Qüdsün “Odlu zirvə” əməliyyatı İsrailin İran oxunun və radikal qrupların, xüsusilə də HƏMAS-ın “rəhbərliyinin başını kəsmək” strategiyası çərçivəsində atdığı yeni addımdır.
KONKRET.az xəbər verir ki, Qətərin paytaxtı Dohada HƏMAS qərargahına endirilən hava hücumu HƏMAS-ın əsas müzakirəçiləri, xüsusilə Xəlil əl-Hayya və Zaher Cabarini məhv etmək məqsədi daşıyıb.
Hər ikisi İsrail girovları və atəşkəslə bağlı danışıqlarda sərt və barışmaz mövqeləri ilə tanınır və bu, güzəştləri çətinləşdirir.
Əməliyyatın məqsədi, görünür, HƏMAS rəhbərliyinin ən radikal fiqurlarını danışıqlar prosesindən kənarlaşdırmaq və dialoqa hazır olanlara meydanı açıq qoymaq olub.
Məsələ burasındadır ki, son vaxtlar HƏMAS rəhbərliyində fikir ayrılıqları yaranıb: Əl-Hayya güzəştə meyilli olan və Amerikanın son təklifini nəzərdən keçirməyə hazır olan Qəzza şəhər briqadasının komandiri İzzəddin əl-Həddadla münaqişəyə düşüb.
İndi ola bilsin ki, məhz Əl-Həddad kimi fiqurlar və ya HƏMAS rəhbərliyinin Türkiyədə yerləşən ikinci və üçüncü eşelonlarının nümayəndələri gələcək danışıqlarda əsas rol oynayacaqlar. Bütün bunlar 1982-ci ildə İsrailin mühasirəyə alınmış Beyrutda Yasir Ərəfatla birbaşa danışıqlar apardığı 1982-ci ildə birinci Livan Müharibəsi hadisələri ilə əlaqələndirilir.
Zərbənin ikinci məqsədi İsrailin HƏMAS və vasitəçilərə qarşı qətiyyətini nümayiş etdirməkdir. Siqnal aydındır: girovların azad edilməsi, HƏMAS silahlılarının və mülki aparatların Qəzzadan çıxarılması məcburi şərtlərdir. Əks halda, İsrail dünyanın istənilən yerində təşkilat rəhbərlərini təqib etməyə davam edəcək.
Dəniz Pənahova
KONKRET.az