Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verərkən toxunduğu aktual məsələlərdən biri də Zəngəzur dəhlizinin reallaşması ilə bağlı idi.
Yeni reallıqları özündə ehtiva edəcək Zəngəzur dəhlizi müasir dövrümüzün regional miqyasda ən çox gözlənilən siyasi-iqtisadi layihəsidir. 1991-ci ilin dekabr ayından etibarən ölkəmizin əsas ərazisi ilə dəmiryolu və avtomobil əlaqəsi kəsilmiş Naxçıvan üçün çox böyük əhəmiyyət daşıyan bu layihə təkcə Azərbaycan deyil, eyni zamanda Rusiya, Türkiyə, Ermənistan və İran üçün yeni loqistik imkanlar açır. Bu layihədən az qala eyni dərəcədə yararlana biləcək ölkələr sırasına Mərkəzi Asiya və Çin də daxildir. Mahiyyətinə varanda bu regional layihə deyil, daha çox yeni dünya reallıqlarını ehtiva edən qlobal-beynəlmiləl logistik layihədir. Odur ki, Zəngəzur dəhlizinə sadəcə olaraq Azərbaycanın əsas ərazisini Naxçıvanla bağlayan dəhliz kimi münasibət göstərmək əslində bəsit yanaşmadır. Bəri başdan deyək ki, Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyması fonunda bu layihənin verə biləcəyi potensial imkanları düzgün qiymətləndirə biləcək uğurlu regional komandanın formalaşması da böyük əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan işğaldan azad etdiyi ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir. Hazırda Horadiz-Ağbənd dəmiryolunun 40 faiz, avtomobil yolunun isə 70 faizlik hissəsinin hazır olması faktı Zəngəzur dəhlizinin reallaşacağına olan inamın da göstəricisidir.
Çinin “Bir kəmər bir yol layihəsi” və Zəngəzur dəhlizi
Prezident İlham Əliyev hələ 2019-cu ildə Çin Xalq Respublikasında “Bir kəmər, bir yol” forumunda iştirak edəndə Qarabağ ətrafında yeni reallıq formalaşmamışdı. 44 günlük müharibədəki zəfərimizdən sonra Azərbaycan keyfiyyətcə yeni və uzunmüddətli perspektivə hesablanmış real şəraiti ortaya qoydu. Çinlə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərimiz, rəsmi Pekin üçün yeni loqistik imkanlar açan ölkə kimi daha da möhkəmləndi. Çin Xalq Respublikasının sədri Si Tsinpin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında 2022-ci ilin 15 sentyabr tarixində Səmərqənd şəhərində keçirilmiş görüş mahiyyətinə varanda Zəngəzur dəhlizinin gələcək fəaliyyəti üçün böyük əhəmiyyət daşımışdı. Çünki indiki reallıqlarda Avrasiya qitəsinin super dövləti məhz Çindir. “Orta dəhliz”, “Bir kəmər, bir yol” layihələri çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olması faktı Zəngəzur dəhlizini labüd edir. Bu yöndə ölkəmizin nəqliyyat-logistika imkanları böyük əhəmiyyətə malikdir və Çinlə Avropa arasında beynəlxalq yük daşımaları prosesində mühüm rol oynayır.
Unutmaq olmaz ki, bu yöndə 2017-ci ildə istismara verilmiş Bakı-Tbilisi-Qars dəmiryolu da böyük önəm daşıyır. Respublikamızın qonşu Gürcüstana 775 milyon dollar kredit verilməsi ilə reallaşan bu layihəyə indiki dövrdə 100 milyon dollardan çox vəsaitin ayrılması və bunun nəticəsində buraxılış gücünün artırılması nəzərdə tutulub ki, bu da dəmir yolunun ötürmə qabiliyyətini indiki 1 milyon tondan 5 milyon tona qədər artıracaq. Məhz Səmərqənd görüşü Çin və Mərkəzi Asiya məhsullarının bizim ərazimizdən də keçməklə, maneəsiz olaraq Avropa və Yaxın Şərq bazarlarına qısa müddətə və daha ucuz məsrəflərlə çatdırılmasında ölkəmizin xüsusi rolunu ortaya qoyub. Bu yöndə Xəzər dənizində ən böyük limana çevrilən və hazırda genişləndirilən Ələt Beynəlxalq Limanının da böyük rolu var. Zəngəzur dəhlizinin beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilmiş ölkəmiz üçün daha böyük imkanlar açacağı göz önündədir.
