“Uzun illərdir yazırdıq ki, İran və Rusiyadan ölkəmizə heç vaxt dost olmayacaq, xüsusilə İran daim bizim bir dövlət kimi yox olmağımız üçün hər şey etməyə hazırdır”.
KONKRET.az xəbər verir ki, Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli ötən gün Bakının mərkəzində İranın “canlı bomba”larını nümayiş etdirməsinə münasibət bildirərkən bu fikirləri səsləndirib.
A.Əsədli hesab edir ki, Azərbaycan vətəndaşı İrandan hec vaxt demokratiya, azad cəmiyyət havasının gəlməyəcəyini bilməlidir:
“Oradan ancaq irtica, işğal və cahillik havası əsər. İran əlaltılarının meydanda at oynatması, eyni zamanda Azərbaycanın bəzi siyasi partiyalarının, xüsusilə müxalif düşərgənin əksəriyyətinin buna loyal yanaşması acı bir həqiqətdən xəbər verir: ölkədə ideoloji boşluq var və bu boşluq cəmiyyətlə siyasətçilər arasında uçurumu dərinləşdirir. Bu gün İranın əlini öpənlər liderə çevrilirlər. Siyasi fəallıq göstərən gəncliklə işləyib, onları öz tərəflərinə çəkirlər. Çünki İran öz daxilində türklərə hər an partlayacaq bomba kimi baxır. Bu səbəbdən fürsət düşən kimi hər cür düşmənliyini edir”.
Partiya liderinin fikrincə, bugünkü ideoloji boşluğun yaranmasında ən böyük suç isə milliyyətçi kəsimə xitab edən müxalifətindir: “Amma indi əsas məsələ budur ki, biz bu bəlaları, başqa dövlətin təhdidlərini necə zərərsizləşdirə bilərik?
Bu, sadəcə dövlət qurumlarının bürokratik inzibati həll yolları ilə mümkündürmü? Xeyr!”.
A.Əsədli hesab edir ki, ölkənin intellektual qismi yığışıb, bu ideoloji boşluğu doldura bilər. Çünki cəmiyyətdə gedən bütün proseslərin avanqardı, adətən, intellektuallar və gənclik olur: “İllərdir davasından çəkilmiş, davasını sevən intellektuallar, meydan sizi gözləyir! Səsinizi qısmayın!”.
Rəsmiyyə Şərifova,
KONKRET.az