İran COP29-a təxribat hazırlayır? – “Bakıda bu məsələni qaldıracağıq”backend

İran COP29-a təxribat hazırlayır? - “Bakıda bu məsələni qaldıracağıq”

İranın Su Federasiyasının üzvü Məhəmməd İbrahim Rəisi “Khabaronline” saytına müsahibəsində Azərbaycana qarşı əsassız iddialar səsləndirib.

O, qeyd edib ki, Azərbaycanın neft hasilatı Xəzər dənizinin çirklənməsinə, dənizdə balıqların azalmasına səbəb olub. İran rəsmisinin sözlərinə görə, bu məqam Azərbaycanla ciddi şəkildə müzakirə edilməlidir:

“Biz bu il Bakıda ən mühüm iqlim dəyişikliklərinin müzakirə oluncağı COP29-un yaratdığı fürsətdən istifadə edərək bu məsələni qaldırmalıyıq”.

Mövzu ilə bağlı KONKRET.az-a danışan millət vəkili Fazil Mustafa İran rəsmilərinin bu kimi fəaliyyətini əhəmiyyətsiz adlandırıb:

“Hazırda İran İsmayıl Haniyənin qisasını almaq barədə düşünür. Onların gündəmində başqa mövzu olmamalıdır. Sözügedən ölkənin reputasiyası ciddi şəkildə zədələnib. Buna görə də Bakıda keçiriləcək tədbirə yönəlik mənfi addımlar atacaqlarını düşünmürəm. Açığı, xoşagəlməz məqamlar olarsa, ölkəmiz buna ciddi qarşılıq verəcək. Lakin bütün hallarda diqqətli olmalıyıq. Tədbiri yüksək səviyyədə keçirmək üçün təkcə İrandan deyil, digər dövlətlərdən də gələcək təxribatlara hazırlıq görməliyik”.

Deputat hesab edir ki, təhdid dolu çıxışlar həmin ölkənin özünə ziyan vurur:

“Onlar Azərbaycanla olan münasibətlərinə xələl gətirirlər. Biz hər zaman əlaqələrimizin yaxşı olduğu ölkələrə dəstək verməyə hazır olduğumuzu bəyan etmişik. İran isə Azərbaycanla deyil, Ermənistanla dost olmağı seçib. Bu dostluq isə davamlı və dayanaqlı ola bilməz. Ermənistan hər zaman mənfəət üzərində münasibət qurur. Ona görə də bizimlə əlaqələrin korlanmasından qarşı tərəf narahat olmalıdır”.

Siyasi ekspert Əli Zülfüqaroğlu isə İran-Azərbaycan münasibətlərinə xələl gətirmək istəyən qüvvələrin olduğunu düşünür:

Dünya nizamı dəyişir: kritik tarixə az qaldı – Azərbaycanı nə gözləyir?

“Bəllidir ki, İranın mühafizəkar qanadında, xüsusilə də SEPAH daxilində Azərbaycan və Qərblə nünasibətlərin normallaşmasına qarşı olan qüvvələr var. Onlar həm də müəyyən zamanlarda dini lider Əli Xameneiyə qarşı fəaliyyət göstərib. Bu da ölkə daxilində bir sıra problemlərin yaranmasına gətirib çıxarıb. Zaman-zaman İran-Azərbaycan münasibətlərinin pozulması yönündə cəhdlərə şahidlik etmişik. 2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları, həmçinin Avroviziya mahnı münasbiqəsi zamanı da oxşar hallar yaşanıb. Qeyd etdiyim kimi, daxildəki bəzi qüvvələr inkişaf edən münasibətlərimizə xələl gətirmək istəyir. Son açıqlamalar da bu qəbildəndir”.

Ekspert COP29-a qədər bu kimi halların təkrarlana biləcəyini bildirdi:

“COP29-a qədər bu kimi hallar təkrarlana bilər. Eyni zamanda Azərbaycanın daxilindəki müəyyən qüvvələri də diqqətdən kənarda saxlamaq olmaz. Lakin qarşı tərəfin bütün addımları nəticəsiz qalacaq. Azərbaycan qonşu ölkələrlə münasibətləri daim yüksək səviyyədə saxlamaq niyyətindədir”.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*