Kadr məsələlərində mürəkkəb problemlər var – Prezidentdən CİDDİ MESAJLARbackend

Kadr məsələlərində mürəkkəb problemlər var - Prezidentdən CİDDİ MESAJLAR

Akif Əli, fəlsəfə doktoru,
yazıçı-publisist

“…Əfsuslar olsun ki, etimad göstərdiyim bəzi kadrlar bu etimadı doğrultmayıblar.”  

Azərbaycan Prezidentinin təəssüflə dediyi bu sözlər yarım ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndi. Söhbət iqtisadi məsələlər kontekstində getsə də, bu fikrin tutumu daha geniş və əhatəlidir. Təkcə iqtisadiyyatda yox, digər sahələrdə də etimadı doğrultmayan kadrlar olub. Dövlət başçısının dediyi kimi, yaranan problem “yerləşdirilən kadrlara” bağlıdır. Həqiqətən hər sahənin, nazirlik, komitə, idarə və təşkilatın vəziyyəti onun başında dayanan şəxslərdən çox asılıdır.

“…Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır. İnstitusional tədbirlər, əlbəttə ki, dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi.” (İlham Əliyev)

Bəli, məlum deyim var: “Hər şeyi kadrlar həll edir!” Dövlət idarəçiliyində kadrların seçilib yerləşdirilməsi bəlkə də ən mühüm və ən mürəkkəb məsələlərdəndir. Mühümlüyü ondadır ki, dövlətin gücü, nüfuzu, əhalinin güzəranı, insanların münasibəti vəzifələrə yerləşdirilən kadrların işgüzarlıq keyfiyyətindən, idarəetmə təcrübəsindən, biliyindən, bacarığından asılıdır. Mürəkkəbliyi isə ondadır ki, etibar göstərilib vəzifəyə təyin olunan kadrın keyfiyyəti bilavasitə onların hər birinin daxili aləmi, psixoloji durumu, əxlaqı, mənəviyyatı, mədəniyyəti ilə bağlıdır.

Bu səbəblərdən yerləşdirilmədəki seçim həmişə gözlənilən nəticəni verməyə bilər. İnsanın mənəvi ölçülərini, daxili aləmini, şəxsi özəlliklərini müəyyən edən elə bir “elektron nəzarət aparatı” olmadığından, problemin həlli asan deyil.

Hər hansı ciddi qurumun idarəçiliyi tapşırılan kadr əgər idarəetmədə təsadüfi, naşı adamdırsa, tapşırılan sahə haqqında anlayışı diletant səviyyəsindədirsə, əlbəttə, ondan keyfiyyətli nəticə gözləmək əbəsdir. Üstəlik peşə uyğunluğu olmayan beləsində dövlətçilik təfəkkürü, milli düşüncə də zəif olarsa, məsələ daha da qəlizləşir. Hətta bir az da dərinə getsək, düzlük, dürüstlük, əxlaq, etik davranış, şərəf, ləyaqət kimi son illərin pul-bazar fetişizmi şəraitində az qala “köhnəlmiş”, “arxaikləşmiş” sayılan dəyərlərə rəhbər kadrda etinasızlıq varsa… artıq o sahənin taleyi bəllidir!

Xislətin qəribəliyi ondadır ki, dövlət neqativlərin aradan qaldırılması üçün nə qədər kəskin tədbirlərə əl atırsa, yenə də  “mənəm-mənəmlik”, “əlahiddəlik”, “toxunulmazlıq”, “hər qüdrətə qadirlik”, “sahiblənib mənimsəmək”  iddialarının kökü kəsilmək bilmir. Sanki “yeri səhv düşən” kadrlar mahiyyət  etibarilə də oxşardırlar. Hüquq-mühafizə orqanları, o cümlədən, DTX xətti ilə pozuntular aşkara çıxarılıb sərt cəzalar tətbiq edilsə də, görməmişlərə görk olmur. Tarixən bəşəriyyətin ən böyük problemlərindən  biri sayılan “cinayət və cəza” tandemi həlli tapılmayan dilemma kimi davam edir…

Müşavirədə anoloji problemdən çıxış yolunu sistemli yanaşmada görən Azərbaycan Prezidenti “dövlət nəzarəti, ictimai nəzarət və kadrların düzgün seçilməsi” kimi “institusional tədbirlər”in vacibliyini qeyd etdi.

