İsrail komandolarının Fordo nüvə obyektinə daxil olmasına dair görüntülər yayılıb
KONKRET.az xəbər verir ki, İsrail xüsusi təyinatlılarının İranın strateji nüvə mərkəzlərindən biri hesab olunan Fordo obyektinə daxil olmasına dair görüntülər sosial şəbəkələrdə yayılıb.
Kadrlarda qabaqcıl texniki avadanlıqlarla təchiz olunmuş bir qrup silahlı şəxsin, səssiz və koordinasiyalı şəkildə yerin altındakı kompleksə daxil olduğu görünür. Obyektin İranın Qum şəhəri yaxınlığında yerləşən və uzun illərdir beynəlxalq diqqət mərkəzində olan Fordo nüvə sahəsi olduğu iddia edilir.
Görüntülər ABŞ-ın sabiq prezidenti Donald Trampın bu əməliyyatla bağlı verdiyi sərt açıqlamalardan dərhal sonra yayılıb. Tramp bəyan edib ki, Fordoda hər hansı strateji materialın çıxarılması mümkün olmayıb və orada aparılan betonlama işləri bu ehtimalı istisna edir.
Hazırda müstəqil mənbələr videonun çəkildiyi yerin məhz Fordo olduğunu təsdiqləməsə də, İsrail mediası yayılan görüntüləri ABŞ və İsrailin birgə əməliyyatının tərkib hissəsi kimi dəyərləndirir.
Hadisə İranın nüvə proqramı ətrafında artan beynəlxalq gərginlik fonunda regionda yeni eskalasiya risklərini gündəmə gətirib.
Natiq Səlim,
KONKRET.az