Bölgə xalqı Azərbaycan Respublikasının zəfərlərinin davamını və Azərbaycan ordusunun Dağlıq Qarabağın mərkəzi Xankəndiyə daxil olmasını gözləyərkən, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında atəşkəs razılaşmasının imzalanması Dağlıq Qarabağ münaqişəsinin həllinə şübhə kölgəsi salıb.
Rusiyanın vasitəçiliyi Ermənistan ordusunu və qondarma respublikanı xilas edib, Dağlıq Qarabağın Azərbaycanın ixtiyarına keçməsi və ərazi bütövlüyünün tamamlanmasının qarşısını alıb.
Atəşkəs razılaşmasına görə, Rusiya ordusu 27 ildən sonra yenidən, sülhməramlı qüvvə kimi, Azərbaycana daxil olub və bundan sonra Bakı Dağlıq Qarabağın azad edilməsi üçün erməni işğalçıları ilə deyil, Rusiya ilə qarşılaşacaq.
Bir çox azərbaycanlı, Rusiya ordusunun Dağlıq Qarabağda olmasına dəfələrlə qarşı çıxan İlham Əliyevin Moskvaya təslim olmayaraq, Dağlıq Qarabağın azad edilməsinə doğru irəliləyə biləcəyinə inanır.
Ümumiyyətlə, Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli razılaşmanın həyata keçirilməsində tədricən özünü göstərəcək ciddi anlaşılmazlıqlar var. Bu qeyri-müəyyənliklərdən bəziləri:
– Ermənistan silahlı qüvvələri işğal olunmuş Ağdam və Kəlbəcər rayonlarını, müvafiq olaraq, 15 və 20 noyabr, Laçın rayonunu isə dekabrın 1-dək qədər tərk edəcəklər. Bu qüvvələr Xankəndi, Xocalı və Əsgəran şəhərlərində də mövcuddur və bu üç şəhərdən çəkilmə vaxtı müqavilədə göstərilməyib. Bu məsələ aydınlaşdırılana qədər barışıq üçün heç bir təminat yoxdur.
– Dağlıq Qarabağın hüquqi statusu müəmma ilə örtülüdür. Bu bölgədə Azərbaycan hökmranlıq edir, yoxsa “Qarabağın prezident”i? Həmin sahələr Azərbaycan qanunlarına uyğun və bu ölkənin bayrağı altında, yoxsa əvvəlki kimi idarə olunacaq? Ərazilərin əvvəlki “rəhbərliyi”nə qarşı çıxan və Dağlıq Qarabağı öz ərazisi hesab edən Azərbaycan Respublikası yenidən müharibəyə başlayacaqmı?
– Ermənilərin dəyişdirdiyi bu ərazilərin (Xankəndi, Xocalı, Ağdərə, Xacavənd, Hadrut) inzibati bölgüləri azərbaycanlıların rəyi ilə dəyişəcəkmi? Stepanakert (Xankəndi), Martuni (Xocavənd) və Mardakert (Ağdərə) kimi dəyişdirilən ərazilərin adı bundan sonra necə olacaq?
– Üçtərəfli razılaşmada “Laçın dəhlizi”nin sülhməramlılar tərəfindən qorunacağı bildirilir. Bu vəziyyətdə sərhəddə nəqliyyat terminalını Azərbaycan Respublikasının sərhədçiləri idarə edəcəkmi? Pasport və viza sənədləri hansı ölkənin qanunları ilə yoxlanılacaq? “Laçın dəhlizi”ndən insanların Azərbaycana qanunsuz girişinin qarşısı necə alınacaq? Azərbaycan suverenliyi həyata keçirəcəkmi? “Laçın dəhlizi”ndə və “təmas xətti”ndə yerləşdirilmiş rus sülhməramlıları suverenliyi həyata keçirə bilməyəcəklərmi, ümumən, vəziyyət necə olacaq?
