İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildibackend

İrandan şok açıqlama: Trampa və Netanyahuya dəstək verildi

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu mürəkkəb vəziyyətdədirlər. Onlar İranla 12 günlük müharibə nəticəsində nə qədər “zərbələr nəticəsində İranın uranı zənginləşdirmə mərkəzləri məhv edildi” desələr də, bunu sübut edəcək faktları yoxdur. İşləri korlayan Mərkəzi Kəşfiyyat İdarəsindən adının çəkilməsini istəməyən mənbənin İranın uranı zənginləşdirən mərkəzlərinin böyük zərər görməməsi barədə mətbuata ötürdüyü məlumat olub. Bu məlumat Donald Trampı hövsələdən çıxarıb. Çünki həmin xəbər Trampın qələbə eyforiyasını heçə endirib. Buna görə də Trampın təlimatı ilə müdafiə naziri və Baş Qərargah rəisi Vaşinqtonda birgə mətbuat konfransı keçiriblər. Ancaq həmin konfransda da jurnalistlərin sualları cavabsız qalıb, İranın uranı zənginləşdirən mərkəzlərinin dağıdıldığını sübut edən faktlar və ya görüntülər ortaya qoyulmayıb.

KONKRET.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, İsrailin Baş naziri Benyamin Netanyahu da eyni vəziyyətdədir:

“O, Tramp kimi məsələyə nöqtə qoyulduğunu bildirib. Ancaq İsraildə də İranın daha uranı zənginləşdirməyəcəyinə dair şübhələr var. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossinin İranın uranı yenidən zənginləşdirə biləcəyi haqqında açıqlaması şübhələri daha da artırıb.

Bu arada, Tehran da siyasətini dəyişməyə başlayıb. Başda ali dini lider Əli Xamenei başda olmaqla, İran rəsmiləri və generalları 12 günlük müharibədən sonra belə bəyanatlar verdilər ki, İsrail və ABŞ İranın uranı zənginləşdirən mərkəzlərinə elə ciddi zərər vura bilməyiblər. Ancaq daha sonra Tehrandan fərqli açıqlamalar gəlməyə başlayıb. İran xarici işlər naziri Abbas Arakçı ABŞ-ın nüvə obyektlərinə zərbələrinin geniş və ciddi ziyan vurduğunu bildirib. Eyni səpkili açıqlamaları aşağı ranqlı digər iranlı diplomatlar da səsləndirib. Bu, Tehranın taktiki gedişidir. Çünki İran rəsmiləri hər dəfə “zərbələr nüvə obyektlərinə zərər vurmayıb” desələr, bu, Trampı və Netanyahunu gələcəkdə İrana yeni zərbələrə həvəsləndirə bilər. Bu isə İran rejimini növbəti sınaqla üz-üzə qoyar. Ona görə də Tehrandan Trampın və Netanyahunun nüvə obyektlərinin dağıdılması barədə fikirlərini təsdiq edəcək açıqlamaların sayı arta bilər. Zərbələr nəticəsində uranı zənginləşdirən mərkəzlərin real vəziyyətini isə İranda çox dar çərçivə bilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*