İsrail Azərbaycanın qədim şəhəri olan Təbrizi də vurub. Bu barədə hava zərbəsinin anlıq görüntüləri ictimaiyyətə təqdim olunub. Bu görüntülər İsrail Hərbi Hava Qüvvələrinin İran ərazisində həyata keçirdiyi genişmiqyaslı hücumların yalnız bir hissəsini təşkil edir.
KONKRET.az xəbər verir ki, bu gün İsrail 200-dən çox döyüş təyyarəsi ilə İranın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə, İsfahanda, Kərəc şəhərində və digər strateji əyalətlərdə yerləşən 100-dən artıq hədəfə hava zərbələri endirib. Hücumlarda İranın nüvə proqramı və hərbi infrastrukturu ilə bağlı mühüm obyektlər, eləcə də yüksək rütbəli hərbi komandirlərin rezidensiyaları məhv edilib.
İran Qızıl Aypara Cəmiyyəti bildirib ki, zərbələr ən azı 8 əyalətdə yerləşən 60-dan çox obyektə ciddi ziyan vurub. Bundan əlavə, İranın nüvə elmləri üzrə tanınmış alimləri, o cümlədən Əhmədreza Zülfüqari, Məhəmməd Mehdi Tehrançi və Fereydun Abbasi zərbələrdə həyatlarını itiriblər.
Bu hücumlar İranın ərazisində gərginliyi maksimum səviyyəyə qaldırıb və regionda hərbi-siyasi vəziyyəti kəskinləşdirib. İranın ali dini lideri Ayətullah Əli Xameneyi və onun müşaviri Əli Şəmxaniyə yaxın şəxslər də hədəflər arasında olub. Şəmxaninin özü də öldürülüb.
İsrail Müdafiə Nazirliyi əməliyyatların planlaşdırıldığı kimi uğurla həyata keçirildiyini və bütün döyüş təyyarələrinin təhlükəsiz şəkildə bazalarına qayıtdığını açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp da vəziyyəti diqqətlə izlədiyini bildirərək, ABŞ və İsrailin İranın mümkün cavab zərbələrindən qorunmağa hazır olduğunu vurğulayıb və İranla danışıqların bərpasına ümid etdiyini ifadə edib.
Natiq Səlim,
KONKRET.az