İsrail PLANI DƏYİŞDİ: Xomenei bu yolla devriləcək –  Netanyahunun müraciətinin PƏRDƏARXASIbackend

İsrail PLANI DƏYİŞDİ: Xomenei bu yolla devriləcək - Netanyahunun müraciətinin PƏRDƏARXASI

İsrailin Baş naziri Benyamin Netanyahu iranlıları rejimi devirməyə çağırıb. Netanyahu İran xalqına müraciətində “İsrail sizinlədir” deyib. Bəs görəsən, bu cür emosional çıxışın arxasında sırf strateji məqsədlər dayanır, yoxsa İran daxilində xalq üsyanına ümid edilir?

Mövzunu KONKRET.az-a politoloq Zeynal Əmrəliyev şərh edib:

Zeynal Əmrəliyev

“Netanyahu İranda rejim dəyişikliyi istədiyini açıq şəkildə ifadə edir. O, bu yaxınlarda İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi ilə də görüş keçirib. Qeyd edək ki, Pəhləvi ailəsinin İsraillə münasibətləri hər zaman yaxın olub. Rza Pəhləvi dəfələrlə bəyan edib ki, onun məqsədi İranı parçalamaq deyil, ölkədə hazırkı İslam Respublikasını dəyişdirmək və fərqli bir hakimiyyət qurmaqdır.
Netanyahunun bu çıxışları sadəcə İsrailin deyil, Qərb dünyasının da uzun müddətdir səssiz şəkildə arzuladığı mövqeyi əks etdirir. Qərb dairələrində də İranda teokratik rejimin devrilməsi, yerinə isə Avropaya daha yaxın, liberal bir sistemin qurulması ilə bağlı müzakirələr son illərdə geniş vüsət alıb”.

Politoloq vurğulayıb ki, hazırkı İslam Respublikası sistemi Qərb üçün regionda ciddi təhlükə olaraq qiymətləndirilir. Bu səbəbdən də Netanyahunun çıxışları təkcə siyasi bəyanat deyil, həm də İran xalqına yönəlik mesaj kimi dəyərləndirilə bilər:

“Lakin reallıq fərqlidir. İranda hazırki rejim artıq 45 ildən çoxdur ki, hakimiyyətdədir və bu dövr ərzində ideoloji baxımdan xalqın bir hissəsində Qərbə və xüsusilə İsrailə qarşı dərin nifrət formalaşdırılıb. Rejim bu ideoloji təməlləri məktəb, media və dini institutlar vasitəsilə möhkəmləndirib.
Bütün bunların fonunda İsrail baş nazirinin çıxışının İran daxilində ciddi təsir doğuracağı ehtimalı zəif görünür. Əksinə, İran İsrailə cavab zərbəsi endirdikdən sonra ölkənin bir sıra şəhərlərində bu addım kütləvi şəkildə qeyd olunub, insanlar küçələrə çıxaraq rejimin cavabına dəstək nümayiş etdiriblər. Bu vəziyyət onu göstərir ki, Netanyahunun çağırışları İran daxilində rejim dəyişikliyi üçün kifayət deyil. Reallıqda isə həm İsrail, həm də Qərb İranın daxili və xarici siyasətini dəyişdirə biləcək əsaslı, lakin uzunmüddətli strategiyalar qurmaq məcburiyyətində qalacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*