– Bu ərazilərin erməni işğalından sonra didərgin düşmüş azəridilli sakinləri evlərinə necə qayıdacaqlar? Ermənistan tərəfindən işğal edildikdən sonra dünyanın müxtəlif yerlərindən Qarabağa köçürülən ermənilər Azərbaycan Respublikasının vətəndaşı sayılacaqmı və ya Qarabağı tərk etməlidirlər?
– Gömrük, bank, maliyyə və vergi qurumları, hüquq-mühafizə orqanları necə fəaliyyət göstərəcək? Dağlıq Qarabağın idarə olunması Azərbaycan qanunlarına uyğun həyata keçirilərsə, mərkəzlə münasibət və yerli məmurların təyinatı necə olacaq?
– Rusiya ordusu yalnız ermənilərin təhlükəsizliyini təmin edəcəkmi? Rusiyanın sülhməramlı qüvvələrin himayəsi altında onların Azərbaycana qayıdışı nə qədər davam edəcək? Rusiya, prinsipcə, Dağlıq Qarabağı Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi hesab edirmi?
– Dağlıq Qarabağ “Laçın dəhlizi” vasitəsi ilə Ermənistana bağlanacaq və razılaşdırıldığı təqdirdə, Naxçıvandan Ermənistan ərazisindən keçərək Azərbaycana bağlanacaq. Bu inkişaflar hansı dövlətin rəhbərliyi ilə baş verəcək?
Göründüyü kimi, Dağlıq Qarabağ qondarma hökumətin hakimiyyəti altında qalacaq və əvvəllər Ermənistanın nəzarətində olan saxta rejim indi Rusiyanın nəzarəti altında fəaliyyət göstərəcək.
Qafqazşünaslar bu razılaşmanın Azərbaycan Respublikası xalqının iradəsini, yəni ölkənin ərazi bütövlüyünün tam bərpasını nəzərə almadığını və buna görə də, bu ölkə xalqının Dağlıq Qarabağın Azərbaycan Respublikasına birləşdirilməsinə dair tələbinin icrasız qalacağına inanırlar.
Atəşkəs razılaşmasının davamlı sülhlə nəticələnəcəyi ilə bağlı da qeyri-müəyyənlik var və Rusiya qüvvələrinin sülhməramlı kimi yerləşdirilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi ehtimalı yoxdur.
Eyni zamanda, Ermənistanla Türkiyə və Azərbaycan arasında uzun müddətdir davam edən və institusionallaşmış fikir ayrılıqlarına görə, Naxçıvanın Ermənistan ərazisindən Azərbaycan Respublikasına “birləşdirilməsi” kimi müqavilənin bəzi müddəalarının həyata keçirilməsinin mümkünlüyü az ehtimal olunandır.
Söz düşmüşkən, bəzi qeyri-real və yalan məlumatlar, kiber məkanda saxta xəritələrin dərc edilməsi İranın coğrafi sərhədlərinin dəyişdirilməsi və ya İranın Ermənistanla sərhədini itirməsi məsələsini gündəmə gətirib. Arazın şimalında Naxçıvan-Ermənistan-Azərbaycan tranzit marşrutunun inşası, həyata keçiriləcəyi təqdirdə, İran sərhədləri ilə heç bir əlaqəsi yoxdur və beynəlxalq səviyyədə tanınmış sərhədlər dəyişməyəcək.
Son 45 günlük müharibə Azərbaycan Respublikasının işğal olunmuş 7 rayonunun azad edilməsinə səbəb olub və bu ölkənin xalqına xoşbəxtlik gətirib, lakin Dağlıq Qarabağın azad edilməməsi bu coşqunu aramlaşdırıb.
Azərbaycanın bütün ərazilərinin işğalına son qoymaqla və bu ölkənin ərazi bütövlüyünü qorumaqla, bölgədə ədalətli və davamlı sülh yaradılacaq. Rus sülhməramlılarının mövcudluğu, belə bir vəziyyət yarada bilərsə, bölgədə sülh və sabitliyə səbəb olacaq, əks halda, bu münaqişənin həllinin mürəkkəbliyi artacaq.
Möhsün Pakayin
“Xəbər onlayn”, 15.11.2020
Tərcümə:Strateq.az