Jivanyan: “Bu sahədə köklü dəyişikliklər olmasa, gələcəyimiz qaranlığa qərq olacaq”backend

Jivanyan: "Bu sahədə köklü dəyişikliklər olmasa, gələcəyimiz qaranlığa qərq olacaq"

“Artsax müharibəsi, gedişi və nəticədə məğlubiyyət bizi elmi, qüdrətli bir dövlət qurmağa vadar edir. Ermənistanda elm acınacaqlı vəziyyətdədir. Hələ 2020-ci ilin əvvəllərində 100-dən çox texnoloji şirkətin direktoru və təsisçiləri tərəfindən hökumətə bu sahəyə ayrılan maliyyənin artırılması zərurəti barədə dəfələrlə xəbərdarlıq məktubu göndərilib. Nəticə sıfırdır”.

KONKRET.az xəbər verir ki, bu barədə “Skycryptor” və “Firo” şirkətlərinin həmtəsisçisi Aram Jivanyan danışıb.

O bildirib ki, “Məktublara cavab vermə prosesi əvvəlcə koronavirus pandemiyası səbəbindən gecikdi. Daha sonra müharibənin yaratdığı məhdudiyyətlər bu prosesi ləngitdi. Bütün xalq dərk etməlidir ki, müharibədən sonra bütün ölkənin diqqət mərkəzində saxlamalı olduğu bir nömrəli problem elm və biliyə əsaslanan iqtisadiyyatın yaradılmasıdır”.

Erməni alim biliklərə əsaslanan iqtisadiyyat yaratmaq üçün addımların ən qısa müddətdə başlamalı olduğunu önə çəkərək bildirir ki, artıq dövlətin elm sahəsinə xərclərinin artırılmasını tələb edən imzalar toplanılır. Onlayn ərizə və müraciətlər Change.org saytında yayımlanıb. Təxminən 5600 nəfər və 700-dən çox şirkət bu təşəbbüsə qoşulub.

“Bu, o deməkdir ki, elmə artan maliyyə vəsaiti ictimai tələbə çevrilib. İş dünyasının ətrafında bu qədər konsolidasiya ediləcək başqa bir təşəbbüs yoxdur”, – deyən alimin sözlərinə görə, hökumət nümayəndələri ilə görüşlər olub, onlar vəziyyətdən, problemlərdən, tələblərdən xəbərdardır, lakin dəqiq və kifayət vədlər verilmir. “Kiçik addımlar isə heç nəyi dəyişə bilməz, məcazi mənada desək, yalnız xəstənin əzabını uzada bilər. Burada köklü dəyişikliklərə ehtiyacımız var, fərqli məntiq çərçivəsində dəqiq bir strategiyaya ehtiyacımız var. Hesab edirəm ki, 2021-ci ildə dövlət büdcəsindən elmi və elmi-texniki fəaliyyətə ayrılan vəsait ən azı 50% civarında artmalıdır. Bu vəsaitlər məqsədli elmi mövzular üçün maliyyələşdirmə proqramlarına yönəldilməlidir.

Digər bir məqam isə odur ki, Ermənistan elm sahəsini tənzimləyən qanunda elmi və elmi-texniki fəaliyyətə dövlət ayırmalarının aşağıdakı cədvələ uyğun olaraq tədricən artmasını müəyyənləşdirməlidir: 2022-ci il büdcənin ən az 2%, 2023-cü ildə ən azı 3% , 2024-cü ildən başlayaraq büdcənin ən az 4% -i (ÜDM-in təxminən 1% -i) həcmində.

Bu təkliflər qəbul edilərsə, dövlət gənclərə Ermənistanda elm sahəsinin inkişaf edəcəyinə və indiki kimi qeyri-müəyyənlik içində olmayacağına dair bir siqnal verəcək. Qeyd etmək lazımdır ki, məhz elmə uzunmüddətli bir bağlılıq, müsbət gözləntilər və proqnozlaşdırma keyfiyyət dəyişikliyini təmin etmək üçün çox vacibdir”.

Jivanyana görə, elm və təhsilin acınacaqlı vəziyyətinin səbəblərindən biri də illərdir səlahiyyətlilərin və sahədən məsul olanların elmin məhsula çevrilməsi məntiqini rəhbər tutmalarıdır.

“Elmin maliyyələşdirilməsi yalnız qısamüddətli nəticələr əldə etmək deyil. Bu, ilk növbədə təhsilimizə və cəmiyyətimizin biliyə münasibətinə təsir göstərdiyindən uzunmüddətli strateji bir investisiya olmalıdır. Şübhə etmirəm ki, elm əhəmiyyətli əlavə dəyər yaradan müəssisələr yaradacaqdır. Ancaq başqa bir dəlil gətirək: nə qədər çox elm adamı fəaliyyətini inkişaf etdirərsə, uşaqlarımız universitetlərdə bir o qədər yaxşı təhsil alacaq, yaxşı bir universitet təhsili dərhal məktəblərə və uşaq bağçalarına təsir edəcəkdir.

