Vaşinqtondan verilən məlumata görə, ABŞ-ın kəşfiyyat orqanları İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını təsdiqləyən yeni məlumatlar əldə edib. ABŞ rəsmiləri xəbərdarlıq edirlər ki, İsrailin birtərəfli hücumu diplomatik səyləri pozaraq daha genişmiqyaslı münaqişəyə səbəb ola bilər.
KONKRET.az xəbər verir ki, mövzu sensasiya yaratmalı idi, ancaq bugünkü günlərin belə xəbərlərlə zəngin olduğunu nəzərə alsaq, dünya əsas diqqətini Vladimir Putinlə Donald Tramp arasında baş tutmuş telefon danışığına yönəltdiyi üçün hər şey kölgədə qaldı və ertəsi gün unudulmağa başladı. Ancaq kimsə bundan öz payını götürdü.
Tehranda isə ABŞ ilə İsrail arasında yaranmış fikir ayrılığına diqqətlə baxaraq belə qənaətə gəldilər ki, ABŞ və İsrailin Tehrana qarşı birgə hərbi əməliyyat ssenarisi indi artıq “ən uzaq rəfə” qoyulub. Bu isə o deməkdir ki, Tehranda ABŞ-la danışıqlar prosesinə dair ritorikanı sərtləşdirmək zamanıdır.
Xüsusilə, İranın Ali lideri Ayətullah Əli Xamenei ABŞ prezidentinin administrasiyasına müraciətlə “obrazlı şəkildə desək” – uran zənginləşdirmə proqramının tam ləğvi ilə bağlı “ağılsız tələblər irəli sürməməyə” çağırıb. Xarici işlər naziri Abbas Əraqçi isə bildirib ki, İran istənilən halda uran zənginləşdirmə fəaliyyətini davam etdirəcək – ABŞ-la nüvə razılaşması əldə olunsa da, olunmasa da.
Tehranda açıq şəkildə Vaşinqtonla növbəti danışıqlardan imtina etməyə hazır olduqlarını bəyan etməyə başlayıblar. Ağ Evin prizmasından baxsaq – bu, İranın həddən artıq “özünə güvənməsi” və ehtiyatsızlıqla “həddini aşmasıdır”. Halbuki, Tramp artıq dəfələrlə “İranla bağlı yaxşı, çox yaxşı xəbərlərin” gələcəyini və “İranla möhtəşəm sazişin” heç vaxt olmadığı qədər yaxın olduğunu bəyan etmişdi.
Bəs belə bir vəziyyətdə Vaşinqton nə edə bilərdi? Üz çevirmək? Əsla! Tramp administrasiyasını 24/7 rejimində müşayiət edən ABŞ siyasi texnoloqları çox sadə, lakin effektiv bir ideya irəli sürdülər: İsraili “qorxulu kukla” kimi təqdim etmək. Elə “Oz sehrbazı” nağılındakı “Qorxunc və güclü Qudvin” kimi. Üstəlik, bu “kukla” tamamilə idarəolunmazdır – onunla danışıqlar mümkün deyil, təbiətcə xaotik gücdür.
Bu plan gözlənilmədən işə yaradı – Tehranda dərhal danışıqların yeni raundunun keçiriləcəyini elan etdilər. Ancaq yalnız bundan sonra başa düşdülər ki, sadəcə “qorxudulublar”. Bu, əslində, bir həqiqəti üzə çıxardı – İran da ABŞ-la razılaşmada maraqlıdır, bəlkə də amerikalılardan daha çox. Onların sərt və “prinsipial” ritorikası isə sadəcə dünya ictimaiyyəti qarşısında “qiymətini artırmaq” cəhdidir.
İndi Tehran bu uğursuz vəziyyətdən çıxış yolu axtarır. İranın xarici işlər naziri Abbas Əraqçi xəbərdarlıq edib ki, “İsrailin İranın nüvə obyektlərinə hücumu halında məsuliyyət ABŞ-ın üzərində olacaq2.
SEPAH sözçüsü Əli Məhəmməd Naini isə bəyan edib ki, “onlar bizi müharibə ilə qorxutmaq istəyirlər, amma yanılırlar – çünki İranın xalq və hərbi dəstəyi şəraitində necə səfərbər ola biləcəyindən xəbərsizdirlər.”
Amma artıq gecdir – dünya İranın real qorxularını gördü və başa düşdü ki, nəyəsə nail olmaq üçün Tehranla yalnız sərt dillə danışmaq lazımdır – başqa dili anlamır. Və bundan nəticə çıxardı.
KONKRET.az