Zəngəzur dəhlizinin Ermənistan üçün perspektivləri
Digər tərəfdən unutmaq olmaz ki, Çin həm də Ermənistanın əsas xarici ticarət tərəfdaşlarından biridir və bu göstəriciyə görə Rusiyadan sonra ikinci sırada gəlir. Rəsmi İrəvanın ixracının 12 faizi, idxalının isə 15 faizi məhz Çinin payına düşür. Ermənistanın əsas ixracat məhsulu sayılan molibden konsetranın son il ərzində Çinə satışının təqribən 50 faiz artması bu məhsulun çatdırılmasında Zəngəzur dəhlizinin əsas logistik həlqələrdən birinə çevirəcəyindən xəbər verir. Ermənistanın xarici ticarət dövriyyəsində birinci tərəfdaşı olan Rusiya isə bütövlükdə bu layihənin tez bir zamanda reallaşmasının əsas tərəfdarıdır. Xatırladaq ki, Ermənistanın dəmir yollarının sahibi Rusiya Dəmir Yolları şirkətidir. Loqistik baxımdan dalan dövlətə çevrilmiş “Hayastan”ın dəmir yolları ancaq ziyana işləməklə Rusiya tərəfi üçün də ciddi maliyyə problemləri yaradır. Ukrayna ilə apardığı müharibə səbəbindən bu gün ciddi loqistik problemlərlə üzləşən rəsmi Moskva üçün Zəngəzur dəhlizi böyük əhəmiyyətə malikdir. Məhz bu dəhliz vasitəsilə Rusiya yaxın gələcəkdə Türkiyə və Yaxın Şərq ölkələrinə maneəsiz daşımalar həyata keçirə biləcək. Çünki “Şimal-Cənub” nəqliyyat dəhlizinin tərkibi olan dəmir yolu xəttinin İran tərəfdən inşasının gecikdirməsi faktiki olaraq şimal qonşumuzun cənub coğrafiyasına çıxışını ciddi şəkildə ləngidir.
Digər tərəfdən Ermənistanla Avroasiya İqtisadi İttifaqında yer alan və gömrük maneəsi olmadan ticarət aparan Qazaxıstan və Qırğızıstan üçün də yükdaşımalarında Zəngəzur dəhlizi çox cəlbedicidir. Başqa bir məqam isə Ermənistanın xarici aləmlə bağlayan Gürcüstanının Yuxarı Lars buraxılış məntəqəsinin çox çətin coğrafi relyefdə yerləşməsi, tranzit yükləri üçün ümumilikdə buraxılış gücünün az olması ilə bağlıdır. Ötən il daşqınlar səbəbindən bu yolun təqribən iki kilometrlik hissəsini sel suları dağıtdığından Ermənistan bir aydan çox müddətdə yarım blokada şəraitinə düşmüşdü. O zaman əsas ağırlıq Ermənistanın İranla sərhədində, çox da böyük loqistik imkanlara malik olmayan Karçevan buraxılış məntəqəsinin üzərinə düşmüşdü.
Bir sözlə, ümumi görünən mənzərə ondan xəbər verir ki, Zəngəzur dəhlizinin iqtisadi səmərəsi Ermənistan da daxil olmaqla bütün region dövlətlərinin ümumi iqtisadi maraqlarına xidmət edir. Bu isə dayanıqlı sülhə apara biləcək yoldur. Prezident İlham Əliyevin dünənki müsahibəsində vurğuladığı kimi: “Əlbəttə ki, Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir. Ona görə mən dedim ki, Ermənistan istəsə də, istəməsə də bu, reallaşacaq. Yəni, bunu Ermənistanda yenə növbəti təhdid kimi qəbul edirlər, halbuki belə fikrim yox idi. Sadəcə olaraq, bu, qaçılmazdır. Bu, gec-tez olacaq. Əlbəttə, biz istəyirik ki, tez olsun və daha tez olsun”.
KONKRET.az-ın ANALİTİK QRUPU