İsrailin hücumu İran üçün ağır nəticələrə səbəb olsa da, prinsipial məsələləri həll etmir:
– Rejim təslim olmur və nəticədən asılı olmayaraq, müqavimətini davam etdirir;
– İranın nüvə obyektləri tamamilə sıradan çıxarılmayıb.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.
İran müharibəsi “dönüş nöqtəsi”ndədir və çox şey ABŞ-ın hərbi müdaxilə edib-etməyəcəyi qərarından asılı olacaq. Çünki İranın strateji dərinliklərdə yerləşən nüvə obyektlərinin məhv edilməsi yalnız ABŞ-ın müdaxiləsi ilə mümkündür. ABŞ prezidenti İrana müdaxilə məsələsini Ağ Evdə müzakirə etsə də, yekun qərar qəbul olunmayıb. İstisna deyil ki, qərarın qəbul edilmədiyi haqda yayılan məlumatlar Vaşinqtonun “aldadıcı taktikası” da ola və müdaxilə qəfil baş verə bilər. Trampın son açıqlamaları, xüsusilə Tehrana ünvanlanan “təslim ol” ritorikası da hərbi müdaxilə variantının aktual olduğu təəssüratını gücləndirir. Lakin İrana hərbi müdaxilənin ABŞ üçün çətinlikləri də diqqətdən qaçmır.
– Trampın komandasında fikir ayrılıqları mövcuddur;
Trampın vəkili olmuş mühafizəkar siyasi şərhçi Taker Karlsonla respublikaçı senator Ted Kruz arasındakı İran mübahisəsi bunun bariz nümunəsi hesab oluna bilər. Ziddiyyətlər ortadadır: “Öncə Amerika” (MAGA) tərəfdarları İrana hərbi müdaxiləni dəstəkləmir və Trampın buna rəğmən belə bir addım atması onun reytinqinə zərər vurması risklərini artıra bilər. Trampın ilk və ikinci dəfə hakimiyyətə gəlişində ciddi rol oynayan MAGA koalisiyası ABŞ siyasətində mühüm faktora çevrilib.
– İrana hərbi müdaxilə Trampın “sülh proqramına” ziddir: onun ticarət və taariflərlə böyümək strategiyası arxa plana keçə bilər ki, bu da komanda daxilində birmənalı qarşılanmır;
– ABŞ-ın diqqəti Ukraynadan yayınacaq: nəticədə təkcə müharibəni bitirmək üçün qət edilən məsafənin sıfırlanması yox, həm də İrana görə Rusiya ilə hesablaşmaq riskləri güclənə bilər; Vaşinqton Ukrayna məsələsində Moskvanın mövqeyinə yaxınlıq nümayiş etdirsə də, təşəbbüsün tamamilə rusların əlinə keçməsində maraqlı deyil;
– İranın ABŞ üçün “qordi düyününə” çevrilməsi riskləri də var;
Əfqanıstan, İraq, Suriya… ABŞ-ın belə bir təcrübə yaşayıb. İranın strateji dərinliyini və “din silahı”nı nəzərə alanda, perspektivlər daha çox dumanlı görünür.
ABŞ məsələni daha ağrısız həll etmək – İsrailin hücumu ilə İranın təslim olmasına nail olmaq istəyir. Hərçənd, bu ehtimal getdikcə zəifləyir. Çünki İranı masada tam təslim aktı gözləyir: Tehrandan nüvə proqramlarına tamamilə son qoymaq, raket proqramını dayandırmaq, proksi qüvvələrindən imtina etmək tələb olunur. Rejim 46 ildir bütün siyasətini bu faktorlar üzərində qurub və bu qədər itkidən sonra geri çəkilmək özündən imtina etmək deməkdir. Xameneinin təslim olmayacaqları haqda verdiyi son açıqlamaları da bu fikri gücləndirir.
Bu, prosesin dalana dirəndiyi nöqtədir və belə görünür ki, ABŞ-ın hərbi müdaxiləsi olmadan “nüvəsiz İran” hədəfinə çatmağın mümkünlüyü sual altındandır.