Təsəvvür edin ki, yerli universitetlərində işləyəcək 1000 yaxşı alimin Ermənistana gəlməsini təmin edə bilərik. Hər bir universitetdə 100 yeni, fəal işləyən və yaxşı alimin olması təhsilimizin səviyyəsini və keyfiyyətini dəyişdirəcək. Tələbələr öz sahələri üzrə elmləri mənimsəməklə fərqli dünyagörüşlə mövcud problemlərə fərqli dərinlikdən baxacaqlar və yeni iş mühitinə girəcəklər. Bu gün biz tam olaraq bunu itiririk. Ermənistanda çox yaxşı elmi məktəblər, mütəxəssislər var. Məsələn, fizika və kimya kimi müxtəlif təməl elmlər üzrə güclü elmi məktəblərimiz var, lakin bu məktəblərin sütunu olan böyük alimlərimiz artıq təqaüd yaşına çatıblar.

Mövcud yaxşı məktəbləri qorumaq, xüsusən yeni sənaye sahələrini inkişaf etdirmək üçün gənclərin elm sahəsinə gəlişini təmin etməliyik, yaşlı nəsildən məlumat mübadiləsini təmin etməyi bacarmalıyıq. Ancaq kifayət qədər maliyyə olduğu təqdirdə bu, mümkündür. Proqramlardan biri kimi digər ölkələrdə təhsil almış gənc erməni alimlərinin geri qayıtmasını təşkil edə bilərik. Bu alimlər yeni biliklər, yeni mədəniyyət, geniş dünyagörüşünü özləri ilə gətirəcək. Xaricdə işləyən həmkarlarımla aparılan söhbətlər və müzakirələr nəticəsində əmin oldum ki, onların çoxu Ermənistana məmnuniyyətlə qayıtmaq istəyir. Onlardan biri ilə mütəmadi əlaqə saxlayıram. Dostumdur, ən yaxşı gənc fiziklərimizdən biridir, aspiranturanı bitirdikdən sonra dörd ölkədə işləyib. Onlara 2000-3000 dollar maaş verə bilsək, gəlib Ermənistanda yaşayıb işləyərlər. İndi siz deyin, bir neçə ildən sonra vətənlərinə qayıdan bu insanlar cəmiyyətə keyfiyyətcə təsir edə biləcəkmi? “Bayraktar” pilotsuz təyyarələri istehsal etməsələr də, keyfiyyətcə bir dəyişiklik olacaqmı, yoxsa yox? Məncə sualın cavabı aydındır”.

Onun fikrincə, bu, alimin cəmiyyətdə azalmış dəyərinin və rolunun artmasına kömək edəcək. Ümumiyyətlə, alimlərə qarşı belə bir münasibət nəticəsində cəmiyyətin biliklərə münasibəti dəyişib və ya kristallaşıb.

Erməni alim, iş adamı iki mümkün ssenarini qeyd edir: əgər elm sahəsinə maliyyə ayırmalarında davamlı bir artım olarsa, bu, alimin rolunun, ona olan hörmətin və təbii ki, eyni zamanda gənclərin elm sahəsinə girişini təmin etmək üçün elmi kanalların rolunun artmasına səbəb olacaq. Bu da öz növbəsində təhsil səviyyəsinə və iqtisadiyyata birbaşa təsir göstərəcək. Beləliklə, iqtisadiyyatımızın və cəmiyyətimizin inkişaf və bərpa vektoru yüksələcək, vəziyyət bütün səviyyələrdə tədricən dəyişəcək. Fəal, hörmətli akademik müəllimlərin məktəblərə gəlişi ilə keyfiyyətcə daha yaxşı bir ali təhsilə, xüsusən daha yaxşı müəllimlərə sahib olacağıq, nəticədə daha yaxşı bir məktəb təhsili alacağıq. Daha güclü uşaqlar məktəblərdən universitetlərə gedəcəklər.

Əgər dediyimiz maliyyələşmə artmazsa, dəyişməz qalarsa və əsaslı addımlar atılmazsa, təqaüd yaşında olan elmi rəhbərlərin 50% -dən çoxu beş il ərzində öz sahələrini tərk edəcəklər. Bundan sonra bu elmi məktəbləri bərpa etmək daha çətin olacaq, daha çox pul və vaxt tələb edəcək. Bu isə o deməkdir ki, bu sahədə köklü dəyişikliklər olmasa, gələcəyimiz qaranlığa qərq olacaq”.

Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*