İran və Rusiyanı qorxudan səbəb: Zəngəzur dəhlizi regional balansı dəyişirbackend

İran və Rusiyanı qorxudan səbəb: Zəngəzur dəhlizi regional balansı dəyişir

Zəngəzur dəhlizi ilə bağlı bölgədə gərgin ritorika yenidən yüksəlməkdədir. İranın ali liderinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizini Rusiya və İrana qarşı blokada cəbhəsi kimi təqdim etməsinin ardınca Rusiya hakimiyyətinin təbliğat maşını Vladimir Solovyov da bu layihəyə qarşı sərt bəyanatla çıxış edib. O, dəhlizin reallaşmasına imkan verilməməli olduğunu bildirib. Bu baxımdan, son günlər İran və Rusiyanın Azərbaycana qarşı ritorikasının intensivləşməsi, xüsusilə Zəngəzur dəhlizi ətrafında fəallaşmaları ciddi suallar doğurur. Bəs bu mövqelərin arxasında hansı strateji məqsədlər dayanır və gedişat region üçün nə vəd edir?

KONKRET.az xəbər verir ki, mövzunu Oxu.Az-a dəyərləndirən Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı diskussiyalar və təşəbbüslər təkcə Azərbaycan-Ermənistan münasibətləri kontekstində deyil, həm də regional güclərin maraqlar toqquşması fonunda daha dərin məzmun kəsb edir:

“Xüsusilə Rusiya və İranın Azərbaycana qarşı birbaşa və dolayısı ilə son bir ayda sərgilədikləri ritorika, əslində, təkcə Zəngəzur dəhlizinə deyil, Azərbaycanın müstəqil və balanslaşdırılmış siyasətinə qarşı yönəlmiş ənənəvi yanaşmalarının davamıdır”.

Parlamentari vurğulayıb ki, Zəngəzur dəhlizi yalnız logistika layihəsi deyil:

“Bu layihə Azərbaycanın Naxçıvanla birbaşa bağlantısının bərpasına, regionda şərq-qərb və şimal-cənub logistika sistemlərinin inteqrasiyasına, həmçinin Türkiyə və Mərkəzi Asiyanın Avropa ilə əlaqələrinin gücləndirilməsinə xidmət etdiyi üçün strateji əhəmiyyət daşıyır. Məhz bu səbəbdəndir ki, Rusiya və İran son həftələrdə Azərbaycana qarşı ritorik təzyiqlərini artırıblar. İran sərhədyanı bölgələrdə və Xəzər dənizində Rusiya ilə birgə hərbi təlimlər keçirir, hər iki ölkənin informasiya məkanında isə Azərbaycana qarşı qərəzli kampaniyalar aparılır”.

“Prezident İlham Əliyevin 2025-ci il 19 iyul tarixində Xankəndidə keçirilmiş III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər Azərbaycanın bu mövzuda açıq, praqmatik siyasətini bir daha nümayiş etdirdi. Cənab Prezidentin qeyd etdiyi kimi: “Zəngəzur dəhlizi bir simvoldur. Əsas məsələ bölgədə kommunikasiyaların açılmasıdır və bu reallıq artıq formalaşır”. Bu sözlər Azərbaycanın təkcə öz maraqlarını deyil, bölgə ölkələrinin rifahını və inteqrasiyasını da nəzərə aldığını təsdiqləyir. İran və Rusiya üçün onların dominant rol oynamadığı istənilən kommunikasiya regional nəzarət alətlərinin zəifləməsi kimi qəbul olunur. Lakin Azərbaycanın siyasəti qarşıdurmaya deyil, qarşılıqlı maraq və beynəlxalq hüquq əsasında əməkdaşlıq imkanlarının formalaşdırılmasına söykənir”, – müsahibimiz əlavə edib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi ətrafında baş verənlər təkcə bir logistika xəttinin mübahisəsi deyil, bu, Cənubi Qafqazın hansı model üzrə inkişaf edəcəyinə dair strateji mübarizədir:

“Azərbaycan bu məsələdə qurucu, birləşdirici və sülhyönümlü güc kimi çıxış edir. Təzyiqlərə baxmayaraq, yoluna qətiyyətlə davam edir. Bu gün geosiyasi təhdidlər qarşısında dayanıqlı, müstəqil dövlət nümunəsini görmək istəyənlər Azərbaycan modelinin real konturlarına nəzər salmalıdırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*