İsrail İrana qarşı genişmiqyaslı hücumlara başladı – Öldürülən generallar, partlayan şəhərlər, evakuasiya edilən aeroportlarbackend

İsrail İrana qarşı genişmiqyaslı hücumlara başladı – Öldürülən generallar, partlayan şəhərlər, evakuasiya edilən aeroportlar

İsrailin Hərbi Hava Qüvvələri İranda onlarla strateji hədəfi – nüvə obyektlərini, hərbi bazaları və yüksək rütbəli şəxslərin evlərini bombalamağa başlayıb. Hücumların ilk dalğası artıq başa çatıb və genişmiqyaslı dağıntılar, həmçinin yüksək səviyyəli itkilər barədə məlumatlar yayılmaqdadır.

KONKRET.az xəbər verir ki, İranın FarsNews agentliyinin məlumatına görə, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri öldürülüb. Eyni zamanda, Tasnim agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general Hüseyn Səlaminin və bir neçə nüvə fizikinin – Məhəmməd Mehdi Təhrançi, Fereydun Abbasi və Abdolhəmid Minuçehrin – həlak olduğunu təsdiqləyib.

Mehr agentliyi Təbrizdəki neftayırma zavoduna və Natanzdakı nüvə obyektlərinə zərbələr endirildiyini bildirir. Eyni zamanda, Tehranın yaxınlığındakı altı hərbi baza, Kermanşah və İsfahandakı obyektlər də hücuma məruz qalıb. Tələbə şəhəri Qum da bombalanıb. CNN və Reuters kimi nüfuzlu Qərb mediası İsrailin hücumlarını və nəticələrini təsdiqləyib.

Tehranda və digər şəhərlərdə güclü partlayış səsləri eşidilir. Jamaran agentliyi bu səslərin İranın hava hücumundan müdafiə sistemlərinin fəaliyyətindən qaynaqlandığını bildirib. İranın dövlət televiziyası isə Tehranda yaşayış binasında partlayış nəticəsində yanğın baş verdiyini nümayiş etdirib. Paytaxtdakı İmam Xomeyni Aeroportu tamamilə evakuasiya olunub, hava məkanına məhdudiyyətlər tətbiq edilib.

İranın ali rəhbərinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxani ağır yaralanıb və kritik vəziyyətdədir. Eyni zamanda, İran mediası general Məhəmməd Baqerinin öldürülməsi barədə xəbərləri rəsmi olaraq təkzib edib, onun əməliyyat komanda mərkəzində olduğunu bildirib. Lakin Reuters və ərəb KİV-ləri bu xəbəri təsdiq edir.

İsrail Baş naziri Benyamin Netanyahu əməliyyatların “İsrail üçün təhdidlərin aradan qaldırılması” məqsədi daşıdığını və “lazım gəldiyi qədər davam edəcəyini” bəyan edib. ABŞ rəsmiləri İsrailin hücumları barədə əvvəlcədən məlumatlı olsalar da, bu əməliyyatda iştirak etmədiklərini vurğulayıblar. ABŞ Dövlət Katibi Marko Rubio bildirib ki, Vaşinqton İsrailin müdafiəsini anlayır, lakin İranın ABŞ maraqlarına qarşı cavab tədbirlərinə qarşı xəbərdarlıq edib.

İranın ali rəhbəri Ayətullah Xamenei-nin təhlükəsiz yerə köçürüldüyü bildirilir. Regionda gərginliyin kəskin artdığı bu məqamda vəziyyətin necə inkişaf edəcəyi dünya ictimaiyyətinin diqqət mərkəzindədir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*