İranda dəyişiklik üçün son həftələr: Qərb dünyasına düşmən OLACAQbackend

İranda dəyişiklik üçün son həftələr: Qərb dünyasına düşmən OLACAQ

İran Konstitusiyasının Keşikçiləri Şurası növbədənkənar prezident seçkilərində iştirakına icazə verilən namizədlərin yekun siyahısını formalaşdırmaq üçün seçimlərə başlayır. Bunu qurumun rəsmi nümayəndəsi Hadi Tahan Nazif İranın dövlət telekanalının efirində deyib. Onun sözlərinə görə, namizədlərin təsdiqi prosesi qanuna uyğun olaraq beş gün çəkir və sonradan daha beş gün uzadıla bilər. Beləliklə, prezidentliyə namizədlərin yekun siyahısının açıqlanması üçün son tarix iyunun 13-dür.

Ümumilikdə 80 namizəd seçki qərargahında qeydiyyatdan keçib. Lakin onların heç də hamısının adı seçki bülletenində olmayacaq, çünki qeydə alınmış namizədlər hələ Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməlidir.

İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

İyunun 3-də yerli vaxtla saat 18:00-da İranda prezidentliyə namizədliyə iddiaçıların qeydə alınması prosesi başa çatıb. Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Bildirilir ki, bu günədək 37 iddiaçı qeydə alınıb. Onların arasında İran hakimiyyətinin tanınmış siyasi və dövlət xadimləri Mahmud Əhmədinejat, Səid Cəlili və Əli Laricaninin də adları var.

Bəs İranın yeni prezidenti kim olacaq və bu dəyişikliyin Azərbaycan-İran münasibətlərinə hansı təsiri ola bilər?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı danışan güneyli yazar, araşdırmaçı və siyasi şərhçi Məhəmməd Rəhmanifər News24.az-a açıqlamasında deyib ki, İranla Azərbaycan arasında son zamanlar şahid olduğumuz durum həm yaxşılaşa, həm də pisləşə bilər:

“Azərbaycanla İran arasındakı məsələ olduqca dərindir. Şəxslərin dəyişməsi ilə bu məsələlər dəyişə bilməz. İranın ana qanununa əsasən ölkədə xarici siyasəti təyin etmək nə xarici işlər nazirinin, nə də prezidentin səlahiyyətində deyil. Bu səlahiyyət birbaşa İranın ali dini lideri Seyyid Əli Hüseyni Xameneiyə məxsusdur. Təbii ki, Xamenei də bu işi təkbaşına görmür, onların əhatəsində bir çox qurumlar var. Bu qurumlardan biri Yüksək Təhlükəsizlik Şurasıdır. Həmin şurada çalışanlar oraya Xamenei tərəfindən göndərilib və onların verdiyi qərarı Xamenei təsdiqləməlidir. İranda xarici siyasətdə əsas xəttləri ya Xamenei təkbaşına özü, ya da Xameneiyə bağlı olan bəzi qurumlar çəkir”.

Politoloq qeyd edib ki, bu şəxslərdən hansınınsa prezident seçilməsi gələcəkdə İran və Azərbaycan münasibətlərində ciddi dəyişikliyə səbəb olmayacaq. Onun sözləriə görə, bəziləri belə düşünür ki, Ruhani prezident olduğu zaman İran Qərbə mülayim, Mahmud Əhmədinejat olduğu zaman isə bir az sərt rəftar edir: “Amma hər şey ərazidəki geosiyasi mühitdən asılıdır. İranda “sözdə seçki” başa çatdıqdan sonra siyasi addımları beynəlxalq vəziyyətin tələbinə uyğun atacaqlar. İyunun 3-də İran Məclis başqanı Məhəmməd Baqir də namizəd oldu. Amma hazırki postlarda namizəd olan şəxslərin seçilməsi durumunda Azərbaycana qarşı hər hansı mövqe dəyişikliyinin olacağını demək çətindir”.

Məhəmməd Rəhmanifər əlavə edib ki, Səid Cəlili prezident seçilərsə, Azərbaycan qarşı daha ağır və sərt bir siyasət yürüdəcək. Amma bu sadəcə Azərbaycana qarşı deyil, ümumən Qərb dünyasına qarşı sərt bir siyasət gözlənilir. Mahmud Əhmədinejata və Əli Laricaniyə prezident səlahiyyətinin veriləcəyini demək çətindir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*