Ermənistanın baş naziri Nikol Paşinyanın şəxsiyyətinə Ermənistanda münasibət birmənalı deyil. Son 3 ildə Paşinyanın siyasətini bəyənməyənlərin sayı nə qədər çox olsa da, kapitulyasiya aktından sonra onun seçkilərdə yenidən qalib gəlməsi erməni xalqının bir daha müharibə istəməməsinin səbəbi idi. Buna baxmayaraq, Ermənistan müxalifəti Paşinyanı satqınlıqda ittiham edir və əraziləri təhvil verməkdə günahlandırır. Baş naziri zəif siyasətçi kimi xarakterizə edənlər də var. Onun qərbyönlü olması isə Ermənistanda daha çox müzakirə olunur.
KONKRET.az xəbər verir ki, erməni politoloq Avetik İşxanyan bir az da irəli gedərək, Paşinyanın əziyyət çəkdiyi psixoloji sindromlardan danışıb: “Baş nazirin bölgələrə səfərlərini izləyirəm və narahatlıq keçirirəm. Təəssüf edirəm ki, bu adam psixoloji sindromdan əziyyət çəkir. Mən Nikolu 90-cı illərin sonlarından tanıyıram. Tanışlığımız dostluğa çevrilmədi, adi bir tanışlıq kimi başa çatdı. O, “Aykakan Jamanak” qəzetinin redaktoru olanda ixtisarlar və intriqalarla bağlı çox mənfi rəylər eşitdim. Amma o, bunların heç birini qəbul etmədi. 2008-ci ildə Levon Ter-Petrosyanı müdafə etdi. Sonra Levondan uzaqlaşdı. Əslində hakimiyyətə gəlmək üçün müxtəlif yalanlar uydurdu. Ancaq baş nazir olub diqqət mərkəzinə keçməklə əsl xarakterini ortaya qoydu. Daha sonra özünü qorumaq üçün xalqın alçaldılmasına getdi. Baş nazir özünü təsdiqləmək üçün rəqiblərini təhqir etməkdən belə çəkinmir.
Ötən gün Paşinyan məktəb ziyarəti zamanı idman zalında daha aqressiv göründü. Basketbol səbətinə görə yanındakılara qəzəblənən Nikol necə yarımçıq insan olduğunu nümayiş etdirdi. Kəmsavad insan bütün erməniləri alçaltdı, özünün səviyyəsini ortaya qoydu. Mən Paşinyanın professionalcasına dəqiq diaqnozunu verməkdə çətinlik çəkirəm. Amma həvəskar səviyyədə onu kiçik bir insanın böyük fəsadlarının sindromu kimi xarakterizə edərdim. Ölkənin məğlubiyyətinə səbəb olan, eyni zamanda, hakimiyyəti ikiəlli tutan bu adamın başqa bir dövlətə xidmətini deyə bilmərəm. Paşinyanın bu hərəkətləri tarixə yeni ifadə forması daxil etdi. Bu, “erməni sindromu”dur”.
Bu, erməni cəmiyyətində baş verən xaosun göstəricisidir. Regionda sülhə mane olmağa çalışan qüvvələr sadəcə Ermənistanın məğlubiyyətini Paşinyanın ayağına yazmağa cəhd edirlər. Amma unudurlar ki, Azərbaycan ərazilərinin işğalını qanuniləşdirməyə cəhd edən ermənilərin məğlubiyyəti hələ 1988-ci ildən başlamışdı.
Vəli Həsənov,
KONKRET.az