***

Son günlər Dövlət Gömrük Komitəsində sağlamlaşdırma yolunda sərt addımların atılması, komitənin idarə rəisi olan general-mayor daxil, bir sıra vəzifəli şəxslərin Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılması, nəhayət Komitə sədrinin də Prezident tərəfindən vəzifədən azad edilməsi – kadr məsələlərindəki mürəkkəb problemlərin mövcudluğunu bir daha göstərdi. Mətbuata verilən açıqlamada bildirildiyi kimi, həbs olunan gömrük generalının vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə etməsinə, digər vəzifəli şəxslər vasitəsilə müxtəlif adlar altında şirkətlərin hesabına pul köçürüb, sonra həmin vəsaiti nağdlaşdıraraq geri almasına, beləliklə külli miqdarda büdcə vəsaitini mənimsəməsinə, milyonlarla manat borc toplanmasına – təkcə sıradan bir kriminal hadisəsi kimi baxmayaq. Məsələnin daha dərin mənəvi qatları vardır…

Belə ki, yalnız yüksək səlahiyyətli vəzifə sahibinə, generala yox, ümumiyyətlə, hər kəsə etibar edib inanan insanın etibarından sui-istifadə – xalqımıza yad olan ağır mənəviyyat xətasıdır. Üstəlik  sözügedən “zabit” cəbhə bölgəsindəki əsgərlər üçün nəzərdə tutulan siqaretləri belə mənimsəmək qədər aşağılıq addım atırsa, bu əməl generalın sıravi əsgərlərə vurduğu ziyandan çox, özünün “zabit şərəfinə” vurduğu ləkədir. Bu davranışın psixoloji izahı göstərir ki, adam çiynində fəxrlə general paqonu daşısa da, içində düzlük, dürüstlük, əxlaq, şərəf, ləyaqət kimi dəyərləri də “köhnə”, “arxaik” sayaraq daşımaq marağında olmayıb… Halbuki nəinki sivilizasiyalı demokratik cəmiyyətlərdə, hətta kriminal oğru aləmində belə həmin dəyərlərə riayət mühüm şərtlərdəndir.

Təbii, DTX-nın bu əməliyyatı yeganə deyil. Qanunvericiliyin pozulması ilə müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin mənafeyinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan cinayət əməllərinə qarşı tədbirlər qurum tərəfindən zaman-zaman həyata keçirilir.

***

Mənəviyyatlı insanların şərəfli həyat tərzinə dair tarixdə saysız-hesabsız ibrətamiz nümunələr var. Söhbətimizin axarında onlardan ikisini xatırlatmaq yerinə düşərdi.

…Türkiyə Cümhuriyyətinin Qurtuluş Savaşında unudulmaz qəhrəmanlardan biri də Albay Reşat Bəy Çiyiltəpədir. 1922-ci il Avqustun 26-da düşmənə son qəti zərbəni vurub Qurtuluş Savaşını qələbə ilə sona çatdırmaq üçün Baş Komandan Qazi Mustafa Kamal Paşa Atatürk “Böyük Taarruz” (hücum) planı hazırlayır. Cəsarətlə düşmən üzərinə yürüyən Türk əsgərləri hücumun ilk anlarından qətiyyətlə bir çox əraziləri azad edirlər. Ataürkün tapşırığı ilə 57-ci Alayın komandiri Albay (polkovnik) Reşat Bəyin diviziyası Çiyiltəpə adlanan mühüm bir yüksəkliyi düşməndən geri almalı idi. Bu cəsur komandiri Mustafa Kamal hələ Anafartalar döyüşündən tanıyırdı və ona çox güvənirdi.

Sürətlə başlayan “Böyük Hücum”un ikinci günü, avqustun 27-də cəbhədəki qoşun hissələri ilə daim əlaqə saxlayıb döyüşən ordunu idarə edən Mustafa Kamal Paşa ilə Albay Reşat Bəy arasında təsirli bir telefon danışığı baş verir.

Saat 10.30. Mustafa Kamal Paşa səhra telefonu ilə Reşat Bəyə zəng edib Çiyiltəpə uğrunda döyüşün gedişi ilə maraqlanır.

Atatürk: – Mərhəba, Reşat Bəy, ümid edirəm yaxşısınız. Hədəfinizə nə zaman çata biləcəksiniz? O önəmli təpəni nə zaman alacaqsınız?

Albay Reşat Bəy: – Komutanım, hədəfə çox az qaldı. Yarım saat içində çatarıq. Yarım saat sonra təpəni alacağız. Söz!

