“Harda müsəlman görürəm, qorxuram”… Rəhmətlik Mirzə Ələkbər Sabirin “Qorxuram” şeirindən olan bu misranı əbəs yerə xatırlamadım. Təəssüflər olsun ki, hələ 19-cu əsrdə yazılan bu sətirlər günümüzdə də öz aktuallığını qoruyur. Söhbət əlbəttə ki, həqiqi İslamdan və əsl müsəlmanlardan getmir. Elə dahi şair də bu qəbildən olan şeirlərini Haqq yolunu tutanlara deyil, xurafatın, cahilliyin təbliğatçılarına ithaf edib. Çünki əsl İslamın həqiqətlərini öyrənən hər kəs bu dinin xurafatla əlaqəsi olmadığını görür. Ancaq xurafatçılıqdan, insanların Allaha, onun Peyğəmbərinə və Əhli-Beytinə olan sevgisindən öz çirkin məqsədləri üçün istifadə edənlər haqda az sonra danışacağam.
Qeyd edim ki, din həm də bir ideologiya və çox güclü təbliğat vasitəsidir. Çünki tarix boyu cahil kütləni idarə etmək üçün onun savadsızlığından, bir də dini etiqadından istifadə ediblər. Sözügedən ənənə bu gün də öz aktuallığını qoruyub-saxlayır. Qloballaşan dünyada dini ideologiyadan ən güclü təbliğat vasitəsi kimi istifadə edən dövlət isə cənub qonşumuz İrandır.
Şiəliyi özünə “qırmızı xətt” sayan, insanların Əhli-Beytə olan sevgisindən mənfur məqsədləri üçün yararlanan fars-molla rejiminin əslində həqiqi dinlə heç bir əlaqəsi yoxdur. Onun qırmızı xəttini isə yalnız dövlət maraqları təşkil edir. Əlbəttə, deyə bilərsiniz ki, axı bir dövlətin öz milli maraqlarını təmin etmək üçün çaba göstərməsində pis nə var ki?Təbii ki, mən də burada heç bir qəbahət görmürəm. Amma İran kimi teokratik üsulla idarə edilən ölkələrdə İslam dininin qanunları milli maraqlardan ön planda gəlməlidir. Bu nöqteyi nəzərdən yanaşsaq, İran, əhalisinin böyük hissəsini şiələrin təşkil etdiyi Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirməli olduğu halda tam əks mövqe sərgiləyir.
Qarabağda on minlərlə müsəlman azərbaycanlını qətlə yetirən, məscidləri donuz tövləsinə çevirən xristian Ermənistana rəğbət bəsləyən molla rejiminin əsl xislətini sözügedən faktlar sübut edir. Bəllidir ki, bəzi ağzıgöyçəklər buna siyasi don geyindirməyə, fars-molla rejiminin riyakarlığını Azərbaycan-İsrail münasibətləri ilə əlaqələndirməyə cəhd göstərirlər. Amma bu arqumentin özü kökündən yanlışdır və absurddur. Çünki İslam dini bizə öz ibadətgahlarımıza sahib çıxmağı, müsəlman bacı və qardaşlarımızı qorumağı tövsiyə edir. Buradan İranın fars-molla rejiminin həqiqi İslamla heç bir əlaqəsinin olmadığı ortaya çıxır.
Təəssüflər olsun ki, İranın dini ideologiyasının təsirləri Azərbaycandan da yan keçməyib. Xalqımızın dini etiqadından və Əhli-Beytə olan sevgisindən İran mollaları var gücləri ilə istifadə etməyə çalışıblar. Bəzən öz maraqlarını həyata keçirməyə nail də olublar. Təbii ki, bütün bunlar Sovet hökumətinin dağılmasından, yenicə müstəqillik əldə edən Azərbaycandakı dini-ideoloji boşluqlardan qaynaqlanıb.
Amma dövlətimiz gücləndikcə fars-molla rejiminin ölkəmizdəki casus şəbəkəsi darmadağın edilib və “vətənə xəyanət” yolu tutanlar qanun qarşısına çıxarılıb. Bütün bunlara rəğmən İran hər vəchlə regionda baş verən hadisələrə dini don geyindirməkdən, öz ideoloji təsir rıçaqlarını işə salmaqdan əl çəkmir. Yuxarıda qeyd etdiyim kimi, rejimin ən böyük təsir vasitələrindən biri də sadə azərbaycanlıların Əhli-Beytə olan sevgisidir.
Bəziləri bu sevgini dərk edərək yaşasalar da, bir çoxları kor-koranə şəkildə, yəni dindən və islam müqəddəslərinin həyatından xəbərdar olmadan rəğbət bəsləyirlər. Məhz bu kütlə çox asanlıqla İranın fars-molla rejiminin ideoloji təsir dairəsinə düşür, onların beyinləri yuyularaq dövlətə və dövlətçiliyə qarşı yönəldilir. Bu, çox təhlükəli tendensiyadır və qarşısı vaxtında alınmalıdır.
Çıxış yolu isə dövlətin bu sahəyə diqqətinin daha da artırılmasından keçir. Yəni milli din xadimlərinin yetişdirilmsinə xüsusi önəm verilməli, dini təhsil verən müəssisələrin sayı artırılmalı, İranın beyin mərkəzlərinin təsir dairəsindən kənar olan ilahiyyatçılar yetişdirilməli və kütləni ələ almaq bacarığı onlara aşılanmalıdır.
Hesab edirəm ki, biz cəmiyyət olaraq İslam müqəddəslərini fars-molla rejimi ilə bağlamaqdan uzaq olmalıyıq. İranın isə İslam adından danışmağa heç bir mənəvi haqqı yoxdur. Bu mövqedən çıxış etmək əxlaqsızlığın ən iyrən formasıdır və ona görə də fars-molla rejimi məhvə məhkumdur.
Müşviq Tofiqoğlu,
KONKRET.az