İşləməyənlər 16 manat sığorta pulunu necə ödəyəcək? – RƏSMİ CAVABbackend

İşləməyənlər 16 manat sığorta pulunu necə ödəyəcək? - RƏSMİ CAVAB

Son günlər işsizlərin və qeyri-formal məşğul şəxslərin aylıq 16 manat məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəyi ilə bağlı “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər geniş müzakirələrə səbəb olub. Cəmiyyətdə ən çox müzakirə olunan suallardan biri isə bu məbləği ödəməyən şəxslərin dövlət xəstəxanalarına müraciət etmək imkanının olub-olmaması ilə bağlıdır. Xüsusilə, rayonlarda özəl tibb müəssisələrinin azlığı narahatlığı daha da artırır.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Agentlikdən KONKRET.az-a verilən cavabda bildirildi ki, 16 manatlıq ödəniş məsələsi hələlik yalnız müzakirə mərhələsindədir və təsdiqlənməyib.

Agentlik eyni zamanda qeyd edib ki, bu mexanizm təsdiqlənsə belə, vətəndaşların dövlət xəstəxanalarına müraciət etmək hüququ məhdudlaşdırılmayacaq:

“Hər bir şəxs, sığortalı olub-olmamasının fərqinə varmadan ödənişli əsaslarla həm dövlət, həm də özəl tibb müəssisələrində xidmət ala bilər. Xidmətlər zərfinə daxil olmayan və ya sığorta edilməyən şəxslərə aid ayrıca xidmət qiymətləri mövcuddur. Həmin siyahı üzrə vətəndaşlar istənilən tibb müəssisəsində müayinə və müalicə ala bilərlər.”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi vurğulayıb ki, 16 manatlıq icbari sığorta haqqı ilə bağlı qərar hələ rəsmi şəkildə qəbul edilməyib və qaydalar təsdiqləndikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*