Atatürk: – Tamam! – deyərək telefonu qapadır. –  Başarılar diləyirəm.

Savaş şiddətlə davam edir. Baş Komandan Mərkəzi Qərargahdan bütün cəbhə boyu döyüşən qoşun hissələri ilə anbaan əlaqə saxlayır, zəruri tapşırqlarını verir. Çiyiltəpə yüksəkliyində mövqe tutmuş Yunan qüvvələri müdhiş bir müqavimət göstərirdilər.

Saat 10:45. Mustafa Kamal təkrarən Albay Reşat Bəyi arayır. Strateji yüksəkliyin alınmasının çox mühüm olduğunu bir daha xatırladır.

Atatürk: – Düşmənin hələ möhkəm dirəndiyini görürəm. Gözümüz o təpədə, çox önəmli nöqtədir.

Albay Reşat Bəy: – Komutanım, təpəyə düşmən bir tümən qoşun yığmış, onçu dirənirlər. Amma alacağız, komutanım. Mütləq alacağız!

Saat 11.00. Döyüş daha da şiddətlənir. 57-ci Alayın Komandiri Reşat Bəylə ilk danışıqdan yarım saat keçir. Atatürk yenə zəng edir.

Atatürk: – Reşat Bəyi telefona çağırın.

Telefonun o biri başından yavərin qəhərli səsi eşidilir: – Reşat Bəy intihar etdi, Komutanım…

Baş Komandan yenə israrla Reşat Bəyi soruşur. Telefondakı səs eyni titrək və qəhərli halda deyir:

– Komutanım, Sizə çatdırılmaq üçün Reşat Bəy bir mesaj qoyub. Oxuyuram… – Yavər telefonda yazını Atatürkə oxuyur. Məktub cəmi bir cümlədən ibarət idi. Albay Rəşad Bəy Baş Komandana müraciətlə yazmışdı: ”Yarım saat ərzində o mövqeyi almağı Sizə söz verdiyim halda, sözümü yerinə yetirə bilmədiyimdən dolayı yaşaya bilmərəm”.

Və bunu yazdıqdan sonra şəxsi silahı ilə özünü vurmuşdu. Çünki Baş Komandana verdiyi sözü yerinə yetirmək döyüşçü üçün bir şərəf məsələsi idi. Dəmir iradəli Baş Komandan Qazi Mustafa Kamal Paşa zabit şərəfini öz həyatı bahasına qoruyan döyüşçüsünün yazısını dinləyib üzüntü içində göz yaşlarını saxlaya bilmir: ”Allah rəhmət eyləsin! Reşat Bəy böyük bir vətənsevər idi…”

Saat 11.45-də Atatürkün telefonu zəng çalır. Mustafa Kamal dəstəyi qaldıranda həmin həyəcanlı səs ucadan məruzə edir: – Çiyiltəpə alınmışdır, Komutanım! Uca diqqətinizə ərz edirəm, düşmən döyüş meydanında yüzlərlə meyit qoyub Sincanlı Ovasına doğru qaçmaqdadır.

Bəli, komandirin intiharından 45 dəqiqə sonra, göz qırpmadan ölümə doğru atılan 57-ci diviziyanın igid əsgərləri Çiyiltəpəni düşməndən alırlar. Baş Komandana verdiyi sözə cəmi 45 dəqiqə gec əməl edildiyi səbəbindən canından keçə biləcək qədər şərəfli zabit Albay Reşat Bəy milləti öz ailəsi, Vətəni öz ocağı sayan qurd ürəkli bu qəhrəman idi. O bütün əvvəlki xidmətlərini yetərli saymayıb, verdiyi sözü vaxtında yerinə yetirə bilmədiyi üçün özünü cəzalandırmışdı…

Atatürk o şərəfli komandirini heç vaxt unutmadı. Ölümündən sonra onu İstiqlal Ordeni ilə təltif etdi. Reşat Bəyin xatirəsinə sayğı əlaməti olaraq ailəsinə rəsmən “Çiyiltəpə” soyadını verdi. Həmin döyüş  bölgəsində Vətən uğrunda canından keçən bütün şəhidlər “Albay Reşat Çiyiltəpə Şəhidliyi”ndə məzara gömüldü… Ruhları şad olsun!

