İran – Türkiyə – Azərbaycan: Diplomatik “buzların əriməsi” və taktiki pauza – Tarasovun açıqlamasıbackend

İran - Türkiyə - Azərbaycan: Diplomatik "buzların əriməsi" və taktiki pauza - Tarasovun açıqlaması

İranın yeni rəhbərliyinə xarici siyasi imicdə qələbələr və daxili siyasi gərginliyin azaldılması lazımdır. Amma hələlik Tehran ikinci Qarabağ müharibəsindən sonra regionda formalaşan yeni geosiyasi reallıqları “həzm edir”. Böyük qərarlar hələ qarşıdadır.

Bunu tarixçi, politoloq, Yaxın Şərq və Qafqaz ölkələrinin problemləri üzrə ekspert Stanislav Tarasov KONKRET.az-a açıqlamasında deyib.

Tarasaov İran və Azərbaycan prezidentlərinin mümkün görüşünə münasibət bildirib. O deyib:

“İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib ki, İran prezidenti İbrahim Rəisi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti çərçivəsində noyabrın 28-də Düşənbədə azərbaycanlı həmkarı İlham Əliyevlə ilk görüşü keçirə bilər. Xətibzadə bu ehtimalı Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin Tehrana səfəri ilə əlaqələndirib. Görünür, sonuncu danışıqlar zamanı iki prezidentin şəxsi görüşü məsələsi müzakirə edilib. Müqayisə üçün qeyd edək ki, Tehrana səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara və Tehran arasında yüksək səviyyəli Əməkdaşlıq Şurasının toplantısı zamanı prezident Rəcəb Tayyib Ərdoğanın bu il dekabrın sonunda İrana səfərinin mümkünlüyünü müzakirə edib. Baxmayaraq ki, Türkiyə nəşri “bu, hələ dəqiq fakt deyil” yazır”.

Daha sonra ekspert İran-Türkiyə-Azərbaycan arasında yaranan soyuqluğun səbəblərini də açıqlayıb.

“Rəisi ilə Əliyev münasibətlərinə qayıdaraq, siyasi kontekstli protokol atributlarının müəyyən incəliklərini qeyd edək. Xətibzadə deyir ki, “zirvə görüşləri çərçivəsində ikitərəfli görüşlər iki ölkə liderləri üçün təbiidir”. Bu, həqiqətən də belədir, çünki İƏT sammitinin iştirakçıları şəkil çəkdirərkən bir-birlərini salamlayacaq və bəlkə də qeyri-rəsmi ünsiyyətin baş tutacağı naharda iştirak edəcəklər. Lakin “sahələrdə görüş” termini mühüm spesifikliyi nəzərdə tutur: bu, əsas hadisə deyil, baxmayaraq ki, hamı sammitə gəlib və bu formatda bəzi razılaşmaların və ölkələrin mövqelərində dəyişikliklərin əldə olunduğunu istisna etmək olmaz. Məsələ ondadır ki, ikinci Qarabağ müharibəsindən sonra İran-Türkiyə-Azərbaycan üçbucağında çatlar əmələ gəlib. Tərəflər bunu müxtəlif səbəblərlə, müxtəlif motivlərlə ört-basdır etməyə çalışırlar. Tehran bölgədəki indiki siyasətini yenidən nəzərdən keçirməli olur. Əvvəllər Rusiya hegemonluğu var idi, indi Ankara öz geosiyasi ambisiyalarını nümayiş etdirməyə başlayıb. Bu da Bakı ilə ittifaqda İranın şimalında fövqəlgüc faktoru yaradır. Obyektiv reallıq ondan ibarətdir ki, bu qüvvə potensial olaraq İranın azərbaycanlıların ənənəvi məskunlaşdığı bölgələrində hadisələrin gedişatına nəzərəçarpacaq təsir göstərmək iqtidarındadır”, – deyə Tarasov bildirib.

İran bölgədə “təklənməsi”nin əsas faktorlarından biri kimi İsraili göstərir. Ekspertin bu məsələyə də fikirləri maraqlıdır.

“Tehran İsrailin Azərbaycanda artan təsirindən narahatlığını açıq şəkildə bəyan edib. Amma indi İranın Cənubi Qafqazda müstəqil geosiyasi oyun keçirmək üçün tarixi və simvolik resurslardan başqa lazımi resursları yoxdur. Buna görə də təklif olunan bütün fəaliyyət variantlarından o, əvvəllər daha az gözlənilən birinə üstünlük verir: Rusiya ilə ittifaqdan bir növ qoruyucu kəmər kimi istifadə edir. Üstəlik, Tehran hazırda iki amilin ciddi təsiri altındadır: Qərbin onu beynəlxalq arenada təcrid etmək və Zaqafqaziyada saxlamaq siyasəti, eləcə də bəzi etnik qrupların (azərbaycanlılar və kürdlər) güclənmək, özünü tanıtmaq, qoruyub saxlamaq cəhdləri. Məhz belə bir geosiyasi kontekstdə qalan İran indi vaxt udmağa çalışır, Ankara və Bakının simasında qonşu regional oyunçuları özündən uzaqlaşdırmır, lakin hələlik onlara çox da yaxınlaşmır. Tehran anlayır ki, Yaxın Şərqdəki geosiyasi dəyişikliklərin dinamikası təsir dairələrinin yenidən bölüşdürülməsini gündəmə gətirir ki, bunun təzahürlərindən biri də Ankaranın rəhbərlik etdiyi “türk mərkəzi”dir”, – deyə Tarasov vurğulayıb.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*