Son zamanlar xüsusilə, paytaxtda və iri şəhərlərdə fəaliyyət göstərən dönərxanalarda gigiyena qaydalarının pozulması və keyfiyyətsiz məhsulların istifadə edilməsi ilə bağlı narahatlıqlar artır. İstər toyuq, istərsə də mal əti ilə hazırlanan dönərlər düzgün bişirilmədikdə və gigiyenik şəraitə əməl olunmadıqda insan sağlamlığı üçün ciddi fəsadlara səbəb olur.
Bu sözləri qida təhlükəsizliyi eksperti İlkin Şirinov KONKRET.az-a açıqlamasında səsləndirib:
İlkin Şirinov
“Dönər məhsulları hazırlanarkən istifadə olunan souslar, mayonez, tərəvəzlər də xüsusi saxlama rejimi tələb edir. Ancaq bir çox hallarda bu qaydalara əməl olunmur. Mayonez günlərlə açıq qabda saxlanılır, tərəvəzlər yuyulmadan dönərə əlavə edilir. Bu isə zəhərlənmə riskini daha da artırır.
Ətraf mühitin də rolu az deyil. Yol kənarlarında, metro çıxışlarında, bazarların qarşısında fəaliyyət göstərən dönərxanalar nəqliyyatın tüstüsünə, küləyə və toz-torpağa məruz qalır. Belə şəraitdə hazırlanan dönər məhsulları sanitar norma və tələblərə uyğun deyil”.
Qida eksperti hesab edir ki, toyuq dönəri ilə mal ətindən hazırlanan dönər arasında da fərqlər var:
“Bəzən daha ucuz və yağlı ət növləri istifadə olunur. Keyfiyyətsiz ət isə xolesterin problemini artırmaqla yanaşı, digər sağlamlıq riskləri yaradır. Toyuq ətinə gəldikdə isə, bu məhsul salmonella kimi bakteriyalara qarşı daha həssasdır. Dönərlərdə istifadə edilən toyuq ətinin düzgün saxlanmaması ağır zəhərlənmələrə səbəb ola bilər.
Ən böyük suallardan biri isə qiymətlərlə bağlıdır. Hal-hazırda keyfiyyətli mal ətinin bazar qiyməti 18-25 manat arasında dəyişdiyi halda, 1 və ya 1.5 manata satılan dönərin hansı ətdən hazırlandığı ciddi şübhə doğurur. Eyni vəziyyət toyuq dönərinə də aiddir. 1 manata təklif olunan dönər məhsulunun hansı şəraitdə və hansı mənşəli ətlə hazırlandığı müəmmalıdır”.
İ.Şirinov qeyd edir ki, dönərxanalarda soyuducu və təmiz suyun olmaması isə vəziyyəti daha da ağırlaşdırır.
Mütəxəssis əhalini dönər alarkən xüsusilə satıcının şəxsi gigiyenasına, iş yerinin təmizliyinə və məhsulların necə saxlanıldığına diqqət etməyə çağırır:
“Sakinlər məhsulu aldıqları məkanın gigiyenik vəziyyətinə, ətrafın təmizliyinə və satıcının sanitar qaydalara əməl edib-etmədiyinə diqqət etməlidirlər. Qiymət aldatmasın. Ucuz dönərin arxasında böyük sağlamlıq riski gizlənə bilər,” – deyə mütəxəssis vurğulayır.
Aynurə İsmayıl
KONKRET.az