İsrailin İran ərazisinə endirdiyi son hava zərbələri nəticəsində ölkənin elektrik infrastrukturu üzrə əsas rəsmisi – doktor Nada Rafiyei Parsa həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə İran Energetika Nazirliyinə yaxın mənbələr məlumat yayıb.
Doktor Nada Rafiyei Parsa İranın Energetika Nazirliyində Elektrik İnfrastrukturunun Statistika və Planlaşdırma İdarəsinin rəhbəri vəzifəsini icra edirdi. O, ölkənin enerji paylayıcı sistemlərinin modernləşdirilməsi, alternativ enerji mənbələrinin statistik təhlili, elektrik şəbəkələrinin təhlükəsizliyi və geosiyasi risklərə qarşı dayanıqlıq planlarının hazırlanması sahələrində tanınmış mütəxəssis idi.
Rafiyei Parsa, xüsusilə son illərdə İranın enerji infrastrukturuna qarşı kiberhücumlar və xarici təhdidlər fonunda strateji enerji hesabatlarının hazırlanmasında əsas fiqur olmuşdu. Onun rəhbərlik etdiyi idarə ölkənin elektrik stansiyalarının və yüksək gərginlikli xətt sistemlərinin idarəetmə səmərəliliyinin artırılması üzrə dövlət proqramlarının monitorinqini həyata keçirirdi.
Məlumata görə, hücum Tehran yaxınlığında yerləşən milli enerji komanda-mərkəzinə yönəlib. Zərbə nəticəsində bina qismən dağılıb, bir neçə mühüm texniki heyət üzvü xəsarət alıb, doktor Nada Rafiyei Parsa isə ağır yaralanaraq hadisə yerində keçinib.
İsrail bu hücumu İranın hərbi və strateji idarəetmə infrastrukturlarına qarşı önləyici zərbə kimi təqdim edir. Tel-Əvivdən yayılan bəyanatlarda, İranın elektrik sistemlərinin bəzi seqmentlərinin hərbi məqsədlərlə istifadə olunduğu iddia edilir.
Hadisə İran cəmiyyətində dərin rezonansa səbəb olub. Energetika naziri və digər yüksək rütbəli rəsmilər doktor Parsanın ölümünü “ölkənin enerji müstəqilliyi uğrunda verilmiş şəhidlik” kimi qiymətləndiriblər. Onun xidmətləri dövlət səviyyəsində anılıb, ölkə rəhbərliyi ailəsinə başsağlığı verib.
Rəsmi Tehran bildirir ki, bu hücum İranın enerji sistemlərinə və mülki infrastrukturuna qarşı açıq terror aktıdır və cavab tədbirləri gündəmdədir.
Doktor Nada Rafiyei Parsanın ölümü, İsrail-İran münaqişəsinin yalnız hərbi deyil, strateji və texnokratik sahələrə də sıçradığını göstərir. Bu hadisə İranın enerji təhlükəsizliyi və davamlılıq planlarının yenidən gözdən keçirilməsinə, eləcə də mülki sahədə çalışan mütəxəssislərin müdafiəsinin gücləndirilməsinə səbəb ola bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az