İşğaldan azad edilmiş ərazilərə BÖYÜK QAYIDIŞ – Prioritetlər, vəzifələrbackend

İşğaldan azad edilmiş ərazilərə BÖYÜK QAYIDIŞ - Prioritetlər, vəzifələr

Şübhəsiz ki, müasir Azərbaycanın tarixində ən böyük hadisə torpaqlarımızın erməni işğalından tamamilə azad olunması və vətənimizin ərazi bütövlüyünün tam bərpa olunmasıdır.

İşğaldan azad edilmiş ərazilərə böyük qayıdışın Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunması da bu nəhəng tarixi hadisənin ən mühüm tərkib hissəsidir. İşğaldan azad edilmiş ərazilərimizdə bütün şəhərlərin, kəndlərin, infrastrukturların, tarixi, mədəni və dini abidələrin barbarcasına dağıdılması, torpaqların kütləvi şəkildə minalaşdırılması, meşələrin yandırılması, çayların çirkləndirilməsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun bütün əhalisinin öz doğma yurd-yuvalarına dərhal və hamılıqla dönməsinə böyük əngəl yaratdı.

Amma parlaq zəfərimizdən cəmi 8 gün və Ermənistanın kapitulyasiyasından 6 gün keçəndən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli, Cəbrayıl rayonlarına səfər etməsi bu prosesin sürətlə aparılacağından xəbər verdi. Elə həmin gün dövlət başçımız Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verməklə, Qarabağ iqtisadi rayonunda quruculuq işlərinə başlanılmasının əsasını qoydu.

Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək? | Azadliq

Artıq 4 ilə yaxındır ki, bütün dünya dövlət başçımızın vaxtının çoxunu Qarabağın yenidən qurulmasına və bərpa olunmasına sərf etdiyinə şahiddir. Bütün maneələrə baxmayaraq İlham Əliyev var gücü ilə Qarabağa normal həyatın qayıtması, “Böyük Qayıdış” proqramının sürətlə həyata keçirilməsi üçün çalışır.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından iki ilə yaxın vaxt ötür. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən, çox sürətlə qurulmasını görmək bütün xalqımızda, Qarabağa yolu düşən xarici qonaqlarda xoş təəssüratlar yaradır.

“Böyük Qayıdışı”ın ilkin mərhələsi torpaqlarımızın minalardan təmizlənməsi kimi ağır proseslə başladı. hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun – digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. I Dövlət Proqramına əsasən, 2026-cı ilin sonunda ümumilikdə 280 min hektar ərazi minalardan təmizlənmiş olacaq. Bu işlər üzrə əsas icraçı Minatəmizləmə Agentliyi, digər icraçılar isə Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətidir. Bu ərazilərdə yeni yaşayış massivləri, müəssisələr, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmiryol xətlərinin çəkilişləri həyata keçirilir.

İndiyədək dinc sakinlərin, hərbi qulluqçuların, mülki işçilərin və jurnalistlərin ölümünə və ya yaralanmasına səbəb olan bu proses zamanı Azərbaycan dövləti bütün zəruri addımları atdı. Hətta mina xəritələrinin ölkəmizə təqdim olunması naminə Bakıda saxlanlan erməni hərbçilərini Ermənistana təhvil verdi. Bu gün də ərazilərimizin minalardan təmizlənməsi prosesi davam edir.

Yol infrastrukturunun da yenidən qurulması mina təmizlənməsi ilə paralel aparıldı.

Azərbaycan dövləti fantastik görünən qısa müddət ərzində Zəfər yolunun çəkilməsinə, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Hava Limanının tikilməsinə və istifadəyə verilməsinə nail oldu. İndi Qarabağa səfər edən dövlət başçılarının təyyarələrinin Füzuliyə enməsi və bu hava limanı vasitəsilə Azərbaycandan yola salınması xoş ənənəyə çevrilib.

BÖYÜK QAYIDIŞ: Azərbaycan quruculuq meydanında

Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci il oktyabrın 20-də istifadəyə verildi. Üçüncü beynəlxalq statuslu hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Onun tikintisinin 2024-cü ildə başa çatdırılacağı planlaşdırılır.

Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev bildirdi ki, hazırda şəhərə daha geniş magistral avtomobil yolu çəkilir. “Yeddi tuneli, doqquz viaduku, bir çox körpüləri olan dördzolaqlı gözəl bir yol çəkilir və yəqin ki, gələn ilin sonuna qədər o da hazır olacaq”.

Hazırda Şuşa, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Laçın və Kəlbəcərdə infrastruktur yenidən qurulur. Qarabağ və Şərqi Zəngəzurun “Yaşıl Enerji Zonası” elan edilməsi, enerji infrastrukturunun qurulması, enerji təhlükəsizliyinin təmin edilməsi, torpaq sahələrinin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması, əkilib becərilməsi, heyvandarlıq təsərrüfatlarının bərpa olunması üçün su anbarlarının gələcək istismarı “Böyük Qayıdış”ın tərkib hissəsidir. Hadisələrin gedişi göstərdi ki, əhalinin köçürülməsindən öncə torpaq sahələrinin, heyvandarlığın kənd təsərrüfatı dövriyyəsinə cəlb olunması ilə bağlı hökumət düzgün qərar verib. Çünki əhalinin köçürülməsinin yubandığı bir mərhələdə torpaqların istifadəsiz qalması, Azərbaycanın ərzaq təhlükəsizliyinə töhfə verməməsi yolverilməz idi.

Hazırda, demək olar ki, 19 iyul 2022-ci il tarixində Zəngilan rayonunun Ağalı kəndindən başlayan “Böyük Qayıdış” layihəsi bu gün sürətlə davam etdirilir.

Dövlət başçısının tapşırığına əsasən artıq 4 ilə yaxındır ki, bu istiqamətdə müxtəlif işlər görülür, “Böyük Qayıdış” proqramının gerçəkləşməsi üçün bütün imkanlar səfərbər edilir. Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-cı ilədək 34 min 500 ailə köçürüləcək. Bu isə növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir.

Artıq Zəngilanın Ağalı kəndinin, Laçının Zabux və Sus kəndlərinin, Tərtərin Talış kəndinin, Füzuli şəhərinin, Laçın şəhərinin, Şuşa şəhərinin bir qrup əhalisi öz doğma yurd-yuvasına qovuşub.

Böyük qayıdış ili

Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edən və mənzillərin açarlarını bir qrup şuşalıya şəxsən təqdim edən İlham Əliyev bildirib ki, dövlət başçısı kimi 2003-cü ildən başlayaraq bütün keçmiş köçkünləri öz doğma yurdlarına qaytarmaq üçün əlindən gələni əsirgəməyib.

O, qeyd edib ki, dövlətimiz bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətlərini cəlb edib. Bu addım uzun illər ərzində ağır şəraitdə – çadırlarda, yataqxanalarda, uşaq bağçalarında, yararsız binalarda yaşamış insanların bundan sonra yaxşı və rahat yaşamaları məqsədilə atılıb. Bundan başqa, keçmiş köçkünlərin qayıtdıqları bütün qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, insanların işlə təmin olunması öz həllini tapır. Artıq bu ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək.

“Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq – ən müasir, ən rahat, ən gözəl. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək”.

Xatirə SADİQ,

KONKRET.az

Medianın İnkişafı Agentliyi — Vikipediya

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusuna uyğun olaraq hazırlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*