Otuz il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilərin “məğlubedilməz” obrazı cəmi 44 gün ərzində darmadağın edildi. Müharibədən sonra Cənubi Qafqazda yeni şərtlər meydana gəldi və geosiyasi vəziyyət kökündən dəyişdi. Azərbaycan dövlət sərhədlərinə tam nəzarəti bərpa etdi. İndi işğaldan azad edilən ərazilərdə geniş quruculuq işləri aparılır. Ermənilər isə hələ də 2-ci Qarabağ müharibəsində aldıqları zərbədən özlərinə gəlməyiblər.
Müharibədən üç ilə yaxın vaxt keçsə də, dəhşətli məğlubiyyəti unuda bilməyən ermənilər hələ də günahkar axtarırlar. Rusiyada yaşayan erməni əsilli iqdisadçı alim İqor Zərgəryan da Ermənistan mətbuatına müsahibəsində məğlubiyyətdən danışıb.
Bildirib ki, son 20 ildə Ermənistan ordusunun silahlanması lazımi səviyyədə aparılmayıb, olanlar isə talan edilib.
Zərgəryanın fikirincə məğlubiyyətin səbəblərindən biri ermənilərin özləri haqqında yaratdığı və düşmənin sındırdığı mifdir:
“Vaxtı ilə Rusiya quru qoşunlarının qərargah rəisi olmuş Norat Ter-Qriqoryantsla 44 günlük müharibəni çox müzakirə etmişəm. O, bildirir ki, Ermənistan qoşunları geri çəkiləndə texnikanı partlatmaq əvəzinə, qoyub qaçıblar. İkinci sual həmişə Şuşa ilə bağlı olur. Şuşayla bağlı müəmmalar çoxdur. Müharibəni oktyabrın 18-də dayandırmaq imkanı var idisə, niyə bunu etmədik? Nikol qorxurdu ki, ona satqın və ya qorxaq deyəcəklər. Axı o, əsl mənzərəni bilirdi, nədən qorxurdu? Müharibədən əvvəl uduzmaq ehtimalını heç kim ağlına gətirmirdi.
Yeri gəlmişkən, mən Moskvada Nikol Paşinyana Qarabağla bağlı sual verəndə o, Qarabağın Ermənistan ərazisi olduğunu bəyan etdi. Bəs nə oldu? İndi Paşinyan deyir ki, Qarabağ Azərbaycanın ərazisidir”.
Zərgəryan daha sonra əlavə edib ki, Paşinyan ilkin təklifdə müharibəni dayandırsaydı Ermənistan yenidən vaxtı uzada bilərdi. Bu erməni hələ başa düşmür ki, Ali Baş Komandanın tələb etdiyi məsələlər yerinə yetirilməyincə Azərbaycan müharibəni saxlamayacaqdı. İndi məsələyə kənardan qiymət verməyə çalışan, “belə etsəydik elə olardı” fikiriylə yaşayan ermənilər sadəcə reallığı unudurlar. Özlərinin də etiraf etdikləri kimi, formalaşdırdıqları “mif” sadəcə darmadağın olub. Məğlub edilməz erməni ordusu cəmi 44 gündə məhv edilib.
Zərgəryan daha sonra təəssüf etdiyini bildirir. Onun nədən təəssüfləndiyini oxuyanda sadəcə dəhşətə gələcəksiniz. Bu adam müharibə zamanı Mingəçevir SES-i partlada bilmədiklərinə təəssüflənir. Bax belə, əsil düşmən, əsil erməni siması budur.
Vəli Həsənov,
KONKRET.az