Sosial media və şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. İnsanlığın bu yeni vərdişi həm də yeni xəstəliklərə səbəb olur. Onlardan biri isə “yenilikləri qaçırmaq qorxusudur. Müasir tibbdə bu, FOMO (Fear of Missing Out) sindromu adlanır.
Maraqlıdır, sözügedən sindromun əlamətləri və ziyanlı tərəfləri nədir? Bu qorxudan necə xilas olmaq mümkündür?
Mövzu ilə bağlı KONKRET.az-a danışan psixoloq Aygün Ağabalayeva deyib ki, sindrom adətən özgüvən əksikliyi yaşayan şəxslərdə daha çox müşahidə olunur:
“Sosial şəbəkələrdə vaxt keçirməyin zaman itkisi olduğunu demək doğru deyil. Təbii ki, bunun faydalı tərəfləri də var. Ancaq müəyyən problemlər də ortaya çıxır. Özgüvən əksikliyi yaşayan insanlar FOMO sindromundan əziyyət çəkir. Baxın, adından da göründüyü kimi, bu, yenilikləri qaçırmaq qorxusudur. Həmin adamlar sosial şəbəkələri fasiləsiz olaraq izləyir. Belələri hər an təşvişdə olur. Bütün bunlar stressin yaranmasına səbəb ola, insanları depressiyaya sala bilər. Bu da sağlamlığa ciddi zərər verir”.
Mütəxəssis FOMO ilə mübarizə üsullarını da açıqlayıb:
“Əslində, bu çox sadədir. Sosial şəbəkələrdə keçirilən vaxta məhdudiyyət qoyulmalıdır. Bu, problemlərin yaranmasının qarşısını alacaq. Baxın, instaqram, feysbuk və s. kimi sosial platformalar bizdə asılılıq yaradır. Bunu aradan qaldırmaq lazımdır. Vaxtımızı, enerjimizi daha faydalı məşğuliyyətlərə yönəlməliyik. Sosial şəbəkələrdə isə yalnız özümüzə gərəkli hesab etdiyimiz səhifələri izləmək daha doğru yanaşmadır”.
Məlik Məlikov,
KONKRET.az