Şimali İraq və Suriyada PKK ilə 13 il döyüşən “Baver” ləqəbli terrorçu T.G. Türkiyə təhlükəsizlik qüvvələrinə təslim olub.
KONKRET.az xəbər verir ki, yerli media onun müstəntiqlərə ifadəsinin təfərrüatlarını yayıb.
Keçmiş PKK döyüşçüsü iddia edir ki, Türkiyə ordusu 2018-ci ildə Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı həyata keçirərkən Rusiya ordusu kürdləri silah və sursatla təmin edib.
“Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatına başlayanda PKK-nın Şimali İraqdakı yüksək rütbəli komandiri Mahmut Reş ləqəbli şəxs mənə zəng edərək türklər Hələb-Afrin yoluna girərsə, mühasirəyə alınaraq öldürüləcəyimizi dedi. O, mənə tapşırdı ki, 30 silahlı adam götürüb bu yolun təhlükəsizliyini təmin edim. Mən dəfələrlə yolda növbəyə dayanan rus əsgərlərinin yük maşınlarında YPG bölmələrinə silah və sursat daşıdığını görmüşəm. Bu silahlar Türkiyə ordusuna qarşı döyüşlərdə istifadə olunub”, – təslim olan PKK-lı istintaqa bildirib.
Baver bildirib ki, Suriyada PKK/YPG qüvvələrinin nəzdində xüsusi komando birliyi yaradılıb: Amerika əsgərləri onu öyrədib və aylıq maaşla təmin ediblər. Yaraqlının sözlərinə görə, YPG həm amerikalılardan, həm də ruslardan silah alıb.
Suriyadakı bəzi döyüşlərdən sonra “Baver” ləqəbli terrorçu İraqa qayıdıb və burada kürd peşmərgə qruplarına təslim olub. Onlar da öz növbəsində onu Türkiyə təhlükəsizlik qüvvələrinə təhvil veriblər.
Burhan,
KONKRET.az