Keçmişdə “talaq, talaq, talaq” deyərdilər, iş bitərdi, indi boşanma daha asan olubbackend

Keçmişdə “talaq, talaq, talaq” deyərdilər, iş bitərdi, indi boşanma daha asan olub

Dövlət Statistika Komitəsinin demoqrafik vəziyyətlə bağlı yaydığı hesabatda müdhiş bir göstərici var. Bu, son beş ayda ölkədə 23 min 684 ailənin qurulduğunu, 7 min 82 ailənin dağıldığına dair statistik məlumatdır.

Yeni qurulan 23 684 ailənin mövcudluğu heç kəsi narahat etmir, insanları qayğılandıran 7 min 82 dağılmış ailəyə dair göstəricidir.
Təbii ki, bu, böyük rəqəmdir, az qala hər qurulan üç ailədən birinin dağılması deməkdir.

Ölkəmizdə elə onilliklər olub ki, bu qədər ailə dağılması qeydə alınmayıb. Hətta ötən əsrin iqtisadi baxımdan ən ağır, ağrılı, sıxıntılı keçən 90-cı illərində belə bu ilin beş ayı ərzində boşananlar qədər boşanma halı olmayıb.

Bu, bir tərəfdən onu göstərir ki, boşanmaların sayının artması heç də sırf iqtisadi səbəblərlə bağlı deyil. Elə olsaydı, 20 il öncə boşananlar daha çox olardı. Bir tərəfdən də aydın olur ki, dolanışıq, gün-güzəran sıxıntıları ailələrin dağılmasında yenə də başlıca rol oynayır.

Görünür, 90-cı illərin güzəran standartları ilə indiki standartlar eyni deyil. O vaxtlar cütlüklər aza qane olub ailələrini qoruyurdularsa, indi orta dolanışıqlı ailələr də daha firavan yaşamadıqları üçün bir-birini suçlayır və ayrılırlar. 90-cı illərin təfəkkür tərziylə indiki də eyni deyil.

“Bir-birini suçlayır” deyərkən, birada qarşı cinslər arasında süni bərabərlik işarəsi qoymuş oluruq. Əslində sırf güzəran üzündən baş verən boşanmalarda hücumçu tərəf əksəriyyət etibarilə qadınlar olur. Məhz onlar “daha yaxşı həyata layiq olduqları”nı iddia edir və məhkəmələrə boşanmaya dair ərizələr verirlər.

Ümumiyyətlə isə, bu kütləviləşən boşanma təmayül təkcə bizim ölkəmizdə deyil, başqa ölkələrdə də müşahidə olunur. Bir neçə gün öncə qatı müsəlman ölkəsi olan BƏƏ-dən gələn xəbərdə bildirilirdi ki, son illər bu ölkədə qurulan ailələrin 30 faizi dağılır.

Image result for boşanma

Bu baxımdan Almaniyada, Fransada, İngiltərədə qurulan ailələrin sonradan dağılması faizinə diqqət yetirsək, orada bizimkindən daha çox boşanma aktının qeydə alındığını görərik.

Adı çəkilən ölkələrdə isə əhalinin rifah halı çox yüksəkdir və bir-birilə evlənən cütlüklər yalnız öz güzəranlarını tam təmin etdikdən sonra nikah müqaviləsi bağlayırlar.

Əgər bu və ya digər ölkədə boşanma faizi bizdən daha aşağıdırsa, nəticə çıxamağa tələsməyək. Çünki bir çox ölkələrdə insanlar ailə qurur, birlikdə yaşayır, amma onu sənədləşdirmirlər, “vətəndaş nikahı” adlandırdıqları ailə rejimində yaşayırlar. Kağız üzərində qurulmayan ailələrin statistikası olmadığı kimi, bu cür ailələrin dağılması, cütlüklərin ayrılması statistikası da hər hansı bir sənəddə əks olunmur.

Anlaşılan budur ki, keçmişdə kişilər üç dəfə “talaq” deyəndən sonra arvadlarını boşamış olurdusa və bu, çox asan başa gələn prosedur idisə, indi insanlar çətin prosedurlara məruz qalsalar da, daha asan boşanırlar.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*