***

Şərəf deyilən anlayış budur! Və dünyada azmı belə səssiz şərəf, qürur, cəsarət nümunələri var?! O uca hisslər nə vəzifəyə bağlıdır, nə rütbəyə, nə vara-pula. Ən sadə bir insanın daxilində yaşatdığı uca dəyərlər – vəzifəli, pullu, varlı adamda olmaya bilər. Qarabağ uğrunda 44 günlük Vətən Müharibəsi zamanı biz dəfələrlə bunun şahidi olduq. Ali Baş Komandandan sıravi əsgərə qədər, nazirdən bağbana qədər neçə-neçə insanımız qürurverici mənəvi ucalıq nümunələri sərgilədi o Zəfər günlərində!  

Belə insanlardan biri də Şəkinin Baş Küngüt kənd sakini Hikmət Məhərrəm oğlu Musayev idi. O Hikmət kişi ki, müharibə vaxtı öz pensiyasından qəpik-qəpik topladığı 180 manat pulu aparıb Silahlı Qüvvələrə Yardım Fonduna bağışlamışdı, yadınızdadırmı?!

“Hər pensiya alanda az-az yığırdım, kənara 2-3 manat atırdım, – dedi o Kişi. – Televizorda cəbhə ilə bağlı görüntüləri, əsgərləri gördüm. Dayana bilmədim, dedim, yaşım o yaş deyil ki, cəbhəyə gedəm. Düşündüm ki, cəbhəyə yardım edim. Yığdığım pulu götürüb apardım, cəbhədəki əsgərlərə yardım etdim… Bu, lazımlı işdir. Niyə bizim uşaqlar erməni tapdağı altında qalsınlar ki? Burada təəccüblü heç nə yoxdur. Borcumdur, ürəyimdən gəlib, eləmişəm. “

Hikmət kişi ayaqqabısının yırtıq olmasına rəğmən orduya ianə etməsinə təəccüblənən müxbirə belə cavab vermişdi: “…İndi ayaqqabı almağın vaxtı deyil. Əsgərlərimizi düşünmək lazımdır. Canınız sağ olsun, belə şeylərə fikir verməyin… Allah əsgərlərimizi qorusun. Prezidentimizi qorusun. Türkiyəyə də Azərbaycana dəstək verdiyi üçün təşəkkür edirəm.”

***

Var-dövlətə, qızıla-pula, vəzifəyə həris görməmişlərin müasir bazar zəmanəsində “köhnəlmiş”, “arxaik”  sayaraq arxivə vermək istədikləri uca hisslərlə, ali duyğularla yaşayan insanlar belə olur! Hansı  daha şərəflidir: Prezidentin etimadından sui-istifadə edib rüşvətə, cinayətə, haram qazanca tamah salan, hətta əsgərə çatacaq yeməyi, içməyi, siqareti belə oğurlayıb özünə milyonlar yığan cılız mahiyyət daşıyıcısı… Yoxsa cırıq ayaqqabı ilə gəzsə də, son qəpiyini toplayıb cəbhədəki əsgərə yardım edən 71 yaşlı sadə kənd kişisi?! Harda ləyaqət hissi daha yüksəkdir: bəzənib-düzənib dövlətin rahat kabinetində əyləşərək, acgözlüklə o dövlətin, xalqın milyonlarını mənimsəyən bir gerizəkalının mahiyyətində… Yoxsa öz əlləri ilə çay daşlarından tikdiyi kasıb daxmada yaşayaraq, ruzisini halal zəhmətlə qazanan, doyunca  yeməyi-geyməyi olmasa belə, – “Yavan çörək də yeyib yaşamaq olar, cırıq ayaqqabı da geymək olar, təki torpaqlarımız azad olsun…” – deyən dərin zəkalı bir kənd kişisinin işıqlı qəlbində?!

Hansı ürək daha cəsurdur?

Hansı mənəviyyat qürurludur?

Hansına xalq rəğbət bəsləyib mərd Kişi deyər?…

İnsanlıq nümunəsinə dair belə ritorik suallar çoxdur. Ancaq cavab əlbəttə, birmənalıdır!  

Çünki düzlük, dürüstlük, əxlaq, şərəf, ləyaqət, qeyrət, mərdlik, sədaqət kimi ali insani dəyərləri  müasir dövrdə “köhnəlmiş”, “arxaik” sayan harın görməmişlər də bilsin ki, nə qədər insanlıq var, o ali dəyərlər hər zaman aktual olaraq qalacaqdır!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*