“İşbazlar qiymət artımının yeni – daha “modern” bir formasını tapıblar…” – Sabiq maliyyə naziribackend

"İşbazlar qiymət artımının yeni – daha “modern” bir formasını tapıblar..." - Sabiq maliyyə naziri

Apardığım şəxsi müşahidələr onu göstərir ki, son aylar ərzində yerli bazarda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətləri davamlı şəkildə artır. Maraqlı olan budur ki, bu yolla varlanmağa rəvac vermiş işbazlar qiymət artımının yeni – daha “modern” bir formasını tapıblar. İstehlak mallarının və ilk növbədə ərzaq məhsullarının kəskin qiymət artımının cəmiyyətdə qıcıq yaradacağından qorxan bu işbazlar, mal və məhsulların qiymətlərini “az-az və tez-tez” prinsipinə söykənərək qaldırırlar. Qiymətlərin bu şəkildə artırılması ilk baxışda bir o qədər nəzərə çarpmasa da bir müddətdən sonra məhsulun qiymətində əhəmiyyətli artımın yaranmasına gətirib çıxarır. Təbi ki, qiymət artımları yalnız ticarət sferasında baş vermir. Həmən malları ölkə ərazisinə idxal edən iş adamları, daxildə bu məhsulları istehsal edən müəssisələr də bu qiymətləri “az-az və tez-tez” prinsipi ilə davamlı artırırlar. Nəticə etibarilə uduzan vətəndaş, qazanan isə bir qrup toplum olur.  Bəs qiymət artımının bu şəkildə baş verməsinin əsas səbəbləri nədir? Əsassız qiymət artımlarını aradan qaldırmağın hansı yolları var?

Bu vəziyyəti tənzimləməyin yeganə yolu bazarda məhsul bolluğu yaratmaqdır. Bunun üçün ilk növbədə bazara çıxarılan məhsulların həm istehsalı və həm də idxalı üzərindəki monopoliyanı aradan qaldırmaq lazımdır. Çünki monopolist qaldıqca, qiymətlər onun tərəfindən diktə olunacaqdır. Monopoliya real olaraq aradan qaldırıldıqdan sonra, məhsul bazarında normal rəqabət mühiti yaranacaq və bununla da hər bir məhsulun real bazar qiyməti formalaşacaqdır.

Daxili bazarın istehlak mallarına olan tələbatının ödənilməsinin ən yaxşı yolu yerli istehsalı artırmaqla buna nail olmaqdır. Bazarın təlabatını idxal hesabına ödəməkdən fərqli olaraq, yerli istehsal, ölkəyə bir çox digər dvidentlər də qazandırır. Yerli istehsal idxalı əvəzləyir və deməli bununla ölkədən möhkəm valyuta axınının qarşısı alınır. Yerli istehsal daxili bazarın təlabatını ödədikdən sonra məhsulun digər hissəsi ixrac edilərək, ölkəyə möhkəm valyuta gətirir. Yerli istehsal ölkədə işsizliyin aradan qaldırılmasına xidmət edir. Yerli istehsal  büdcəyə idxal vergi və rüsumlarından daha çox gəlir gətirə bilir. Bəs bu sahədə indiki durum necədir?

Vəziyyəti Respublika Mərkəzi Stataistika Komitəsinin təqdim etdiyi məlumatlar əsasında təhlil edək. Bu məlumatlar son illər ərzində ölkəyə idxal olunan məhsulların həcminin sürətlə artdığını göstərir. Belə ki, əgər 2014-cü ildə ölkəyə 9,2 milyard dolar həcmində məhsul idxal edilmişdirsə, 2020-ci ildə bu rəqəm 13,5 milyard dollara qədər yüksəlib. Beləliklə son 7 il ərzində Azərbaycana idxal olunan məhsulların həcmi 4,3 milyard dollar artıb. Yeddi il ərzində idxalın həcmində baş vermiş bu artım o deməkdir ki, bu illər ərzində yerli istehsal da təxminən bir o qədər azalıb və bu səbəbdən də bazarın təlabatını ödəmək üçün idxal belə artıb. İdaxlın hər il orta hesabla 614 milyon dollar və ya 1 milyard manatdan çox artmasının bir başqa səbəbini 2020-ci ildə ölkə iqtisadiyyatının yaşadığı Pandemiya ilə əlaqələndirmək də düzgün deyil. Çünki idxalın buna bənzər bir səviyyədə arması pandemiyadan əvvəlki illərdə də baş verib. Daha dəqiq, 2014-cü illə müqayisədə 2019-cu ildə idxalın həcmi 4,5 milyard dollar və ya 7,7 milyard manat artıb. Bu, 6 il ərzində ölkəyə xaricdən gətirilən mal və məhsulların həcminin hər il orta hesabla 1,3 milyard manat artması və təbi ki, yerli istehsalın da hər il bu səviyyədə azalması anlamına gəlir. Əgər göstərdiyimiz dövrdə qeyri-neft sektorundan ixracın həcmində kəskin bir artım baş versəydi, o halda idxalın həcmində göstərdiyimiz artımı bununla izah etmək mümkün olardı. Lakin 2014-cü illə müqayisədə 2019-cu ildə qeyri-neft sektorundan ixracın həcmində cəmi 200 milyon dollar artım baş verib.

