aləti kimi istifadə etmək üçün bir vasitə olub.

Qeyd edim ki, mövcud olmayan tarix üzərində tərbiyə olunan radikal erməni millətçiləri heç zaman xristianlığın gerçək dəyərlərinin daşıyıcısı olmayıblar. Bunu xristianlığa qarşı ən kəskin və hətta düşmən mövqedə dayanan pavlikian təriqətinin məhz ermənilərlə bağlılığı da sübuta yetirir. Tarixi faktlar sözügedən təriqət üzvlərinin təkcə ermənilərin yaşadığı ərazilərdə xristianlığın təbliğ etdiyi dəyərlərə və humanizm prinsiplərinə qarşı savaş açmadıqlarını, xristianlıq əleyhinə çıxış edən bu erməni təriqətinin daha geniş əraziləri öz ağuşuna aldığını sübuta yetirir.

Xristianlığa mahiyyət etibarilə heç bir aidiyyəti olmayan bu erməni təriqətin üzvləri Bizans imperatorları tərəfindən “dindənkənar” elan edildikdən sonra Qərbə doğru hərəkət ediblər. Orta əsr Avropasını araşdıran tədqiqatçılar pavlikianlığı Bizansdan Avropaya daşıyan erməni tacirlərinin apardıqları təbliğat nəticəsində bu antixristian təriqətinin təsiri altında boqomil, katar, albiqoy təriqətlərinin yarandığını qeyd edir, bu təriqətlərin çoxsaylı insan ölümünə bais olduğunu bildirirlər.

Eyni zamanda, vurğulayırlar ki, XI-XII əsrlərdə albiqoy müharibələri Fransanın cənubunun tamamilə boşalmasına səbəb olub.

Avropalılar, o cümlədən fransızlar “ermənilərin qəlbinə dəyməmək üçün” bu barədə danışmağı sevməsələr də, fakt faktlığında qalır və erməni Qriqoryan kilsəsinin digər xristian kilsələrindən fərqli olaraq radikal millətçiliyi özünün aparıcı xəttinə çevirməsi, terrorizmi himayə etməsi, dini konfessiyalar arasında nifaq toxumu səpməsi bu kilsədə hələ də pavlikian təriqətinin izlərinin qaldığını sübuta yetirir.

Fransızlar ermənilərin Cənubi Qafqazda, tarixi Azərbaycan ərazilərində yerləşməsinə də, hətta Çar Rusiyasının dövründə belə dəstək veriblər. 1887-ci ildə fransızlar Qərbi Azərbaycanın, ermənilərin “Lori” adlandırdıqları Qarakilsə rayonu (Loru-Pəmbək mahalı) ərazisində gümüş və əlvan metal yatağını 2 milyon rubla əldə ediblər və həmin ərazidə “Fransa Axtala Mədən Şirkəti” yaradılıb. Sözügedən şirkətin maliyyə dəstəyi ilə ərazidə ermənilərin daha sıx məskunlaşmasına ciddi dəstək verilib, dəmiryol xətti, su elektrik stansiyası inşa edilib.

Daha sonrakı mərhələdə isə ermənilər Fransanın əlində qondarma “soyqırım” iddiaları müstəvisindən Türkiyəyə qarşı istifadə aləti rolunu oynayıblar. Azərbaycan ərazisində erməni separatizminin açıq müstəviyə keçirilməsi prosesinin tarixi də Fransadan başlayır. Hələ 1987-ci ilin oktyabrında Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqanbekyan Parisdə “İnterkontinental” otelində Fransa mediasına müsahibəsində Qarabağın Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olduğunu və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan etmişdi və Azərbaycanın ayrılmaz parçası olan Qarabağın yuxarı hissəsinin Ermənistana birləşdirilməsi ideyasını irəli sürmüşdü.

Göründüyü kimi, erməni separatizminin ilk siqnalının verilməsi prosesində də Fransa ön cərgədə dayanır və bu gün baş verənlərin əsasını rəsmi Parisin də iştirakçısı olduğu bir prosesin mümkün qədər qorunub-saxlanması məqsədi təşkil edir. Bununla yanaşı, Fransanın bölgədə geosiyasi maraqları da var və ermənilər hər zaman olduğu kimi, yenə də regiondankənar qüvvələrin əlində “maşa” funksiyasını yerinə yetirməyə davam edirlər”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*