İsrailin İrana qarşı zərbə endirməsi energetika bazarında çöküşə səbəb olacaq. Qərb ölkələri məhz bundan qorxurlar. Son vaxtlar daha da gərginləşən İsrail-İran münasibətləri fonunda bu mövzu analitiklər tərəfindən daha çox gündəmə gətirilir. Belə ki, ekspertlər İsrailin İrana hücumu fonunda, Tehranın İraqdakı neft obyektlərinə və qazma qurğularına hücumlar həyata keçirəcəyini istisna etmirlər. Belə olan halda isə dünyanın enerji resurslarının çökməsi mümkündür.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev bildirib ki, İsrailin İrana zərbələri fonunda rəsmi Tehranın ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına və neft qurğularına hücum etməsi realdır:
“Bununla bağlı İranın konkret təhdidi var. Belə bir halın baş verməsi isə təhlükəli tendensiya ala, xüsusilə dünya bazarında neft və qazın qiymətlərinin artımına səbəb ola bilər. Bu risk faktoru belə dünya bazarında neft və qazın qiymətlərinin artmasına gətirib çıxarıb. Əslində İranın enerji resusrslarına hücum etməsi daha böyük fəlakətlərə yol açacaq. Hazırda Rusiya-Ukrayna müharibəsinin davam etdiyini və qış fəslinin yaxınlaşdığını nəzərə alsaq deyə bilərik ki, qiymət artımları Qərbə çox ciddi problemlər yaradacaq. Çünki Avropanın enerji tələbatı həddindən çoxdur. Bütün bu amilləri nəzərə alan Qərb dövlətləri İsrailin hücumlarının qarşısını almağa çalışır”.
Politoloqun sözlərinə görə, bugünədək İsrailin əməliyyatlara başlamamasının və cavab zərbəsi endirməməsinin ən başlıca səbəblərindən bir də məhz budur:
“Təbii ki, İran təhdid edir. Hərçənd, Tehranın neft obyektlərinə zərbələr endirməsi asan məsələ deyil. Bu zaman açıq şəkildə İrana qarşı beynəlxalq koalisiya yarana bilər. Əslində bu, İsrailin maraqlarına uyğundur. Çünki belə olan halda İrana qarşı beynəlxalq koalisiyanın hücumlarının başlanması mümkün ola bilər. Ona görə də, İran bu məsələləri analiz edir. Böyük ehtimalla İran birbaşa İsrailin özünə zərbələr endirə bilər. Ballistik raketlərdən və hətta əldə etdiyi nüvə silahlarından zərbələr endirməsi mümkündür”.
Müşviq Tofiqoğlu,
KONKRET.az