Yaranmış vəziyyətdən çıxmağın ən doğru yolu, yerli istehsalın inkişafı üçün real fəaliyyət mühiti yaratmaq və biznesin maliyyə əlçatanlığını təmin etməkdir. Çox təəssüf ki, dövlət başçısının şəxsi təşəbbüsü ilə biznesin inkişafı üçün qəbul edilmiş qərarların bir çoxu işləmir və ya düzgün tətbiq edilmir. Söhbət təbii ki, səmərəli idarəçilikdən gedir. Bu gün dövlətə aid olan Neft Şirkəti, onun tərkibindəki Azəriqaz, Azərenerji və onun tərkibində olan Azərişıq, Azərsu və digər monopolistlər biznesin qarşısında əngəl yaradan və bununla da onun inkişafını tormozlayan bir dövlət qurumu imicini yaradıblar. Bu sahələrin biznesə yaratdıqları əngəllərə dair yüzlərlə misallar göstərmək mümkündür. Əmlak Məsələləri Dövlət Komitəsi biznes üçün böyük problemlər yaradan bir bürokratik aparata çevrilib, yerlərdə icra hakimiyyəti başçıları rəhbərlik etdikləri bölgələrdə yatrımlar etmək istəyən iş adamlarına kömək etmək əvəzinə, ilk öncə onlardan şəxsi maraqlarını reallaşdırmaq üçün istifadə etməyə çalışırlar.

Çox yaxşı bir haldır ki, artıq dövlət biznes qarşısında olan bu problemlərin çözülməsi üçün qətiyyətli addımlar atmağa rəvac verib. Ancaq bu prossesin başa çatması uzun zaman tələb edəcəkdir. Yəni monopoliyanın tam aradan qaldırılması, hakimiyyətin biznesin qanını zəli kimi soran məmurlardan xilas olması, biznesin təhlükəsizliyinin tam təmin edəcək mühitin formalaşdırıracaq digər islahatların başa çatdırılması bir neçə il vaxt tələb edəcəkdir. Bəs bu dönəmdə ölkədə hansı yollarla məhsul bolluğu yaratmaq və bununla da qiymətlərin aşağı düşməsini təmin etmək mümkündür? Bu yollardan biri –  bir neçə qərarla idxal prosseslərindəki süni əngəlləri aradan qaldırmaqdan keçir.

2020-ci ildə Azərbaycana 13,5 milyard dollar həcmində mal və məhsullar idxal edilib. Daxili bazarın tələbini ödəmək üçün ölkəyə idxal olunan bu məhsulların idxal rüsumları ortalama 40 % ətrafındadır. Bu fantastik rüsumlar daxili bazardakı qiymətlərə ciddi təsir edir. Dünyanın heç yerində bu səviyyədə gömrük rüsumları və vergiləri mövcud deyil. Biz bu barədə mətbuat səhifələrində dəfələrlə çıxışlar etmişik. Rüsumların belə yüksək olması daxili bazardakı qiymətlərin yüksək olmasını şərtləndirən başlıca səbəblərdən biridir.

Bir qədər öncə vətəndaşların ölkə ərazisinə bir ay ərzində rüsumsuz gətirdikləri məhsulların həcminin iki-üç dəfə azaldılması da bazarda qiymətlərin yüksəlməsinə səbəb olan amillərdən biridir. İnsanlar özləri ilə gətirdikləri məhsulların hamısını öz istehlaklarına yönəltmirdilər, o məhsulların bir qismi də bazara çıxaraq bolluq yaradılmasına xidmət edirdi.

Beləliklə, yerli bazarlarda qiymətlərin artımının qarşısını almaq üçün ilk növbədə ölkəyə gətirilən məhsullara tətbiq edilən gömrük rüsum və vergilərinin dərəcələrinə yenidən baxılaraq, onları kəskin azaltmaq lazımdır. Biz nəhayət ki, eyni zamanda xəzinəyə daha çox vəsait toplamağın səmərəli yollları üzərində düşünməliyik. Bu yollardan biri, az rüsum və vergilərlə ölkəyə daha çox məhsulun gəlməsinə şərait yaradıb, dövriyyənin artırılması hesabına büdcəyə daxilolmaları artırmaqdır. Bu yol seçilərsə, xəzinəyə indikindən bir neçə dəfə çox vəsait toplamaq olar. Eyni zamanda bu yol ölkədə məhsul bolluğunun yaranmasına və qiymətlərin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxarar. Qiymətlərin kəskin şəkildə azaldılmasının daha bir amil də fiziki şəxslərin ölkəyə gətirdikləri məhsulların həcminə qoyulan limiti bir neçə dəfə artırmaq ola bilər.

Fikrət yusifov

Sabiq maliyyə naziri, iqtisadçı professor

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*