İrəvanda bayrağımızın yandırılması KİMİN sifarişidir? – DSX, MN, XİN-in mövqeyi və ŞƏRHbackend

İrəvanda bayrağımızın yandırılması KİMİN sifarişidir? - DSX, MN, XİN-in mövqeyi və ŞƏRH

“İrəvandakı Azadlıq Meydanında məşəl yürüşü zamanı Azərbaycan və Türkiyə bayraqlarının əvvəlcədən planlaşdırılmış və təşkil olunmuş şəkildə yandırılmasını qətiyyətlə pisləyirik”.

KONKRET.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi mövqeyinin davamında Ermənistan hökuməti və Baş nazir Nikol Paşinyanın bu kimi nifrət cinayətlərinin və ksenofobik hərəkətlərin qarşısının alınması üçün təcili tədbirlər görməli olduğu vurğulanır.

Aprelin 23-ü baş verən və sivil dövlətlərə yaraşmayan bayraqyandırmanın səbəblərini araşdırmaq üçün İrəvanda baş tutmuş ağır atletika üzrə Avropa çempionatını xatırlatmaq, bəlkə də kifayət edərdi. Çünki həmin yarışda Azərbaycan idmançıları və dövlət rəmzinə qarşı həqarət dolu cinayət əvvəlcədən planlaşdırılmışdı. Məsuliyyətə cəlb olunmuş erməninin həmyerliləri tərəfindən “qəhrəman” kimi qarşılanması da qurama idi. Çünki həmin erməni üçün dırnağa aldığımız sözün ilk üç hərfinin – “qəh”in sonuna başqa 2 hərf artırmaq daha doğru olardı. Əvvəlki yazılarda da iki qonşu ölkə arasındakı nifaqın kökü barədə qeydlər etmişik. Ümumiyyətlə, Ermənistan adlı hibrid dövləti Rusiya yaradıbsa, dığaların türklərə münasibətdə düşmən kimi böyüdülməsi də Kremlin metodikasıdır. Səbəblər elə tarixdə gizlənir:

1. I Pyotr vəsiyyətlərini reallaşdıran lider kimi tarixə düşmək istəyən Nikolaylar, Qorbaçovlar, Putinlər çox olub;

2. Döyüşdə yox, çimərkən çəlləkdə ölən Pyotr mirasının qayəsi Qara və Xəzər dənizlərinə nəzarətdir;

3. Hər iki dənizin sahilləri, əsasən türk dövlətlərilə əhatə olunur;

4. Yoxsa daşnaklar “dənizdən dənizə Ermənistan” xam xəyalına düşməzdilər.

Bu nüansları uzatdıqca uzanacaq. Ona görə də bayrağımıza əl uzadanlardan bəhs edək. Çempionatda Azərbaycan bayrağı yandırıldı. Lakin birincilik əldə edən türklər digər hilal və ulduzu ucaldaraq həm də intiqam almış oldular. Yürüşdə hər iki dövlət rəmzlərinin yandırılması bununla da bağlı ola bilər. Erməni kini, intiqam, nifrət dolu xisləti hamıya bəllidir. Amma başqa səbəblər də var.

Belə ki, aprelin 23-ü Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Ermənilərin panika dolu görüntüləri videokontentləri cənginə aldığı üçün bu olaydan çox adam xəbərdardır.

Əvvəlcə onu deyək ki, Azərbaycan və Türkiyə bayraqlarını yandıran armenoidlər “miatsum” ideologiyalılardır. Əksəriyyəti hazırda iqtidarda olmayan “Qarabağ klanı”nın tör-töküntüləridir. Sözügedən “ideologiya” və adıçəkilən “klan”ın yaradıcısı isə Moskvadır. Bəs Rusiya niyə özündən çıxıb ki?

– Ölkənin Ukraynada müharibə travmaları var;

– Slobodan Miloşeviç aqibətini yaşamağa ən real namizəd Putindir;

– Hərçənd Azərbaycan XİN-in bəyanatında bildirilir ki, yeni nəzarət mexanizmi Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirmə şəraitində həyata keçiriləcək. Bəs Rusiya nədən qıcıqlansın;

– Arayikin fövqəladə iclas keçirtməsinə normal demək olmaz, çünki qondarma rejimlə əlaqəli hər şey anormaldır. Əgər Rusiya Qarabağda sülhməramlı missiya həyata keçirirsə, separatçılığa dəstək vermirsə, niyə İrəvan revanşizm ab-havasına qərq olur?

Bəlkə Rusiyanın bölgədəki qalıcılığının əsas təminatçısı elə savaşdır? Bu heç, amma İrəvanda revanşistlərin nə üçün artmasını Rusiyadan soruşsaq, deyəcək ki, “İrəvan Moskva deyil”. Çox da ki, dövlət və özəl sektoru Moskvanın nəzarətindədir.

İrəvandakı bayraq yandırılmasında sifarişçini tapmaq üçün Müdafiə Nazirliyinin də məlumatına nəzər yetirək:

“Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”.

Məntəqə qurulandan 3 saat sonra…

Sərhəddəki genişmiqyaslı təxribatların arxasında Kremlə tabe ermənilərin dayandığı barədə çox informasiya var. Paşinyanı sudan quru çıxartmaq fikrim yoxdur, amma o bədbəxt 2018-dən bəri özünə oxşar ölkəsinin müdafiə nazirliyindəki ruspərəst generalları istefaya göndərməklə məşğuldur.

Söhbət ondan gedir ki, Laçındakı sərhəd-buraxılış məntəqəmiz yalnız Rusiya və “Artsax”a sərf eləmir. Həmçinin Paşinyan hökuməti Azərbaycanı bir növ təhrik etdi ki, sözügedən məntəqə qurulsun. Çünki həmin ərazinin özlərinə aid hissəsində oxşar məntəqəni ermənilər azərbaycanlılardan 1 gün qabaq – aprelin 22-də quraşdırıblar.

Deməli, Azərbaycanın ərazi bötüvlüyünü tanıdığını bəyan edən Paşinyana nə “Artsax”, nə də oradakı rus sülhməramlılar lazımdır. Bu səbəbdən Xankəndidə Putinin portretini İsa Məsih qədər əzizləyənlərə son xəbərdarlıqlar göndərilməlidir ki, sülhməramlıların fəaliyyəti müvəqqətidir və indi özünü “müstəqil”, yaxud Rusiya diyarı sayan “Artsax” adda rejim qalmayacaq. Bəli, separatçı-sülhməramlı “şərik”liyi yaşanan ərazilərin çoxu Qarabağ İqtisadi Rayonuna aiddir. Bu “ortaq”lığın dövriyyəsi Laçın vasitəsilə tənzimlənirdi. Azərbaycan sərhəd-buraxılış məntəqəsini qurmaqla sülhməramlılarla separatçıların hərbi əməkdaşlığı, şərabçılıq, narkoticarət, intim xidmət kimi qanunsuz fəaliyyətlərinin üstündən xətt çəkdi və ya gələcək özbaşınalıqları sual altında qoydu. Hər şey ekofəalların Laçın yolundakı etirazları ilə başlamışdı. Çünki bu aksiyada çox cinayətin üstü açıldı və yetərincə qanunsuzluğun qarşısı alındı.

Sonda qeyd edim ki, ermənilərin türk bayraqlarını yandırması 24 (1915) aprel tarixi ilə də əlaqədar ola bilər. Belə ki, onlar bu tarixdə qondarma “erməni soyqırımı”, – deyə “çastuşka” oynayırlar.

Anar Rəhimov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*